İlk azərbaycanlı rektorunun barelyefi açıldı

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində universitetin ilk azərbaycanlı rektoru, görkəmli ictimai xadim və yazıçı Tağı Şahbazi Simurğun yaşadığı evin qarşısında xatirə barelyefinin açılış mərasimi keçirilib. "Olaylar" bildirir ki, tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov açılış mərasiminin ali təhsil ocağı üçün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, 1892-ci ildə anadan olan T.Şahbazi Bakıda birinci rus-tatar realnı məktəbində, sonra isə Xarkov Universitetinin fizika və riyaziyyat fakültəsinin tibb şöbəsində təhsil alıb. 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin rektoru, 1930-1937-ci illərdə Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışıb. Abel Məhərrəmovun sözlərinə görə, BDU-nun ilk azərbaycanlı rektoru kimi Tağı Şahbazi universitetə rəhbərlik etdiyi 3 il ərzində çox böyük işlər görüb. Belə ki, milli dildə dərslər çoxalıb, Vətən tarixi tədris olunmağa başlayıb, milli kadrlar və tələbələrin sayı surətlə artıb. Tağı Şahbazi universitetin dörd rektorundan biri kimi repressiyalara məruz qalıb, "millətçi" damğası ilə güllələnib.
Professor Cahangir Məmmədli və T. Şahbazinin ailəsi adından çıxış edən Suğra Rzayeva tədbirin əhəmiyyətindən danışıb, görkəmli ədib və ictimai xadimin xatirəsinə göstərdiyi diqqətə görə Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivinə təşəkkürlərini bildiriblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR