“Azərbaycanda dini plüralizm sahəsindəki vəziyyəti qənaətbəxş hesab edirəm”

Aysel Vəlizadə: "Toleratlıq və dini plüralizmin təmin olunması istiqamətində cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl siyasətlə bu prinsiplərin daha da möhkəmləndiyinin şahidi oluruq"

Ölkədə mövcud olan dini plüralizm, tolerantlıq mühiti, digər dinlərin nümayəndələrinə Azərbaycanda yaradılan normal şəraitlə bağlı Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini Aysel Vəlizadənin "OLAYLAR"-a müsahibəsi

-Aysel xanım, bir qayda olaraq demokratik cəmiyyətlərin əsas göstəricilərindən biri də ölkədə plüralizmin təmin olunmasıdır. Bu baxımdan Azərbaycanda dini plüralizmin durumunu necə dəyərləndirərdiniz və bu necə təmin edilir?

-Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, bir çox dinə etiqad edən insanların yaşadığı bir məkan kimi tanınıb. Eyni zamanda dini zəmində hər hansı bir ayrı-seçkiliyin, münaqişənin, hətta məzhəb ayrı-seçkiliyinə dayanan münaqişənin belə qeydə alınmadığı da tarixi faktdır. Bildiyimiz kimi Azərbaycan qərbin və şərqin, daha dəqiq sivilizasiyaların  qovuşduğu məkandır. Həm coğrafi mövqeyi, həm də müxtəlif dinlərin, baxışların qarşılıqlı anlaşma şəraitində yaşaması amili Azərbaycanı İpək yolu kimi ticarət yollarının keçdiyi əlverişli məkana çevirmişdir. Bu isə Azərbaycanda iqtisadi, texnoloji inkişafın yaxşılaşması ilə yanaşı xalqımızın bu ticarət yollarından istifadə edən müxtəlif mədəniyyətlərlə əlaqələr qurmasına xidmət etmiş, dünyanı, dünyada baş verən proseslər, dünya xalqlarının adət-ənənələri, inancları ilə daha yaxından tanış olmasında mühüm rol oynamışdır. Bura qədər qeyd etdiyim amillərlə yanaşı, Azərbaycan tarixinin təxminən son 1300 ilininİslam dini ilə bağlı olmasını da nəzərə almalıyıq. Toleratlıq və dini plüralizm xalqımızın milli xüsusiyyəti kimi ortaya çıxmasında əsas amillərdən biri də bizim İslam dininə inancımız olmuşdur. Tarixdən də məlumdur ki, islam dini yayıldığı ərazilərdə digər dinlərin varlığına şərait yaratmış, etiqad azadlığı təmin olunmuş, dini məbədlər qoruma altna alınmışdır. Bütün bunların vəhdəti birgəyaşayış normalarını, dözümlülük, həmçinin dini plüralizm ənənələrini bir miras kimi bu gün müasir Azərbaycan cəmiyyətinə töhfə vermişdir. Bu gün toleratlıq və dini plüralizmin təmin olunması istiqamətində cənabPrezident İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl siyasətlə bu prinsiplərin daha da möhkəmləndiyinin şahidi oluruq. Bu yoldan heç vaxt dönməyəcəyimizə dair bizdə əminlik yaradır. Azərbaycandakı bugünkü siyasi iradə demokratiyanın bu prinsiplərini, dini plüralizmi təmin etməklə yanaşı din sahəsinə qayğı və dəstək göstərir. Bu gün demokratik bir ölkə kimi Konstitusiyamızda hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi müəyyən edilib.  Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı anlaşma, hörmət, sülh şəraitində birgə yaşayır, hətta Milli Məclisdə, ölkənin idarəetməsində təmsil olunurlar və dövlətçiliyimizin möhkəmlənməsində öz töhfələrini verirlər.

-Azərbaycanda dini plüralizmin təmin olunduğunu hansı faktlarla əsaslandırmaq olar?

-Ölkəmizdə dini plüralizmi ölkə rəhbərliyi daim diqqətdə saxlayır. Göstərilən bu diqqəti və dini plüralizmin təmin olunduğunu aşağıdakı faktlarla əsaslandırmaq olar: yenicə təmir olunmuş, yaxud tikilmiş və tam sərbəst fəaliyyət göstərən məscidlər, kilsələr, sinaqoqlar, oraya ibadətə gələn insanlar və həyata keçirilən dini ayinlər. Həmin dini ibadət mərkəzlərinin kommunal xərclərini də dövlət qarşılayır. Üstəlik, hər kəsə məlumdur ki, ölkəmizdə vicdan azadlığının, plüralizmin, tolerantlığın qarantı olan cənab Prezident İlham Əliyev hər il olduğu kimi, bu il də Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalamışdır. Həmin Sərəncamla İslam ölkəsi hesab olunan Azərbaycan dövləti islami dini qurumlarla yanaşı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakı şəhəri Dağ yəhudiləri dini icması, Avropa yəhudilərinin Bakı dini icması, Katolik kilsəsinin respublikamızdakı Apostol Prefekturası və Azərbaycanda qədim Albaniya dövründən mövcud olan Alban-Udi Xristian dini icmasına da yardım göstərmişdir. Bütün bunlarla yanaşı inancına uyğun olaraq geyim üslubu seçməkdə də heç kəsə heç bir məhdudiyyət yoxdur, buna hər addımda şahid oluruq. Hansı ki, bir çox Avropa ölkəsində ictimai yerlərdə inancına uyğun geyim qadağan olunmuş və bu qadağanı pozanlar sərt şəkildə ağır cərimələr ilə cəzalandırılırlar. Təkcə bu faktlar Azərbaycanda dini plüralizmin təmin olunduğunu sübut etməyə kifayət edər məncə.

-Digər ölkələrlə müqayisədə ölkəmizdə bu sahədə vəziyyət qənaətbəxş sayıla bilərmi?

-Ötən və hal-hazırda yaşadığımız əsr müxtəlif əqidələrin, ideologiyaların önə çıxdığı, yer dəyişdiyi dövr olmuşdur. Bunlardan bəzilərinin təsiri Azərbaycandan da yan keçməmişdir. Məsələn, keçən əsrin əvvəllərində ortaya çıxmış əsasında ateizm, kommunizm ideologiyalar ıdayanmış sovet rejiminin işğalı Azərbaycanda qədim tarixdən bəri mövcud olan dini plüralizmi boğdu. İslama mənsubluğunu bayrağında əks etdirmiş və vaxtilə dini plüralizmi tam təmin etmiş demokratik Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyan sovet rejiminin işğalı ilə onu təmsil edən bolşeviklərin dinə qarşı mübarizəsi başladı. İlk növbədə "Allahsızlar Cəmiyyətləri" quraraq dinə "feodal sinfinin ideologiyası" adı qoyub insanların etiqad azadlığını zorla əlindən alır, ibadət yerləri dağıdılır, ən yaxşı halda təyinatı dəyişdirilirdi. Özü də bu irtica tək İslam dininə deyil, digər dinlərə qarşı da aparılmışdır. Məsələn, müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən Bibiheybət məscidi ilə yanaşı "Qızıllı kilsə" adı ilə məşhur olmuş Bakıdakı provoslav Aleksandr Nevski kilsəsi və polyak katolik kilsəsi vəhşicəsinə dağıdıldı. 1937-ci il repressiyalarında bir çox tanınmış din xadimi, o cümlədən Quranı Azərbaycan dilinə ilk tərcümə etmiş Mir Məhəmməd Kərim Ağa repressiyaya məruz qaldı. Bakı qazısı olan 83 yaşlı Mir Məhəmməd Kərimağa Nargin adasında güllələndi. Onu da qeyd edim ki, kommunist rejim dinlə paralel olaraq digər milli-mənəvi dəyərlərlə də mübarizə aparırdı. Bu proses ateist rejim olan SSRİ dağılana qədər uzun müddətə davam etdi. Kommunizm çökəndən sonra müstəqillik qazanan Azərbaycan yenidən demokratiya yolunu tutdu və dini plüralizm tam təmin olundu. Belə bir çətin yollardan keçmiş Azərbaycan qısa vaxtda dünyada dini müxtəlifliyin, bu müxtəlifliyin fonunda dini plüralizmin qorunduğu bir dövlət kimi qəbul olundu. Bu xalqımızın nailiyyəti və dəyəridir, hansı ki, Azərbaycanı digər dövlətlərdən fərqləndirən əsas amillərdən birinə çevrilmişdir. Yuxarıda gətirdiyim faktlara və fikirlərə əsaslanaraq tam əminlikdə Azərbaycanda dini plüralizm sahəsindəki vəziyyəti qənaətbəxş hesab edirəm.

-Bu gün Azərbaycanda keçirilən çoxsaylı mədəni, dini tədbirlər dini plüralizmin göstərici sayıla bilərmi?

-Etiqad azadlığının təmin olunduğu Azərbaycan cəmiyyətində ayrı-ayrı dinlər və inanclar arasında qarşılıqlı etimad və hörmət mövcuddur. Ölkə rəhbərliyi də etiqad azadlığının təmin olunması üçün hər şeyi edir. İftar mərasimləri, məscidlərimizdə aşura mərasimləri kimi dini tədbirlər inanclılar tərəfindən heç bir maneçilik olmadan həyata keçirilir, cümə namazları qılınır, Ramazan ayında əhya gecələri təşkil edilir. Bütün bunlarla yanaşı Azərbaycan son dövrlər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edərək onların yüksək səviyyədə keçirilməsini təmin etmişdir. Bu il keçirililmiş İslam Həmrəyliyi Oyunları buna bariz misaldır. Bu Oyunlar bir idman tədbiri olmaqla yanaşı həm mədəni, həm də dini plüralizmin təmin olunmasına nümunə sayıla biləcək tədbir olmuşdur. Fikrimi belə izah edim. Bu gün məzhəb fərqliliyi İslam dünyasının acı reallığıdır. Halbuki, İslam dünyasındakı fərqliliklər bir zənginlik kimi görülməli, bunlar çəkişmələrə gətirib çıxarmamalıdır. Cəmiyyətdə dini plüralizmi təmin etmiş Azərbaycan qısa müddət olsa belə, yarışların keçirildiyi 10 gün ərzində, 54 İslam ölkəsini, onları təmsil edən idmançıları və nümayəndə heyətlərini, bir araya gətirdi. Təbii ki, onların arasında müxtəlif məzhəbləri təmsil edənlər də olmuşdur. Azərbaycanın ev sahibliyi etdiyi bu idman tədbiri bu baxımdan dini plüralizmin bir nümunəsi kimi dünyaya örnək oldu. Üstəlik, Azərbaycan bu yarışların keçirildiyi 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməklə müsəlmanlar arasında həmrəyliyin, qardaşlığın və birlik hissinin böyük nemət olduğunu, bunun güclənməyimizə səbəb ola biləcəyinə dair İslam aləminə aydın mesaj verdi. Bu həmrəyliyin isə əsas amillərindən biri də plüralizmin təmin olunmasıdır. Məncə digər İslam dövlətləri də öz cəmiyyətlərində tolerantlığın, həmçinin dini plüralizmin təmin olunması üçün Azərbaycan təcrübəsini bir nümunə kimi götürərək tətbiq etsələr böyük nailiyyətlərə imza atmış olarlar.

-Bütün bunlar həm də Azərbaycanın multikultural bir ölkə olduğu demək deyilmi?

-Dini plüralizmin varlığı, qorunması və onun inkisafına təminat verilməsi multikulturalist cəmiyyətin qurulması ilə mümkündür. Azərbaycan müstəqillik qazadıqdan qısa müddət sonra dünyada tolerantlığın, mədəni, dini müxtəlifliyin və bu müxtəlifliyin fonunda dini plüralizmin qorunduğu multikultural bir dövlət kimi qəbul olundu. Bu gün İslam dəyərlərinə sıx bağlı olan ölkəmiz təkcə İslam dünyasında deyil, ümumiyyətlə dünya miqyasında mültikulturalizm ənənələri ilə özünəməxsus yer tutmuşdur. Ölkəmiz konkret olaraq multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Hər birimiz bunu milli dövlətçiliyimizin böyük uğuru kimi qiymətləndirməliyik, qorumalıyıq və gələcək nəsillərə ötürməliyik.

-Ümumiyyətlə, Azərbaycan multikulturalizm ənənələrinə görə, nümunə ölkə rolunu oynaya bilərmi?

-Cəmiyyətimizin bir ənənəsi kimi qəbul olunan multikulturalizm ənənəsi ölkəmizi bütün dünyaya bir nümunə kimi təqdim edir. Ölkəmiz nümunə ölkə rolunu oynayır. Fikrimi eyni zamanda bununla da əsaslandırıram: müxtəlif millətlərin nümayəndəsi Azərbaycanda özünü doğma hesab edə bilirsə, müxtəlif dinlər arasındakı münasibətlər ən yüksək səviyyədə tənzimlənirsə, bunu dünya ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar etiraf edirsə artıq dünyaya multikulturalizmin mütərəqqi modelini təqdim etmişik.  Bu gün bir çox ölkədə multikulturazlimin böhranı, onun doğurduğu islamofob və ksenofob meyillərin güclənməsi müşahidə edilir. Azərbaycan modelinin öyrənilməsi həmin ölkələrin bu böhrandan çıxmasına yardım edər, birgəyaşayış normaları ehtiva edən cəmiyyətin formalaşdırılmasında mühüm rol oynayar. İlk növədə bu modeli dünyaya daha geniş tanıtmaq lazımdır. Məhz bu prizmadan çıxış edrək keçən 2016-cı il Respublikamızda "Multikulturalizm ili" elan olunmuşdur. Məlum olduğu kimi, ölkə rəhbərinin imzaladığı "Multikulturalizm ili"nin elan olunmasına dair Sərəncamın əsas məqsədlərindən biri də multikulturalizm ənənələrimizin dünyada geniş təbliğinin aparılması idi. Bu iş bu gündə davam etdirilir və dövlət səviyyəsində ən müxtəlif tədbirlər keçirilir. Təbii ki, bir vətəndaş kimi bu modelin dünyaya çatdırılmasında iştirak etmək vacibdir. Bununla yanaşı hesab edirəm ki, daha geniş auditoriyanı əhatə etmək QHT-lər, ictimai birliklər vasitəsilə mümkündür.

-Bəs ölkədəki plüralizmdən, multikultural ənənələrdən sui-istifadə hallarına yol verilirmi?

-Müşahidələrim bunu deməyə əsas verir ki, bu əlverişli şəraitdən sui-istifadə edənlər olur. Bu şəxslərin etdikləri təbii ki, özlərinə xoş görünə bilər. Bir vətəndaş kimi vəzifəmiz bu hərəkətlərə qarşı dərhal reaksiya vermək, müxtəlif KİV vasitələri ilə bu əməllərin yanlış olduğunu diqqətə çatdırmaqdır. Bununla da kifayətlənməyərək demokratik, o cümlədən plüralist və multikultural ənənələrin vətəndaş cəmiyyətinin əsas prinsiplərindən olduğuna dair mütəmadi olaraq maarifləndirmə işi aparılmalıdır. Bu prinsiplərin əhəmiyyətindən danışılaraq, onların dövlətin davamlı inkişafı və güclənməsində əvəzsiz rol oynadığı vurğulanmalı və bu prinsiplərdən sui-istifadə edilməsinin yolverilməz olduğuna dair geniş və əsaslı izahlar verilməlidir. Bununla plüralizmdən, multikultural ənənələrdən sui-istifadə hallarının qarşısının əhəmiyyətli dərəcədə alıncağını düşünürəm.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR