Hicran Hüseynova: “Dinc əhali erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalır”

17 iyul 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan  Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmas və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən "Olaylar"a verilən məlumata görə, qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən xanım Hicran Hüseynova  ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu bildirib.  Yaşadıqları stress, fiziki və  psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Onların yenidən ailəyə, cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işlərinin aparılması çox vacibdir. Qaçqın və məcburi  köçkünlərin, eyni zamanda, atəşkəs dövründə  ziyan dəymiş evlərin inşası, sosial obyektlərin təmiri ilə sosial müdafiəsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması Azərbaycan Hökumətinin qarşısında duran əsas vəzifələrdən biridir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınmış, məktəblər, uşaq bağçaları, tibb məntəqələri,  mədəniyyət mərkəzləri tikilmiş, müasir tələblər əsasında infrastruktur yaradılmışdır. Görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Onların problemləri daim ölkə rəhbərliyinin diqqətindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva  müvəqqəti məskunlaşmış  qaçqın və məcburi  köçkün ailələrinin mənzillə təmin edilməsinə xüsusi diqqət ayırır.  Komitə sədri  qeyd edib ki,  dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Baxmayaraq ki,atəşkəs rejimi davam edir, lakin bununla yanaşı, təmac xəttində, cəbhəboyu bölgələrdə yaşayan dinc əhali mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalırlar. Və bunun da ağır nəticələri olur,  qadınlar, uşaqlar, qocalar həlak olur, yaralanır. Elə bu yaxınlarda həmin təxribat nəticəsində 2 yaşına çatmaya balaca uşaq və onun nənəsi həlak olub, digər qadın isə yaralanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR