“Media söz, məlumat azadlığını, plüralizmi həm yaradır, həm ondan özü yararlanır”

Əkbər Qoşalı: "Ərazi bütövlüyümüzü bərpa edincə, üfüqümüz genişlənəcək, çiynimiz böyüyəcək, qırışığımız açilacaq"

Ölkədə fikir, söz, məlumat azadlığı, plüralizmlə bağlı vəziyyət, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərlə bağlı  "OLAYLAR"ın suallarını Milli QHT Forumu İdarə Heyətinin üzvü, CASCFEN başqanının müşaviri  Əkbər Qoşalı cavablandırır

-Əkbər bəy, günümüzdə Azərbaycan mediasının, kütləvi informasiya vasitələrinin duru­munu necə qiymətləndirərdiniz?

-Doğrudur, media əsasən bugünü, bugünün yaşantılarını, informasiyalarını yayır, ancaq bununla belə o tarixi, keçmişə, gələcəyə baxışı da yansıdır. İndi "günümüzdə" deyərkən, təbii olaraq, mediamızın bugününün haradan qaynaqlandığını, eləcə də, hansı gələcəyə boylandığını nəzərə almalıyıq. Yəni "bugün, bugün" dediyimiz vaxt kəsimi birdən-birə yaranmayıb, göydən düşməyib - yaxşısı-pisi ilə, uğuru-uğursuzluqları ilə zaman-zaman formalaşıb. Hətta, cavanların açdığı ən yeni sayt da, istər kollektiv üzvlərinin daşıdığı mədəniyyət, qarşılaşdığı məişət, aldığı icbari təhsil etibarı ilə, habelə işlədikləri mövzuların çoxu və üz tutduğu auditoriya baxımından yalnız günümüzü dəyər­lən­dirmir, o eyni güclə keçmişə dayalıdır; "keçmişə dayalı" olmaqsa, əsla, geridə qalmışlığı deyil, gerçəkliyi göstərir. Bu nə deməkdir? - O deməkdir ki, mediamızın bugünkü hansısa çatışmazlığından, yaxud hansısa başarısından danışırıqsa, ona nəyisə yaraşdırıb-yaraşdırmama­ğımız­dan asılı olmayaraq, bugünün bütün gerçəklikləri ilə yalnız bugün yaranmadığını qəbul etməliyik; onu ölkəmizin bütün digər qurum-quruluşları ilə birgə təhlil etməli, yaşamımızın bir parçası olaraq dəyərləndirməliyik. Bilirsiz, örnək olaraq belə bir tarixi olaya diqqət edək: hansısa tarixi şəxsiyyətin, o şəxsiyyətin yaradıcılığının formalaşması üçün ona qədərki olayların, o dövrün gəlişmələrinin rolunu necə qeyd ediriksə, bugünümüzün yaddaşında da öncəki illərin suxur­laşmış kodlarının, nəsnələrinin olduğunu unutmamalıyıq.

-Sizcə, ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması hansı səviyyədədir? Azərbaycan dövləti, dövlət başçısı ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı addımlar atır?

-Bağışlayın, öncəki fikrimizi bir azca da davam etdirəsi olsaq, deməliyəm ki, mediamızın bugünündən, eləcə də, məlumat və ifadə azadlığından, plüralizmin təminindən danışırkən hər dövrün öz çağı­rışlarını, öz şüarlarını, trendlərini bəslədiyini, yaratdığını da unutmamalıyıq. Yəni elə anlaşılmasın ki, bugünkü durum mövzusundakı şaxəliliyi, çoxvektorluluğu görməzdən gəlirik.  Bax, dediyiniz söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması da, hansısa dönəmlərdə trend olmayıb, günün çağırışı, şüarı olmayıb, elə deyilmi? - Hətta, indinin özündə də, dünyada elə dövlətlər göstərmək olar, onların mediası üçün başqa trendlər mövcuddur.

-Yaxşı, bizdə hansı zərurətdən belə suallar meydana çıxır? Söz, məlumat, ifadə azadlığı və plüralizmin təmin olunmasının hansı səviyyə daşıdığı nə üçün güncəl sayılır?

- Birincisi, bu mediamızın ümumdünya proseslərinin içində olduğunun, yaxud daha öncül yer tutma istəyinin ifadəsidir; ikincisi, uluslararası media quruluşları, bir sıra uluslararası güclər məhz bu sadaladığımız məqamları qabartmaq üçün mövcuddur və onların haqlı-haqsız hesabatları vardır. Üçüncüsü, hər hansı başqa səbəblərin varlığından asılı olmayaraq, müstəqil dövlətimizin vətəndaş cəmiyyəti, hüquqi-demokratik dövlət quruculuğuna öz baxışı, müstəqillik illərində formalaşmış gələnəyi vardır. Dördüncüsü, biz totalitar sovet dönəmindən çıxmışıq - mediamızda çalışan bir çox insan o illərin "əlinin suyu"nu bilir. Beşincisi, mümkün variantlar içərisində doğru olan, yaxşı olan yanaşma məhz söz azadlığı, plüralizmin təmin olunması yönündədir. Əlbəttə, başqa səbəblər də tapmaq, fərqləndirmək olar; əsas olan odur ki, dövlətimizin vətəndaş cəmiyyəti, hüquqi-demokratik dövlət quruluşu mövzusuna konseptual yanaşması, konkret addımları var. Cənab prezidentin Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, özü də bu fondun məhz Azərbaycan Res­publikasının Prezidenti yanında - özəl statusla yaradılması, onun Müşahidə Şurasının formalaşdırılması, diqqətəlayiq həcmdə vəsaitlə təmini, KİVDF-nin xətti ilə yarışmaların ke­çirilməsi, qaliblərin ödülləndi­rilməsi, nüfuzlu qəzetlərə davamlı olaraq maddi dəstək verilməsi, jurnalistlər üçün iki çoxqatlı (üstəlik, təmirli, təchizatlı) binanın tikilib istifadəyə verilməsi, medianın inkişafında xidmətləri olan şəxslərin dövlət tərəfindən ödülləndirilməsi və s. dedik­lərimizə sübutdur.

Beləliklə, sizin sualın sonundakı səviyyə sözü həm dövlətin, şəxsən prezidentin dəstəyi şək­lində, həm də, az qala hər ay artan KİV-lərimiz misalında, habelə yeni medianın yay­ğınlaşması, ölkə əhalisinin internetə çıxış imkanlarının artması ilə öz cavabını tapmış olur, deyə düşünürəm.

-Bəs Ümummilli lider Heydər Əliyevin söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı xidmətləri olub?

- Biz birinci sual ətrafında danışarkən, ümumən bayaqdan toxunduğumuz məqamlarla elə bilirəm, müəyyən qədər bu suala da cavab vermiş olduq. Yəni indiki dövlət dəstəyi, mənəvi, maddi təmin olunmalar öz başlanğıcını Heydər Əliyev dönəmindəki parlaq şəkillənmələrdən götürür. Hamımız bilirik ki, cənab prezident, Heydər Əliyevin daxili və xarici siyasət kursunu davam etdirdiyini dəfələrlə vurğulayıb.

Biz söz, məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində xidmətlərdən danışarkən yalnız iki faktın üzərində dayansaq, yetərli olacaq, deyə düşünürəm.  Bunlardan biri, senzuranın ləğvi, ikincisi isə qəzetlərin dövlət nəşriyyatına böyük həcmli borclarının ertələnməsi, silin­məsiydi.

Təbii, jurnalistlər arasında keçirilmiş sorğularla, dövlət başçısının "Mətbuatın dostu", yenə media quruluşu tərəfindən "İlin adamı" seçilməsi təsadüfi deyildi. Bütün bunlar, səmimi, əlverişli ortamın yaranması, gələcəyə daha böyük ümidlərin, inamın yaranması ilə şərtlənirdi.  Necə ki, sonrakı illər göstərdi ki, bu ümid, inam yetərincə ciddi xarakterli olub.

-Mediamız söz, məlumat azadlığı, plüralizmdən nə dərəcədə yararlanır və bundan bəhrə­lənir?

-Media söz, məlumat azadlığını, plüralizmi həm yaradır, həm ondan özü yararlanır. Özü bəhrələnməyən media, oxucunu necə inandıra bilər -elə deyilmi?

Söz, fikir, məlumat azadlığı, plüralizm hər hansı dərəcədəsə mövcud deyilsə, bundan yalnız media quruluşlarının kollektivi deyil,  bütün toplum itirir.  Məsələyə hansısa məmurun konyuktur münasibəti, yaxud münasibətsizliyi deyil, dövlətin, dövlət başçısının özünün, və onun tərəfindən yetki verilmiş şəxslərin köklü münasibəti önəmlidir. Mediamız özü, dediklərinizdən o dərəcədə yararlanmalı, tətbiqatı elə səviyyədə eləməlidir ki, toplumda ictimai nəzarət funksiyaları daşıya bilsin, vətəndaşların öz ürəyini açdığı, ictimai xarakterli məsələlərlə bağlı üzüntü və uğurlarını rahatlıqla paylaşdığı ünvan, yeri gəldikcə maarifləndirici missiya yerinə yetirən təsisat olsun... Mən bu planda ən böyük yararlanmanı da, yararlandırmağı da, "ərazi bütövlüyü pozulmuş, elan olunmamış savaşa məruz qalmış, bir milyon qaçqın və məcburi köçkünü olan ölkənin mediasından gözləntilər, mediamıza bu tarixi dönəmdə yaraşanlar nədir?"sualı üzərindən axtarmanı tövsiyyə edərdim. Zatən, ərazi bütövlüyümüzü bərpa edincə üfüqümüz genişlənəcək, çiynimiz böyüyəcək, qırışığımız açılacaq. Sözümüz, media təsərrüfatımız sıçrayışla tərəqqi edəcək.

Qələ­bəmizi yaxınlaşdırmaqçün də tərəqqi etməliyik, Hacı Bektaş Vəlinin sözünü xatırlasaq, bir olmalı, diri olmalı, iri olmalıyıq!

-Bəs necə bilirsiz, bəzi hallarda KİV-lər ölkədə söz və məlumat azadlığının mövcudluğundan sui-isti­fadə etmirlərmi?

- "Sui-istifadə" yarlığı özündə mənfi emosiya daşıdığı kimi, belə istifadəni özünə rəva görənlər də belə "sui-gedişat"ın axırının puçluğunu unutmamalıdır.  Ha beş gün gec, üç gün tez, həqiqət gün üzünə çıxır; eləisə keçici "sui-zəfər", "Pirr qələbəsi" nəyə gərəkdir, nə xeyri olacaq onun? - elə deyilmi?

Belə hallar daha çox yeni mediada, sosial şəbəkələrdə müşahidə olunur. Elə bilirəm, zamanla bu kateqoriya medianın da "acı suyu çıxacaqdır". Bu sahədə ən yaxşı üsul şəxsi örnəkdir. Daşı­dığımız mental dəyərlərin və onun yanısıra, hər millətin (ölkənin) öz menatllığı ilə iştirakçısı, yaradıcısı olduğu bəşəri dəyərlərin qiymətləndirilməsi, eyni güclə, dövlət nəzakətinin yüksək dəyərləndirilməsi gərəkməkdədir.

-Ümumiyyətlə, mediaya yaradılan şəraitə görə, Azərbaycanı bu sahədə də regionun lideri kimi dəyərləndirmək olarmı?

-Əlbəttə, hansısa qərarımız model adlandırılırsa, hansısa məhsulumuz brend olursa, hansısa yanaşmamız trendə çevrilirsə, bu bizimçün xoşdur. Mən elə başa düşürəm, edilənlər, bu sahədə bölgədə lider olmaq, göstərməlik etməkçün deyil və belə olmamalıdır. Biz dövlət, xalq, ölkə olaraq öz yolumuzla gedir, öz qədərimizi cızırıq. Bununla belə, bölgədə, dünyada gedən proseslərə, tendensiyalara, tərəqqi qanunauyğunluqlarına biganə deyilik və öz işimizi təsadüflər, keçici nəsnələr üzərində qurmuruq.

Elə bilirəm, bizdə dövlətin konstruktiv mediaya dəstək konsepsiyası, bayaq sadaldığımız qurum-quruluşların yaradılması və konkret addımların atılması, ilk növbədə keçmiş "müttəfiq res­publikalar" üçün diqqətəlayiq örnəklərdir. Əgər bizimlə eyni sistemdən çıxmış dövlətlərdə, eləcə də, dünyanın başqa coğrafiyalarında bir uğur modeli varsa, onu mənimsəməmiz də bizə qüsur sayılmaz.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR