Züleyxa Nadir yazır... Cəhalət burulğanında  boğulanlar

Züleyxa Nadir

Cəhalət burulğanında  boğulanlar

Rəsmi statistika: 2016-cı ildə 18 yaşadək analar tərəfindən 2809 uşaq doğulub. Onun 934-ü şəhər, 1875-i kənd yelərində doğulub. 2015-ci ildə  isə yaşı 18-dək olan analar tərəfindən doğulan 2895 uşağın 1003-ü şəhər, 1892-i kənd, 2014-cü ildə - 3296 uşağın 1054-ü şəhər, 2242-si kənd yerlərində, 2013-cü ildə - 2855 uşağın 889-u şəhər, 1966-sı kənd yerlərində, 2012-ci ildə isə 3236 uşağın 1067-si şəhər, 2169-u kənd yerlərində dünyaya gəlib.

Doğrusu bu  rəqəmlər adamda başgicəllənmə yaradır. Doqquz milyonluq əhalisi olan bir ölkə üçün  bu dörd ədədli rəqəmlər ailə institutu üçün baş ucalığı deyil. Müasir, demokratik, Avropa standartları ilə addımlayan bir dövlət üçün isə heç  xoş deyil. Niyə? Çünki indi dünyanın elə bir dönəmidir ki, cahillik, avamlıq deyilən nəsnə  millətin təkcə gözünü kor qoymur, həm də onu dünyanın gözündən salır.

14-16 yaşlı qızın uşaq doğması, dünyaya  körpə gətirməsi utanilacaq haldı. Halbuki bizdə valideynlərin çoxu  bu haldan  qürur duyur, hətta ətrafında qıcıq yaradacaq qədər başını dik tutur. "Qız uşağı ali məktəb oxumaz... ər evində uşağına baxmalıdı... gözünü açdımı  nikah kəsdirmək lazımdı" və s. bu kimi cəfəng  fikirlərlə qızını böyüdən valideynlər əslində dövlət üçün  qorxuludur çünki onlar  cəmiyyətin bətnindəki sağalmaz  yaradırlar. Bu, həm də müasir elmi-texniki tərəqqinin inkişaf etdiyi bir zamanda, internetin dünyaya açdığı qapının 24 saat açıq olduğu bir məqamda inkişafdan geri qalan ailə başçılarının cahilliyi, avam düşüncəsi, həyata kor-korana baxışlarıdı. Ağrılı səbəbdi, düyünlü nüansdı. XXI əsrin ikinci on illiyində insanların cahil düşüncələrlə ilə yatıb-durması, fikir yürütməsi, öz avam hərəkətlərinə uyğun planlar qurmasından ağrılı nə ola bilər ki?

Övlad qəlbin meyvəsidi, qız övladı isə bu meyvələrin ən dadlısı, ən ləzzətlisidi. Amma "Azərbaycan ailələrinin çoxunda bu gün qız övladına qarşı bir antipatiya yaranıb" desəm yəqin ki, məni qınamazlar. Həmin cahil ailələrdə qız övladları 13-14 yaşlarına çatanda onu ərə verməyin planı üzərində çalışırlar. Bu hal  bəzi kənd rayonlarında az qala kütləvi hal kimi müşahidə edilir, xüsusilə də cənub zonasında daha qabarıq görünür. Valideynlər qızlarının məktəbli formasını əynindən çıxarmamış gəlinlik geyindirməyi şərəf işi hesab edirlər və bunu övladlarına da təlqin etməyə çalışırlar.

Evlənmək üçün insan özünü hazır hiss etməlidi, kənardan onu buna məcbur etmək olmaz. 14 - 15 yaşlı yeniyetmə hələ ailənin nə olduğunu, qarşıya cıxacaq problemləri, hər gün üzləşəcəkləri çətinlikləri necə həll edəcəklərini bilmirlər. Bu yaş gəncliyə doğru gedən yolun hələ bitməyən pilləsidi. Bu pillənin üzərində duran yeniyetməni valideyn oradan zorla qoparır. Həyat adlı universitetə heç bir imtahan verməmiş onu həyatın amansız burulğanlarının qoynuna atır. Bu problem ildən-ilə kəskinləşir.

Bəzən valideynlər bunu maddi vəziyyələ əlaqələndirirlər. Ali məktəbdə oxuda bilmək üçün pullarının olmadığını bildirirlər. Ya da deyirlər ki, onun təhsilinə filan qədər pulu havayı verməkdənsə, həmin məbləğə cehiz alıb ərə verərik. Halbuki təhsilə verilən pul heç vaxt havaya uçmur, gec-tez öz bəhrəsini verir. Bunu görməyən valideyn kordur. Amma bir həqiqət də var. Heç kimə sirr deyil ki, indi Azərbaycanda həm orta məktəblərin, həm də ali məktəblərin çoxunda təhsil səviyyəsi elə də yüksək deyil. Ona görə də həm valideynlər, həm də qızlar birtəhər təhsili başa vurub diplom alandan sonra iş tapmaq problemi ilə qarşılaşıb işsiz qalmaqdansa ərə getməyə üstünlük verirlər. 14 yaşlı qızlar diplomlu qohumlarında, tanışlarında buna şahid olurlar və oxumaqdan çəkinirlər. Amma savadlı, elmli, sabaha açıq gözlə baxan valideyn qızının ali təhsil alması üçün hər varianta əl atır.

Bəzən də erkən nikahlara səbəb kimi din faktorunu önə çəkirlər. Halbuki İslam dini VII əsrdən bəri qızların diri-diri basdırılmasının qarşısını aldığı kimi, onların cəmiyyətdə daha üstün yerdə dayanmasının vacibliyini də dönə-dönə vurğulayır. Amma yuxarıdakı statistikanı əhatə edən ailələrdə  İslamın bu gözəl tərəfinə göz yumub müxtəlif dini cərəyanlara qoşulanlar üçün qızlarını erkən yaşdan, həm də dini nikahla ərə vermək sərf edir, deyəsən. İslam dinini əlində bayraq edən qanmazlar,  ya da ondan sui-istifadə etmək istəyən firildaqçılar Quranı, Allahi doğru-düzgün izah etmirlər. Avam insanları guya müqəddəs Kitabda 13 yaşda ailə qurmaq haqqında Allahın xüsusi göstərişi olduğuna inandırırlar. Belə cəfəngiyyatı beyinlərinə hopduran cahil "dindarlar" da qızlarını məktəbə qoymur, erkən yaşdan ailə qurmağa məcbur edirlər. Hətta vəziyyət o dərəcəyə çatır ki, məktəblərdə qızların nişanlanması uğrunda rəqabət gedir. Bax bu, sondu.

Belə halların qarşısının alınmasında məktəblə ailə arasında yaranan birliyin faydası çoxdu. Bu iş birliyi sinif rəhbərinin fəaliyyətinin ən mühüm hissəsi olmalı, eləcə də məktəb direktoru kənarda qalmamalıdır. Çünki məktəbdə baş verən belə neqativ hallara hamıdan çox o, cavabdehdi. Yeri gəlmişkən deyim ki, "məktəb-ailə birliyi"ni özündə ehtiva edən təhsil ocaqları var. Orda çalışan pedoqoji kollektiv erkən nikahların qarşısının alınması üçün gücünü sərf edir. Amma belə məktəblər həm barmaqla sayıla biləcək qədər azdı, həm də müəllimi, direktoru dinləməyən, onların söylədiklərini qulaqardına vuran valideynlər istənilən qədərdi. Əgər məktəb direktoru valideynlə bacara bilmirsə, hüquq-mühafizə orqanları bu məsələdə daha kəskin mövqe bildirməlidirlər.

Heç kəs inkar etməz ki, 13-14 yaşlı qızların çoxu hələ də gəlinciklə oynayır. Doğrudu, 20-30 il əvvəlin qızlarından fərqli olaraq onlar toy gecəsi haqqında daha məlumatlıdırlar. Həmin gecə ərə getdiyi oğlanla münasibət qurmağın yollarını da bacarırlar. Çünki illərlə dərs kitablarının ağzı açılmayıb, əvəzində anaları "ərə getmək" kitabını necə oxumağı öyrədiblər. Amma düşünməyiblər ki, erkən yaşdan ərə verdiyi qızı bir-iki ildən sonra dünyaya gətirdiyi uşağına mükəmməl ana ola biləcəkmi? Təcrübə göstərir ki, bir evin gəlini olsa da, qadınlığın yükünü çiyinlərində daşımağı bacarmayan, hələ də gəlinciklə oynayan, müxtəlif oyuncaqlarla yatıb-duran, özü uşaq olanlar uşağının tərbiyəsini hansı yönümdə verə biləcəyini bilmirlər. Körpə ilə məşğul olmaq ona çətin olur. Uşaq xəstələnəndə, yaxud bir yeri ağrıyanda ana olaraq ona diqqət göstərmək, səbrli olmaq kimi hiss və duyğu erkən yaşda inkişaf etmədiyi üçün əsəbləri tez sıradan çıxır.

Amma 25-26 yaşlı gəlin dünyaya gətirdiyi uşağının "üstündə əsir", ona münasibətdə təmkinli olur, hər cür nazına dözür, qayğısını can-başla çəkir. Birincilər uşaqlarının tərbiyəsində, dünyaya baxışlarında da yanlışlığa yol verirlər. Çünki gözlərini açdıqları evdə analarından aldığı tərbiyədən kənar heç nə bacara bilmədikləri üçün onlar da sabah qızlarını eyni yaşda ailə qurmağa təhrik edəcəklər. İkincilərin verdiyi tərbiyə isə daha bütöv olur.

Erkən yaşda nikaha girib ərə gedən qızların ailə münasibətlərinə daxil olması qanunla cinayətdi. Amma nə yazıqlar ki, yerlərdə hüquq-mühqfizə orqanları buna göz yumurlar. Bəs, çıxış yolu nədi? Erkən nikahların qarşısını necə almaq olar? Zənnimcə, bu məsələdə maarifçiliyə çox böyük ehtiyac var. Televiziyalarda hər gün göstərilən şou-proqramların sayını minimuma endirib cəmiyyətdəki bu cür tərbiyəsizliyə qarşı ciddi təbliğat aparmağın vaxtıdı. Əminəm ki, bu yolla azyaşlı qızların ərə getməsinin qarşısını almaq olacaq. Əks halda gözəlliyi ilə öyündüyümüz Azərbaycanımızın mənəvi dəyərləri tamamilə sıradan çıxıb çürüyəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR