“Zamanın çağırışlarını ilk eşidən KİV nümayəndələri olmalıdır”

Fuad Hüseynzadə: "Azərbaycanda söz və  məlumat azadlığı üçün münbit şərait olmasaydı medianın milli dəyərlər üzərində inkişafı mümkün olmayacaqdı"

Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadənin ölkədə söz, fikir, məlumat azadlığının, plüralizmin təmin olunması istiqamətində görülən işlər, bu sahədə atılan məqsədyönlü addımlarla bağlı "OLAYLAR"-a müsahibəsi

-Fuad bəy, ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması hansı səviyyədədir?

-Demokratik ölkənin mediasının inkişafı üçün öncə KİV -ə söz, məlumat azadlığı verilməli və plüralizm şəraiti yaradılmalıdır. Azərbaycanda bu imkanlar konstitusiyamızda müvafiq maddələrlə təsbit olunub. Elə mediamızın sürətlə inkişafı, sovet ənənəsindən tez çıxaraq demokratik dəyərləri öz canına hopdurması qanunvericiliklə söz və məlumat azadlığının verilməsinə görə oldu. Yəni bu münbit şərait olmasaydı medianın milli dəyərlər üzərində inkişafı da mümkün olmayacaqdı. Diqqət çəkən məqam odur ki, Azərbaycanda müasir KİV milli mətbuat tarixinə söykənərək inkişaf etdi.

-Azərbaycan dövləti, onun prezidenti ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı addımlar atır?

-Ötən 10 ildən artıq bir müddətdə dövlət başçısı tərəfindən kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalanıb, qanunvericilik aktları təsdiq edilib. Bütün bunlar azad medianın inkişaf etdirilməsinə, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə ildə bir neçə dəfə onlarla media orqanının layihələrinin dəstəklənməsi, hər il  jurnalist müsabiqələrinin keçirilməsi və qalib jurnalistlərin pul mükafatı ilə mükafatlandırılması da mətbuatın sürətli inkişafına, medianın və sıravi jurnalistlərin maddi durumunun yaxşılaşdırılmasına böyük və effektli dəstəkdir. Mediaya bu cür yardımların edilməsi çox uğurlu dəstək mexanizmidir. Bütün bunlar isə eyni zamanda da medianın azadlığının təmin olunmasına və jurnalistlərin peşəkar bacarıq və vərdişlərinin artırılmasına xidmət edir. Həmçinin siyasi görüşlərindən və mənsubiyyətindən asılı olmayaraq jurnalistlər üçün yeni binanın tikilib 2013-cü ildə təhvil verilməsi də məhz Azərbaycan jurnalistikasının, azad sözün ayaqda durmasına və mətbuat azadlığının inkişafına bariz şəkildə xidmətdir. Bu nəcib missiyanın davam etdirilməsi Azərbaycan mediasına və mətbuat azadlığına verilən yüksək qiymətdən xəbər verir. Bütün bunlar isə bir daha Azərbaycanda fikir və söz azadlığının yüksək səviyyədə təzahürü və davamlı olması barədə nikbin düşünməyə əsaslı zəmin yaradır.     

-Sizcə, bəzi hallarda KİV-lər ölkədə söz və məlumat azadlığının mövcudluğundan sui-istifadə etmirlərmi?

-Demokratiya insanlara, əsasən də peşə sahibi olaraq götürsək jurnalistlərə azadlıq verir. Lakin bu azadlığın da müəyyən həddi olmalıdır. Ölkəmizdə jurnalistlər üçün bu həddi KİV Haqqında Qanun tənzimləyir. Ayrıca Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları qəbul olunub. Bütün bunlarla yanaşı, jurnalistin içində mənəvi olaraq bir senzura olmalıdır. Ümumiyyətlə, hər bir jurnalist yazdığı sözün məsuliyyətini hiss etməlidir. Mediaya istənilən mövzuda yazmaq üçün imkanlar yaradılıb. Lakin verilən bu imkanlardan sui-istifadə etmək heç bir etik normalara sığışmır. Biz bəzən, xüsusən ictimai-siyasi proseslərin gərgin zamanı və ya fövqəladə hər hansı hadisə baş verəndə medianın informasiya siyasətinin düzgün qurmadığının şahidi oluruq. Bütün bunlar da medianın məlumatsızlığı, qeyri-peşəkarlığı və aidiyyəti rəsmi qurumlarla işini normal qura bilməməsindən irəli gəlir. Belə anlarda media sanki əhaliyə xidməti unudub, birincilik uğrunda çalışır. Nəzərə almaq lazımdır ki, verilən hər bir xəbər cəmiyyət üçün hesablanmalıdır. Əgər hər hansı xəbər cəmiyyətdə çaşqınlıq yaradırsa və bu xəbəri yayan media orqanının rəhbəri bunun fərqində deyilsə, deməli, həmin jurnalist cəmiyyətin maraqlarını deyil, özünün PR-nı düşünür. Bütün hallarda mediamız hələ fövqəladə hadisələr zamanı nə edib etməməyə tam hazır deyil. Bunun üçün mütəmadi olaraq nəzəri və praktik treninqlərin keçirilməsinə ehtiyac var. Və bunu heç də əcnəbi jurnalistlərin keçməsi vacib deyil. Azərbaycanda beynəlxalq jurnalistika nəzəriyyəsini bilən kifayət qədər jurnalistlər var.

Ümumiyyətlə, hansı sahədə olmağına baxmayaraq,  insan daimi maariflənməli, öz peşəsinin elmi yeniliklərini bilməlidir. O cümlədən jurnalistlər də daimi nəzəri biliklərini artırmalı, dövrün çağırışlarına qulaq verməlidirlər. Unutmayaq ki, zamanın çağırışlarını ilk eşidən KİV nümayəndələri olmalıdır.

-Ümumiyyətlə, mediaya yaradılan şəraitə görə, Azərbaycanı bu sahədə də regionun lideri kimi dəyərləndirmək olarmı?

-Bu gün Azərbaycan əksər sahələrdə atdığı addımlarla regionda öz liderliyini qoruyub saxlayır. Həmçinin media sahəsində də Azərbaycan dövləti bir sıra ilklərə imza ataraq tarixə düşüb. Hələ ki, Azərbaycan KİV-ə göstərdiyi diqqət və qayğıya görə bir çox ölkələrdən öndə dayanıb. Medianın inkişafı üçün Azərbaycan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə KİV-ə maliyyə yardımı ayırmaqla bir növ öz milli mətbuatını qoruyub.

Ayrıca Azərbaycan mətbuatı özünün milli dəyərlərini saxlayaraq yeni dövrün çağırışlarını daha tez əxz etdi. Bununla ölkə mediası qlobal informasiya məkanına gözləniləndən daha tez inteqrasiya etdi.

-Xaricdə Azərbaycanın media dayaqlarını necə gücləndirmək olar?

-Biz bu haqda yerli mediada ara-sıra çıxış edib öz təkliflərimiz vermişik. Hətta aidiyyəti qurumlara da təkliflərimizi göndərmişik. Bu müsahibədə də təkliflərimi deməyi özümə borc bilirəm.  Öncə, qeyd edim ki, informasiya savaşında Azərbaycana qarşı qara kampaniyaların, erməni təxribatlarının, yalan məlumatların qarşısının alınmasında və ifşa olunmasında xarici medianın gücündən yararlanmaq vacib amildir. Xaricdə Qarabağ həqiqətlərini yaymaq, gündəmi bizim xeyrimizə dəyişmək üçün təbliğat aparan azərbaycanlı və əcnəbi jurnalistlərin azlığı belə məqamlarda daha çox özünü büruzə verir.

Müasir dövrümüzdə informasiya özü də bir mübarizə növünə keçib. Beynəlxalq aləmdə KİV vasitəsilə mübarizə aparmaq və media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediası ilə əlaqələr qurmaq, sıxlaşdırmaq lazımdır.  Xatırlayırsınızsa, Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində Prezident İlham Əliyev bildirdi ki, xarici mediaya çıxışımız yaxşı vəziyyətdə deyil. Dövlət başçısı dedi ki, xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsinin yetişməsi vacibdir.  Cənab Prezidentin bu çağırışlarının reallaşdırılması üçün informasiya savaşında ölkəmizə qarşı təxribatların qarşısının alınması xarici dövlətlərdə və xarici ölkələrin domenləri altında media portalları və televiziya kanalları yaradılmalı və yaxud sayt alınmalıdır. Bunların rəhbərləri və işçiləri qeyri-azərbaycanlılar olmalıdır. Məsələn, ermənilərin Ukraynada, Rusiyada, ABŞ-da, Fransada və digər ölkələrdə, hətta Türkiyədə bu cür media resursları mövcuddur. Bu resurslar yalnız xəbərlər üzərində qurulmamalı, həmçinin intellektual, şou, musiqi istiqamətli olmalı və geniş auditoriyanı əhatə etməlidir. Azərbaycana lazım olan məqamlarda bu KİV-lərdən istifadə olunmalıdır.

Qeyd edim ki, hazırda Niderland Jurnalistlər Birliyinin üzvü, "Connect" təşkilatının sədri Vüqar Abbasov tərəfindən bu işi həyata keçirmək üçün niderlandlı jurnalistlərdən ibarət komanda mövcuddur.

Bununla yanaşı, Azərbaycanda xarici dildə fəaliyyət göstərən media resurslarının sayını artırmalıyıq. Xarici media resurslarına qrantlar ayrılmalıdır. Stimul üçün xarici ölkələrdə media sahəsində çalışan, istər professional, istər texniki işçiləri mükafatlandırmaq olar. Məsələn, Türkiyə vətəndaşları xarici ölkələrdə hansısa bir müddət ərzində oxuyub və ya çalışırsa, vətəninə döndükdə ona gömrük və vergi güzəştləri edilir. Əlavə olaraq xaricdə çalışan azərbaycanlıların hər hansısa məlumatın yayılmasında əməyi keçərsə, ona mükafat verilməsini tənzimləmək olar.

Xarici ölkələrdə nüfuzlu media resurslarının rəhbərləri, müxbirləri və nüfuzlu bloggerlərlə şəxsi münasibətlər yaradılmalıdır. Onlarda Azərbaycana uyğun məlumatların yayılmasında maraq oyadılmalıdır. Sosial şəbəkələrdə və virtual forumlarda bloggerlər komandası yaradılmalıdır, həmin ölkənin universitetlərində jurnalistika fakültələri nəzdində mədəniyyət mərkəzləri açılmalı və gənc jurnalistlərin startup layihələrinə dəstək göstərilməlidir. Bununla yanaşı, İT, marketinq və PR sahələri üzrə keçirilən forumlar, sərgilər və treninqlərdə yaxından iştirak olunmalı və bu cür tədbirlər hazırlanmalıdır.

-Bəs bu baxımdan yerli medianın üzərinə nə düşür?

-Jurnalistlərimiz səngərdə keşik çəkən əsgərlərimiz kimi daim aktiv şəkildə, gözlənilən təhdidlərin qarşısının alınması üçün fəaliyyət göstərməlidirlər. Bizim strategiyamız ancaq müdafiə mövqeyində qalıb cavab yazıları hazırlamaq deyil, hücum mövqeyinə keçib ifşaedici yazılarla dünya mediasına çıxmaq olmalıdır.

Xarici mediada Azərbaycanla bağlı qərəzli yazılar verilən zaman həmin yazının elektron versiyasına şərhlər (kommet) yazmaq, bu məqalələrin qərəzli olduğunu faktlarla göstərmək lazımdır. Daha da irəli gedərək, həmin dillərdə məqalələr hazırlanmalı və o ölkənin istənilən mediasında çap olunmalıdır.

Ölkəmizdə informasiya savaşında iştirak etmək üçün yeni nəsil jurnalistlər yetişməlidir. Bu jurnalistlər 2-3 dilli olmalı və çevik şəkildə istənilən məsələyə münasibət bildirməlidir.  İnformasiya Təlim Mərkəzi yaradıb orada jurnalistlərə informasiyanı Avropa standartlarına uyğun və bizim maraqlarımıza cavab verən şəkildə necə istehsal etməyi öyrətmək olar.

Bəzən xarici portallarda bizim ölkəmizlə bağlı pozitiv şərhlər yazan əcnəbi imzalara rast gəlirik. Həmin insanları cəlb edib ölkəmizin lobbiçiliyində istifadə etmək olar. Hansı ki, ermənilər bir çox əcnəbi jurnalistləri öz tərəflərinə çəkib, Azərbaycana qarşı istifadə edirlər.

Azərbaycan jurnalistləri kütləvi şəkildə "Twitter"də aktivlik göstərib, bu kimi məsələlərə təsir etmək gücünü artırmalıdırlar.  Blogger jurnalistikası inkişaf etdirilməlidir. Bu, azərbaycanlı jurnalistlərin imzalarının xarici mediada tanınması üçün ən asan yoldur.

Azərbaycan saytlarının xarici saytlarla banner mübadiləsi etməsi mümkündür. Saytlarda ən azı bir əcnəbi dil bölməsi də olmalıdır. Həmçinin əcnəbi jurnalistlərlə informasiya mübadiləsinin edilməsi ölkəmizin PR-da əhəmiyyətlidir. Ümumiyyətlə, jurnalistlərimiz beynəlxalq aləmə açılmalı, dünya mediasına inteqrasiya xəttini tutmalıdır. 
 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR