Müstəqil mətbuat ölkəsinə məkrli davranan dövlətlərə qarşı ən kəskin silahdır

Ceyhun Musaoğlu: "Nə xoşbəxtik ki, Azərbaycanın belə bir silahı var" 

142 illik inkişaf yolu keçən Azərbaycan  mətbuatı zamanla müəyyən maneələrə qarşılaşdığı heç kimə sirr deyil. Müstəqillik illərində yenidən surətli inkişaf yoluna qədəm qoyan mətbuatımız bu gün bütün çətinliklərini geridə qoyub.

Mətbuatımızın 142 illik inkişaf yolundan başlayaraq, bu gününə qədər ki, uğurlarını Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu ilə birgə nəzər salmağa çalışdıq.  

- 142 illik Azərbaycan mətbuatının inkişaf yolunu necə dəyərləndirirsiniz?

- Bir əsr yarımdır yol gələn Azərbaycan mətbuatı demək olar bütün tərəfləri ilə araşdırma mövzusu olub, bu barədə xeyli əsərlər yazılıb. Təbii ki, deyəcəklərim təkrar olacaq və çox güman araşdırmaların mindən birini əhatə etməyəcəm. Mətbuatın yaranmasında rolu olan nəhəng insanların xərclədikləri enerji itmədi. Çüniki onlar bu energidən düzgün istifadə etmişdilər. Nüfuzlarını, pullarını, ziyalılıqlarını merkantil maraqlara deyil, məhz dövlətin, xalqın varlığını sübut edən müstəqil mətbuatın yaradılmasına xərclədilər. O nəhəng kişilərin hamısı bu yolda min bir zülm çəkdilər, amma gələcəyə yönəlik mübarək missiyalarından əl çəkmədilər. Belə olan təqdirdə müasir jurnalistika genetik ənənəni itirə bilməzdi və itirmədi də. Bu gün Azərbaycanda xeyli sayda mətbu orqan var və onların arasında ictimai fikrə təsir edən onlarla mətbu orqanın adını çəkə bilərik. Müstəqil mətbuatı olan dövlət ona qarşı məkrli olan ölkələrin qarşısında ən kəskin silahdır. Nə xoşbəxtik ki, Azərbaycanın belə bir silahı var.

- Azərbaycan milli mətbuatı milli və dövlət maraqlarının qorunması sahəsində üzərinə düşən vəzifəni nə dərəcədə icra edir?

- Arada bəzi xırda çatışmazlıqları nəzərə almasaq, Azərbaycan mətbuatı milli-mənəvi-dövləti dəyərlərin qorunmasında ortaya ciddi səy qoya bilir. Aprel döyüşlərində mətbuatın informasiyanı birgə emal etməsi və düşmən təxribatlarına uymaması bunun bariz nümunəsidir. Yaxud Türkiyə yaşanan dövlət çevrilişinə cəhd hadisələrinin Azərbaycan mətbuatında kəskin qınanılması məhz dövlətin yürütdüyü dostluq, qardaşlıq siyasətinə dəstək idi. Belə misalların sayını çoxaltmaq olaq. Bir çatışmazlığımız var ki, bəzən şou tipli xəbərlərə geniş meydan veriririk, hətta kriminal xəbərlərə də şou elementləri qatırıq. Bu yanaşmamız bəlkə də özümüz bilmədən cəmiyyətin mənəvi deqradasiyasına təkan verir. Artıq ölüm, intihar, zorlama hadisələri insanların gözündə adiləşir. Mətbaut bu tipli xəbərlərə çox yer verir. Statistika göstərir ki, kriminal xəbərlərin dominantlığı intiharların, qətillərin sayını çoxaldıb. Məncə mətbuat "reklam şirkətləri görsün ki, məni çox oxuyurlar" hərisliyinə son qoymalı, iki reklama görə, cəmiyyətin mənəvi cəhətdən uçuruma getməsində dəstəkçi olmamalıdır. Jurnalist cəmiyyətin sanitarıdır. Biz yazanda gələcəyi nəzərə almalı, yeni nəslin düzgün formalaşmasının qayğısına qalmalıyıq.

- Bugünkü mətbuatın imkanları daha genişdi. İnformasiya bir anın içində emal olunur. Bu konteksdə Azərbaycan mətbuatının davranışını necə qiymətləndirirsiniz?

- Məncə xəbərçilik prinsipində sistem dağılıb. Peşəkarlıq meyarlarının çatışmazlığı da xəbərin yazılması işinə naşılıqlar gətirib. Xəbərlərdə insanların aşağılanması prosesi gedir. Dəqiqləşdirmə məqsədi ilə informasiyanın ardınca gedən jurnalistlərin sayı durmadan azalır. Xəbəri bir dəfə veririk, onu təşkil edən mövzunun sonrakı taleyi ilə maraqlanmırıq. Bu gün mətbuatı informasiya ilə daha çox mətbuat xidmətləri təmin edir. Jurnalistlər redaksiyada oturub qurumlardan gələn məlumatları gözləyirlər. Təbii ki, qurumlar məlumatı özlərinə sərf edən şəkildə hazırlayacaqlar. Cəmiyyətdə əsasən də mənəvi baxımdan xeyli neqativ hadisələr yaşanır. Mətbuat bu hadisələrin kökünə varmaq istəmir. Bu günün mətbuatı daha çox xəbər yüklüdür. Təəssüf ki, xəbərin emalı prosesinə də naşı yanaşma sərgiləyirik. Müsahibə, reportaj, araşdırma, analiz sanki tarixin arxivinə atılıb. Yəqin keçid dövrüdür. Artıq ölkə başçısı da mətbuata şəxsən dəstəyini nümayiş etdirdi. Mətbuat işçiləri üçün nəzərdə tutulan ikinci binanın açılşında üzünü həmkarlarıma tutub "neqativləri yazın" dedi. Əminəm ki, bundan sonar da mətbuat daha aktiv olacaq, islahatların sürətlənməsində və dövlətə və onun rəhbərinə peşəkar yardım göstərəcək.

Acınacaqlısı odur ki, bizi peşəkarlığa - yazmağa, yaymağa, doğrunu aşkarlamağa yönələn çağırışa münasibətimiz müzakirələrə yol açdı. Jurnalstin ən böyük hədiyyəsi ölkə rəhbərinin "neqativləri yazın çağırşı olmalıydı. Biz ön plana məişəti çıxardıq. Əslində o da başadüşüləndir. Jurnalist məvaciblə ev ala bilmir və başqa yolla pul qazanmağı qeyri-məqbul, hətta cinayət əməli hesab edir. Belə olanda ona madiyyat sıxıntı yaradır. Ön plana madii asıllıq çıxanda jurnalistika axsamağa başlayır. Məhz bu üzdən Prezident İlham Əliyev təmənnasız bağışladığı mənzillərin sahiblərinə "neqativləri yazın" deməklə, jurnalistlərin sosial problemlərinin aradan qaldırılmasının dövlət proqramı olduğunu və proqramın tətbiqi nəticəsində jurnalistlərin azad düşüncəsinə zərrə də xələl gəlməyəcəyini bəyan etmiş oldu.

Cənab jurnalistlərin artıq mənzilləri var, ölkə başçısının göstərişi ilə həmkarlarıma hədiyyə olunan bina yeni nəsil optik şəbəkə avadanlığı olan GPON (Gigabit Passive Optical Network) əsasında genişzolaqlı multimedia xidmətləri ilə təmənnasız olaraq təchiz olunacaq. Bundan başqa, pulsuz olaraq hər bir mənzil üçün nömrə resursunun ayrılması da təmin ediləcək. Daha nə lazımdır: yazmaq, araşdırmaq, cəmiyyətin inkişafına dəstək olmaq.

- Elektron və sosial medianın mətbuatda yeri nə dərəcədədir?

- Elektron sosial medianın mətbuatada ciddi rolu var. Sadəcə biz sosial şəbəkələrdən düzgün istifadə edə bilmirik. Sosial şəbəkələr sadəcə mənbədir, həm də cəmi bir mənbə. Biz ilkin mənbədə yazılanı götürüb olduğu kimi dərc edirik. Tələskənlik və qeyri-peşəkarlıq nümayiş etdiririk. Avropa mətbuatı 4 mənbəyə istinad olunmayan yazını dərc etmir. Sosial şəbəkələr informasiya almaq, əlaqələr qurmaq baxımından əvəzsizdir, sadəcə biz bu məkandan təmbəlcəsinə istifadə edirik.

İnternet saylarını isə sosial şəbəkələrlə eyniləşdirmək olmaz. Hər bir KİV orqanının özünün siması olmalıdır. Xəbər vermək, hadisələri işıqlandırmaq funksiyadır, bunu hər bir KİV orqanı edir. Bəs onda niyə başqa KİV orqanı da var? Bu sualın yegan cavabı ortaya fərq qoymaqdır. Bizdə saytlar hətta dizayn quruluş baxımından bir-birinə bənzəyir. Hansı daha çox xəbər yönümlüdür, hansı analitika, hansı şou, hansı təbliğat, hansı siyasi əqidə - burada söhbət partiya mətbuatından gedir? İnternet mediada məsuliyyətsizlik xəbər yayılanda sonra onu dəyişdirməyin mümkünlüyüdür. Texniki tərəqqi mənəvi tənəzzül yaradıb. Qəzet yazdı, səhər nəşr olundu və yayıldı. Səhərdən gecə yarısına qədər redaksiya bu qəzeti zərrəbinlə yoxladı və satışa çıxartdı. Görün nə qədər məsuliyyətli işdir. Gərəkdir yazdığın hər sözə cavabdeh olasan, təqim etdiyin faktlara nəinki özün inanasan, özün əmin olasan.

- Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın üzərinə düşən öhdəliklər hansılardı?

- Mətbuatın üzərinə öhdəlik qoyulmaz. Mətbuatın öhdəliyi onun qəbul etdiyi qanunlar, əməl etdiyi beynəlxalq standartlar və təmsil etdiyi xalqın hədəfləridir. Müasir Amerika jurnalistkası 3-cü şərtin üstündən xətt çəkir və təlqin etməyə çalışır ki, bəs jurnalist hər şeyi yazmalıdır, hətta yazdıqları Vətənin, dövlətin, millətin əleyhinə olsa da. Bunu o Amerika deyir ki, mətbuatına ötürdüyü sifarişli yazı ilə - "İraqda nüvə silahı hazırlanır" məzmunlu yalanla əsgərini dinc, müstəqil ölkəyə yönəltdi və çevirilişə nail olaraq, İraqın Prezidentini asdı, bu cəlladlığı bütün dünyaya göstərdi. Sonra da həmin mətbu orqan üzr istəyərək bildirdi ki, səhv ediblər, İraqda nüvə silahı yoxdur. Jurnalistikaya bundan böyük rəzalət ola bilməz. Bax Azərbaycan mətbuatı bu faktı dünya ictimaiyyətinə lazımı məqamda çatdırmalıdır. İndi də Avropa standartlarında dəyişiklik edib təbliğat və əks təbliğat tipli yanaşmaların mətbuatda yasaq edilməsinə çalışırlar. Əlbəttə, təbliğat və əks təbliğat jurnalistikadan uzaq olmalıdır. Amma nə vaxt, hansı şəraitdə? Mənim Qarabağım işğaldadır. Necə ola bilər ki, bu həqiqəti dünyaya çatdıranda təbliğat aparmayım. Eləcə quru rəqəm və faktlarla 25 ildir deyirik, anlamırlar axı. Anlamayanda başlayır təbliğat, yəni anlatmaq. Azərbaycan mətbuatı xarici müdaxilələrə qarşı həmişə ayıq olmalı və ölkəsinin təbliğatından bir an da geri çəkilməməlidir.

- Söz azadlığı adından istifadə edərək cəmiyyətdə yanlış informasiya ötürənlərə qarşı hansı tədbirlərin görülməsinə ehtiyac var?

- Əgər bu informasiyanı ötürən jurnalistdirsə, ona qarşı hansısa inzibati tədbirlərin görülməsinin əleyhinəyəm. Jurnalistin senzoru onun vicdanı və peşakarlığı olmalıdır. Jurnalistikanın prinsipləri həm qanunlar, həm qaydalar, həm də ənənələrlə dəqiq müəyyənləşib. Bu prinsiplərdən çıxmadan elə gözəl fəaliyyət göstərmək olar ki... Ən yaxşısı odur ki, jurnalistlər ixtisaslaşsın və onlara treninqlər keçilsin. Treninqlərin dünyanın məşhur mətbuat orqanlarının redaktorları tərəfindən keçirilməsi əla olardı. Ancaq bizim müasir mətbuatımzın yaşı azdır. Əmin olun ki, illər keçdikcə indi danışdığımız problemlər arxada qalacaq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR