Azərbaycanda yürüdülən plüralizim siyasəti öz nəticəsini verməkdədir

Hacı Ceyhun Şükürov: "Ölkə başçısının 2016-cı ili "Multikulturalizim İli", 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi ölkədə aparılan plüralist bir siyasətin bariz nümunəsidir"

Bir qayda olaraq demokratiya yolunu tutmuş ölkələrdə demokratik ənənələr, prinsiplər ən yüksək səviyyədə qorunur, onlara əməl edilir. Bu ənənələr, prinsiplər sırasında  fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm xüsusi yer tutur. Azərbaycan da demokratik cəmiyyətin bir üzvü olduğu, bu yolda addımladığı üçün qeyd edilən prinsiplər, ənənələr qorunur, onlara əməl edilir.

Qeyd etdiyimiz kimi demokratik prinsiplər, ənənələrin əsas göstəricilərindən biri də plüralizmdir ki, o, özü də bir neçə istiqaməti özündə ehtiva edir. Siyasi, dini, mədəni plüralizm. Əminliklə deyə bilərik ki, Azərbaycanda hər üç istiqamət, siyasi, dini və mədəni plüralizm mövcuddur. Xüsusilə, dini plüralizm özünü daha qabarıq şəkildə göstərir və ölkəmizdə olan bu  vəziyyət, durum haqlı olaraq bir çox hallarda dünyaya nümunə kimi təqdim edilir. Elə ilahiyyatçı Hacı Ceyhun Şükürov da bu qənaətdədir. O, bildirib ki, Azərbaycan suveren və demokratik bir ölkədir. Hacı Ceyhun Şükürovun qənaətincə demokratiyanın bizdən tələb etdiyi bir çox kriteriyalar vardır: "Bu kriteriyaların ən önəmlisi cəmiyyət fərdləri arasında olan plüralizmdir. Plüralizm qloballaşan dünyada mühüm bir dəyər kimi qəbul edilən və tez-tez gündəmə gələn mövzudur. Biz müxtəlif əqidə və mədəniyyətlərin zühur etdiyi əsrdə yaşayırıq. Azərbaycanda milliyətindən asılı olmayaraq bütün xalqlar, müxtəlif dinlərin nümayəndələri həmişə bir ailənin fərdləri kimi yaşayıblar. Bu baxımdan tolerant dəyərlər həmişə qorunub saxlanılıbdır. Tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibarətdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirir. Plüralizim bütün dini dəyərlərin hamısının eyni dəyərə malik olmasını və yaxud hamısını haqq olaraq qəbul etməmizi tələb edir. Ən ideal cəmiyyətdə belə mütləq vəhdət mümkün deyil". Hacı Ceyhun Şükürov qeyd edib ki, multikultural dəyərlər, tolerant fikirlər nə qədər qabarıq olsa da, dini sahədə mütləq plüralizim əldə etmək heç də asan məsələ deyil: "Qloballaşan dünyada plüralist olmaq məsələsinə gəlincə, bizimlə eyni qaynaqdan istifadə edən insanların fərqli düşüncə, mülahizə, fikirində ortaq məxrəcə gələ bilərik. Ancaq dünyaya açılınca tamam fərqli inanc, düşüncə və mədəniyyətə mənsub insanlarla qarşı-qarşıya gələcəyik. Bu zaman qətiyyən güzəştə gedilməməli və kimliyin aşınmasına imkan verilməməlidir. Belə bir vəziyyətdə əlaqəmiz iki yöndə inkişaf etməlidir. Onları bəzi düşüncələri ilə birlikdə qəbul etməli, bəzi düşüncələrinə qarşı da etiraz sərhədləri və müxalif şərhləri qoymalıyıq". İlahiyyatçı deyib ki,  dini plüralizm yeni ilahiyyatın və din fəlsəfəsinin mühüm bəhslərindən biri sayılır: "Bütün dinlərin haqq olduğunu israr edən bu cərəyanın banisi keşiş və filosof Con Hikdir. O, XX əsrin ortalarında bu məsələni din fəlsəfəsində müzakirəyə çıxarıb. Onun plüralist görüşlərlə çıxış etməsinin əsas səbəbi bir çox dinlərə mənsub insanlarla həmkarlıq etməsi idi. Bu əlaqələr onu müxtəlif dinlər barədə düşünməyə vadar etdi və nəhayət, Hik xristianlıqla bağlı əqidələrindən daşınaraq bütün dinlərə sitayiş edən insanların səadətə çatacağına inandığını bildirdi. Con Hik nə qədər bütün dinlərin eyni qaynaqdan gəldiyini iddia etsə də, batil dinlərin səmavi dinlərə nisbətdə bu dinlərin nümayəndələri tərəfindən inkar edildiyi bir həqiqətdir. Bununla yanaşı səmavi dinlərin Yəhudilik xristianlıq və islam dininin mənsubları tarixən bir cəmiyyətdə normal bir şəraitdə yaşayıblar. İslam Xəlifəti və Osmanlı zamanında həmçinin digər müsəlman ölkələri eyni zamanda səmavi dinlərin nümayəndələri digər insanlara şamil edilən imtiyazlardan istifadə etmiş insanların dini ayinlərinin icrası və dini vacibələrini yerini yetirilməsinə hər hansı bir məhdudiyyətlər qoyulmayıbdır. Hədisdə, "Cənnətin ortasına alaçığını qurmaq istəyənlər camaatı seçsin, cəmiyyətdə yaşamağa çalışsın və ayrılmasınlar" buyurulur. Bəli, insan hissiyyatına, anlayış, istedad, düşüncə və yetişdiyi mədəniyyətdən asılı olmayaraq müsəlman cəmiyyətdə, insanların arasında sadə bir insan kimi ömür sürməyə çalışmalıdır. Öz daxilimizdə təbii bir plüralizmin mövcudluğunu qəbul edib bunu Allahın bir lütfü saymalıyıq. Bununla yanaşı, hər məsələni "İslam hüququnun " tələb etdiyi əsasların çərçivəsinə salaraq, onun meyar süzgəcindən keçirib şəksiz bir həqiqət olub-olmadığını da müəyyənləşdirməliyik. Ancaq hiss, idrak, şərh müxtəlifliyi nisbətində bəzi məqbul fərqlərin də ola biləcəyini nəzərdən qaçırmamalıyıq. İnsanlarla harada necə rəftar etməli, necə qarşılamalı, onlara necə qucaq açmalı və s. kimi məsələlərin həlli dövrə görə fərqlənir. Dəyərlərimizdən keçmədən, kimliyimizi güzəştə getmədən, aşınmadan insanlara insan olduğu üçün dəyər vermək, fərqliliyi danılmaz bir həqiqət kimi qəbul etmək, bir az realist və rasional hərəkət edərək, Allahın izni və inayəti ilə, qloballaşan dünyada vəzifələrimizi layiqincə yerinə yetirmiş olarıq. Öz dünyamızda çətinliklərlə üzləşməyə bilərik. Lakin başqa dünyalara gəlincə, İslamiyyətin ümumbəşəriliyinə sığınmalıyıq. Bizim istifadə etdiyimiz, ya da bizə gəlib çatan təməl prinsiplərin ruhunda məhz bu ümumbəşərilik var. Ancaq bəzən mühit onların inkişafına mane olur. Dünyaya açılarkən zərurət və ehtiyaclar bu istiqamətdə inkişafımıza səbəb olacaqdır. Bu mövzuda dayazlıq İslamiyyətin ümumbəşərili ilə bağlı deyil, boya-başa çatdığımız, yetişdiyimiz mühitin verdiyi, ya da zorla mənimsətdiyi dayazlıqdan qaynaqlanır. Qaynaqlarımızı təkrar gözdən keçirmək, yeni tanış olduğumuz insanlara qarşı ümumi davranışlarımızı təkrar nizamlamaq¬ ümumbəşərilik üçün vacib əsaslardır. Başqa sözlə, mahiyyətimizdə nüvə şəklində olan "ümumbəşərilik" imani bir nəzərlə, fikir cəhdi ilə və qaynaqlarımızı yenidən nəzərdən keçirmə əzmi ilə inkişaf edəcək". Hacı Ceyhun Şükürov deyib ki, bu gün Azərbaycanda əhalinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq başqa dinlərin, xristian və yəhudilərin nümayəndələri istədikləri kimi dini ayinlərinin icrasını tam sərbəst şəkildə yerinə yetirirlər: "Üstəlik dini abidələrini sineqoq və kilsələrin əsaslı təmiri, məscidlər kimi dövlət tərəfindən yerinə yetirilir . Bu ölkəmizdə multikultural -tolerant dəyərlərin qabarıq formada olması ilə yanaşı plüralizim dəyərlərinə yüksək qiymət vermənin bariz nümunəsidir. Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. Digər tərəfdən, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Nəhayət Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri dini və sosial şərait mövcuddur. Azərbaycanda yürüdülən plüralizim siyasəti respublikada yayılmış mədəni və dini müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən siyasət öz nəticəsini verməkdədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan multikulturalizm məkanı kimi bir sıra orijinal çalarlara malikdir. Ölkənin bütün ərazisində Şərqlə Qərbin sintezindən yaranmış yeni məzmun və mahiyyətli hadisə ortaya çıxır. Bu, insanlarımızın həyat və məişətindən, dil və dinindən tutmuş, incəsənət növlərimizə də təsir edir, yeni versiyalar ortaya qoyur. Azərbaycanın istər coğrafi mövqedən, istərsə də dövlətimizin yürütdüyü siyasət baxımından Qərb və Şərq sivilizasiyalarının sintezində oynadığı rol xüsusilə böyükdür". İlahiyyatçı bildirib ki, Azərbaycan cəmiyyətində dini plüralizim əsasən İslam dininin ənənəvi məzhəb və təriqətləri arasında daha çox geniş şəkildə vüsət almışdır: "Buna misal olaraq Qafqazın ən böyük məscidi olan Heydər Məscidində icra olunan dini ayinlər cümə və digər vaxt namazların vəhdət şəkildə həyata keçirilməsini göstərə bilərik. Bu tipli davranışlar artıq Respublikanın bir çox dini ibadət məskənlərində və məscidlərində icra olunmaqdadır. Bu nümunəvi plüralist davranışlar bir çox məzhəb təəssübkeşliyindən əziyyət çəkən ölkələrdə də müsbət qarşılanır. Ölkəmizdə həyata keçirilən plüralizim siyasəti onu deməyə əsas verir ki bütün bu yuxarıda qeyd etdiyim məsələri Azərbaycanda əhalinin əksəriyyəti iki əlli dəstəkləyirlər. Ölkə başçısının 2016-cı ili "Multikulturalizim İli" kimi elan etməsi 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi ölkədə aparılan plüralist bir siyasətin bariz nümunəsidir. Bu cür təqdirə layiq davranış açıq-aşkar bütün dünya ölkələrinə bir nümunə və örnəkdir. Cənab prezidentin həyata keçirdiyi bütün bu humanist addımlar multikultural dəyərlərə sahib bir cəmiyyətin nə dərəcədə inkşaf etməsindən xəbər verir. Aparılan maarifləndirici tədbirlərin sayının artırılması, keçirilən konfranslar həm dini sahədə, həm də ictimai sahədə yüksək nüfuza malik şəxslərin dəstəyi sahəsində cəmiyyətimizdə plüralizmin yüksək səviyyədə inkişafına nail olunacaqdır. Bu işdə həm siyasi xadimlərin, həm ictimai xadimlərin, həm də dövlət nümayəndələrinin birgə həyata keçirdikləri tədbirlər bu inkişafın birbaşa dəstəkçisi olmalıdır".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR