Toy mədəniyyətinə tam yeni baxışa ehtiyac var

Bu sahənin təzimlənməsinə ciddi zərurət yaranıb

Son illər ən çox yazılan, müzakirə predmetinə çevrilən məsələlərdən biri də xeyir-şər məclislərində israfçılığın qarşısının alınması ilə bağlıdır. Baxmayaraq ki, bu məqsədlə müvafiq dövlət qurumları paytaxt və bölgələrdə silsilə xarakterli maarifləndirmə tədbirləri keçirir, insanları xeyir-şər məclisləri zamanı israfçılığa yol verməməyə çağırırlar, lakin hələ də qeyd edilən mənfi hallara rast gəlmək mümkündür. Etiraf etmək lazımdır ki, hüzr mərasimlərində bir qədər müsbətə doğru tendensiya müşahidə edilməkdədir. Belə ki, artıq bir çox bölgələrdə hüzr mərasimlərində bir o qədər də israfçılığa yol verilmədiyi halına rast gəlirik. Xüsusilə, bu müsbət tendensiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində bir neçə il əvvəl edilmiş dəyişiklik və yeniu rəhbərliyin həyata keçirdiyi məqsədyönlü tədbirlərdən sonra özünü göstərir. Ancaq təəssüflər olsun ki, eyni halla hələlik xeyir işi, toy, nişan kimi məclislərdə rastlaşa bilmirik. Əksinə ildən-ilə bu kimi məclislər bir qədər də əndazədən çıxır, xalqımızın qədim toy adətlərini geridə qoyur. Elə əksər ekspertlər də bu qənaətdədirlər. İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bu günkü toy-nişan məclisləri daha çox şadlıq evlərinin sahiblərinin varlanmasına yol açır. Bir çox hallarda əndazəni aşan toy-nişan məclisləri isə bəzən toy sahibinin borclanmasına belə gətirib çıxarır: "El arasında insanların bir-birinə ən çox dediyi sözlərdən biri, "Allah hamıya övlad toyu görmək qismət eləsin", duası-istəyidir. Doğrudan da ən böyük arzulardan biri oğul-qız toyu görmək, övladının şad günündə iştirak etməkdir. Amma toy artıq çəkilməz yükə, israfçılığın pik nöqtəsinə çevrilir. Bizim kimi qapalı, özünüifadə məhdudiyyətləri, birja, qiymətli kağızlar bazarı, rəqəbət olmayan cəmiyyətlərdə toy (elə yas da, qəbr daşı da) insanın status göstəricisinə, ifadə formasına çevrilib. Varlılar da, kasıblar da məhz toy məsələsində qənaət etmək, rasional düşünmək istəmir. Devalvasiya da bir dərd olub, manatın güclü vaxtlarında bütün insanlar 100 manat əvəzinə toya 100 dollar salırdılar ki, 22 manat qənaət etsinlər, toya salınan pul isə, sanki, namus borcu hesab olunur, hamı geri qaytarmağı özünün boynunun borcu bilir, 3 il əvvəl toyuna 100 dollar alan, bu gün 100 dollar qaytaranda artıq 170 manatından keçməli olur, 92 manat artıq ödəyir. Ayda 2-3 toya dəvət alan vətəndaş artıq ciddi yük altına düşür, borca girir, evinə xərcləməli olduğu vəsaitə qənaət edir, amma borclu qalmaq istəmir. Kasıblıqdan toya gedə bilməyəni qohum-qonşu qınayır ki, bəs filankəs sənin övladının toyina gəlmişdi, pul salmışdı, sən mütləq getməli idin.Beləliklə, başqa yerdə olmayan "içtimai qınaq" bu dəfə özünü göstərir. Halbuki, hamı korrupsiyadan gileylənsə də, bu sahədə ciddi içtimai qınaq tələb olunsa da, istənilən toyda yuxarı başa məhz məmurlar, ya da korrupsiyaya bulaşmış rəislər dəvət alır". Ekspertin sözlərinə görə "toy biznesi", əsasən, Şadlıq Evi sahiblərinə xeyir verir: "Amma açığı, minlərlə də birbaşa, ya da dolayı iş yeri yaradır. Anlayıram ki, birdən-birə bu "toy adətindən" imtina etmək çətindir, amma toya pul yazılmaq, toy masasını status indikatoruna çevirmək də, ən azı, doğru deyil. Addım-addım bundan imtina etmək, nümunələr göstərmək lazımdır. Toyun

özü bir dərd, amma "ailə dəyərləri" adı altında gənclərin evlənməklərinə qarışmaqdan, ailə həyatına müdaxiləyə qədər, xanımların hüquqlarını tapdamaqdan, ailələrin sağlamlağına qədər böyük problemlər var. Rəsmi statistikaya nəzər salaq. 1 iyun 2015-ci il - 30 iyun 2017-cı il tarixində ailə qurmaq üçün 291 431 nəfər müayinələrdən keçib, bu şəxslərdən 12036 nəfərdə talassemiya, 1143 nəfərdə sifilis, 209 nəfərdə QİÇS (SPİD) aşkarlanıb. Dəhşətli statistikadır. Ailə quranların fiziki sağlamlığı bir qırağa, psixoloji durumları da yaxşı deyil. Əhali kasıblaşdıqca, iş azaldıqca, xanımların təhsil problemi kişilərə nisbətən daha çox artdıqca, ailələrdə münasibətlər də kəskinləşir. Xanımlar iqtisadi cəhətdən daha çox asılı vəziyyətə düşür, bu da onların davranışına təsir edir. Yəqin ki, hamımız küçədə, parkda, bulvarda öz kiçik yaşlı övladlarını kötəkləyən, acılayan, onlara qışqıran analar görmüsünüz. O xanımlar öz ərlərindən aldıqları iradları, ağrı-acını, söyüş-təhqiri, sadəcə övladlarından çıxırlar, elə stress atırlar, bu da uşaqlara psixoloji pis təsir edir, daha kompleksli və aqressiv nəsil yetişir. Problemin tam açılmasına ehtiyac var. Qısası, toy və ailə mədəniyyətinə tam yeni baxışa, yeni iqtisadi vəziyyətə görə bu sahənin təzimlənməsinə ciddi ehtiyac duyulur".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR