Azərbaycanda müstəqil mətbuat formalaşıb

Media üzəriə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir

Saylı günlərdən sonra Azərbaycanda Milli Mətbuat Günü qeyd ediləcək. Milli mətbuatımızın yaranmasından 142 il keçsə də, jurnalistikanın qarşısına qoyulan məqsəd və vəzifələr dəyişməz qalıb. Maraqlıdır, hazırkı Azərbaycan mediası üzərinə düşən vəzifələri yerinə yetirə bilirmi? Əvvala qeyd edək ki, mətbuatın üzərinə düşən vəzifələr ilk növbədə obyektivlik və qərəzsizlikdir. Cəmiyyəti informasiya ilə təmin etmək, eyni zamanda  maarifçilik  missiyasını qeyd etmək lazımdır. Bu da milli mətbuatın ənənələrindən qaynaqlanır. Bu baxımdan əksər media təmsilçiləri hesab edirlər ki, ənənəvi media, yəni klassik medianın ənənələrinə sadiq qalan mətbuat, prinsip etibarilə təbii ki, öz vəzifəsinin öhdəsindən gəlir. Buna saytlar, çap mediası və digər kütləvi informasiya vasitələri daxildir.  Bu günə qədər mövcud olan medianın fəaliyyətini qənaətbəxş hesab etmək olar. Qeyd edək ki, bu gün  bəşəriyyət özünün elə bir  inkişaf  mərhələsindədir  ki, bu  dövrdə yaşayan  heç bir insan,  eləcə də heç bir cəmiyyət onu əhatə edən ətraf mühitə, digər cəmiyyətlərə, mədəniyyətlərə, eləcə də, informasiya bolluğuna və elmi -texniki tərəqqiyə  üz çevirərək, öz qapısını bağlayaraq  yaşaya bilməz. Bəzi avtokratik ölkələrin buna  cəhd etməsilə necə qınaqlara məruz qaldığı göz qabağındadır. Birincisi ona görə ki, ölkələrin, cəmiyyətlərin  bir-birilə əlaqəli şəkildə inkişafı yeni dünya düzəninin tələblərindən irəli gələn   zərurətdir.  Digər tərəfdən, millətlərin və onların yaratmış olduqları mədəniyyətlərin qarşılıqlı şəkildə inkişafı  dünyada baş verməkdə olan bir sıra irimiqyaslı proseslərə və ya bu proseslərin planlaşdırılmış şəkildə  davamında maraqlı olan güclərə xidmət edən bir haldır.  Zamanın yaratdığı zərurət və ya  düşünülmüş beynəlxalq  proses kimi qiymətləndirilməsindən  asılı olmayaraq  fərqli millətlərin nümayəndələri tərəfindən yaradılan  müxtəlif elm sahələrinin qarşılıqlı inteqrasiya və transformasiya  şəraitində inkişafı dünya ictimaiyyətinin ümumi xeyri  baxımından  məqsədəuyğundur. Azərbaycan mətbuatı da bu prosesdə özünəməxsus mövqe sərgiləməkdədir.  "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, digər sahələrdən fərqli olaraq bu gün Azərbaycan mediası üzərinə düşən missiyanı  daha dolğun və düzgün yerinə yetirir: "Demək olar ki, Azərbaycan jurnalistlərinin əksəriyyəti  fədakardır. Onlar həm informasiyanın daxili auditoriyaya, həm də ölkədə baş verən hadisələri xaricə ötürmək baxımından peşəkardırlar. Bu gün jurnalistlərimiz Həsən bəy Zərdabinin qoyduğu ənənələrə uyğun fəaliyyət göstərir və cəmiyyətin aynası olmağa çalışır. Təbii ki,  jurnalistlər sayəsində Azərbaycan müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində işlər gedir. Mediamız maarifçilik missiyasını  şərəflə davam etdirir. Hazırda texnoloji üstünlüklər jurnalistlərin daha alternativ və çevik olmasına şərait yaradır. Artıq ölkədə müxtəlif dillərdə saytlar, informasiya agentlikləri fəaliyyət göstərir. Yəni peşəkar jurnalist ordusu formalaşır. Eyni zamanda Azərbaycan mediası beynəlxalq standartlara uyğunlaşmağa başlayır. Düzdür, baxışlar fərqlidir və tənqidi fikirlər ola bilər. Təbii ki, hər bir  oxucunun öz maraqlarına cavab verən informasiyalar var. Bəzən jurnalistlərdən daha çox peşəkarlıq tələb edilsə də, onlar mövcud şərait və şərtlərin çərçivəsində fəaliyyət göstərirlər. Düşünürəm ki, mediamız öhdəsinə düşən vəzifəni yerinə yetirə bilir". "Kaspi" qəzetinin baş redaktoru  İlham Quliyev mediamızın klassik öhdəliklərinin olduğunu və Azərbaycan mediasının bunları yerinə yetirməyə çalışdığını qeyd edib: "Əlbəttə, Azərbaycan mediası üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirməyə çalışır. Ölkədə  baş verən hadisələrlə bağlı oxucuları maarifləndirir və informasiya bolluğu yaradır. O cümlədən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mediamızın çox böyük rolu var. Bu günkü Azərbaycan cəmiyyətini, dövlətini mediasız təsəvvür etmək qeyri mümkündür. Həm yazılı, həm də elektron media inkişafdadır və ildən-ilə özünü təkminləşdirmək üçün çalışır. Medianın klassik öhdəlikləri var. İnformasiyanı olduğu kimi cəmiyyətə çatdırmaq əsas vəzifəmizdir. Son zamanlar medianın üzərinə Azərbaycan həqiqətlərini həm də bir  vətəndaş mövqeyi ilə ifadə etmək kimi missiya qoymuşuq. Bu baxımdan da  medianın öz işinin öhdəsindən  layiqincə gəldiyini görə bilirik". Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib ki, Azərbaycan mediası sadəcə dünya səviyyəli möhtəşəm idman yarışının müdafiəçisi qismində fəaliyyət göstərmir. Eyni zamanda mötəbər tədbirin yayımlanması, təbliğ olunması və yarışlarla bağlı araşdırma məqalələrin yazılması ilə də məşğul olur: "Təəssüflər olsun ki, Azərbaycan dövlətinə qarşı qısqanc mövqedə dayanan bir sıra beynəlxalq qurumların təhriki ilə dövlətimizə qarşı çirkin kampaniya aparılır. Bu baxımdan ölkə mediası bir tərəfdən möhtəşəm Oyunları ictimaiyyətə çatdırır, digər tərəfdən isə anti-Azərbaycan təbliğatına qarşı əks-təbliğat aparır. Artıq Avropa Oyunlarının bir həftəsi geridə qalıb. Bu müddət ərzində mediamızın fəaliyyətini qənaətbəxş hesab etmək olar. Bütövlükdə götürdükdə, istər televiziyalar, istərsə də çap və elektron mediası, Avropa Oyunlarının sülh xarakterli olduğunu həm dünya, həm də yerli ictimaiyyətə düzgün çatdırılmasında mühüm rol oynayır. Bu Oyunlar həm də bir siyasətdir, yəni dünya xalqlarının bir-biri ilə əlaqələrini sıxlaşdıran mədəni və tarixi missiyadır. Ancaq təəssüflər olsun ki, bəzi xarici media qurumları eyni mövqeyi sərgiləmirlər. "Euronews", "Eurosport" kimi kanallar ilk gündən ölkəmizə qarşı qərəzli mövqe tuturlar. Düzdür, bu kanallar ara-sıra Oyunlarla bağlı kiçik epizodlar verirlər. Amma bütövlükdə Azərbaycana qarşı qərəzli olduqlarını gizlətmirlər və açıq formada büruzə verirlər. Həmin telekanallar bir sıra beynəlxalq qurumların və erməni diasporasının təsiri altında görülən bu qədər işə, çəkilən zəhmətə kölgə salmağa çalışırlar. Amma Avropa Oyunlarını dünyanın tanınmış, nüfuzlu 100-ə yaxın telekanalı canlı yayımlayır və əksər ölkələr Azərbaycandakı reallığı olduğu kimi görürlər".

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda mətbuatın inkişafı, onun müstəqilliyinin təmin olunması istiqamətində dğövlət tərəfindən ən zəruri addılar atılıb və hazırda da atılmaqdadır. Məhz azad medianın, fikir və söz azadlığının təmin olunması istiqamətində atılan addımlar müstəqil mətbuatın dayanıqlığını təmin edib. Mətbuat da öz növbəsində üzərinə düşən vəzifələrin icrası baxımından fəallıq nümayiş etdirir. Daha doğrusu, dövlətin və millərin maraqlarınınmüdafiəsi, ümumilli məsələlərdə vahid mövqedən çıxış etməsi, ən əsası isə maarifləndirmə və qırızsia məlumatın verilməsi kimi sahələrdə maksimum obyektivliyi qorumağa çalışır. Sirr deyil ki, hər ötən gün medianın cəmiyyətdə rolu artmaqda davam edir. Heç şübhəsis ki, bu, informasiyanın cəmiyyətimizdə önəmi ilə əlaqədardır. Artıq informasiya məkanı daha da qloballaşır və böyüyür. Eyni zamanda insan həyatının bütün sahələrinə, hətta mənəvi həyatının dərinliklərinə qədər siraət edir. Bu gün  informasiya milli təhlükəsizliyin əsas komponentlərindən biri kimi çıxış edir. Ona görə hər bir ölkənin milli mətbuatının vəzifəsi müasir tarixi mərhələdə öz milli maraqlarını müdafiə etməklə informasiya sahəsində yeni inkişaf mərhələsinə addım atmaqdır. Bu gün Azərbaycan mediası inkişaf dövrünü yaşayır. Mediamız həm fikir müxtəlifliyinə, orjinallığına, çoxşaxəliliyinə görə fərqlənir, həm də ötən illər ərzində Azərbaycan mediası yeni intellektual kefiyyətlər qazanıb. Bütün bunların hamısı ölkəmizdə medianın inkişafı üçün çox ciddi hüquqi əsasların yaradılması ilə bağlıdır. Bu gün Azərbaycanda müstəqil milli mətbuat formalaşıb. Hazırda Azərbaycan prezidenti mediamızın həm böyük hamisi, qayğıkeşi, həm də dostudur. Məhz milli mətbuatımızın inkişafında bu faktor çox ciddi rol oynayır. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda bir sıra dünya ölkələrinə örnək ola biləcək Kütləvi İnformasiya Vasitələrinə Dövlət dəstəyi Fondu  mövcuddur. Həmin Fond vasitəsilə nəzərdə tutulan tələblərə cavab verən bütün media orqanları şəffaf şəkildə maliyyələşdirilir. İqtidar, müxalif və müstəqil media nümunələri bərabər formada  bundan bəhrələnə bilir. Qeyd edək ki, bu gün olduqca əhəmiyyətli tarixi günün sevincini yaşamaqdayıq. Belə ki, iyulun 22-si Azərbaycanda Milli Mətbuat günü münasibətilə Prezident İlham Əliyev tərəfindən jurnalistlərə ev veriləcək. Təkcə bu faktın özü deməyə əsas verir ki, Azərbaycan mətbuatı öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, üstəlik ölkədə Vətənə, xalqa təmənnasız xidmət etməyə hazır olan kifayət qədər peşəkar jurnalist ordusu formalaşıb. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR