Yerli istehsal və ixracatın stimullaşdırılması

"Made in Azerbaijan" brendi artıq dünya bazarlarında

On ildən artıqdır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı əsas diqqət mərkəzində olan məsələlərdən biridir. 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları ilə əsası qoyulan bu prosesin müsbət nəticələri də artıq özünü göstərməkdədir. 2014-cü ildən bəri dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra iqtisadi sahədə baş verən qlobal böhranın Azərbaycana minimum səviyyədə təsir göstərməsinin də təməlində məhz sözügedən dövlət proqramları dayanırdı. Zamanında həyata keçirilən regional proqramlarin uğurla icrası nəticəsində istər paytaxt, istərsə də əyalətlərdə yeni istehsal müəssisələrinin açılmasının məntiqi nəticəsi idi ki, böhran zamanı Azərbaycanda digər ölkələrdə olduğu kimi kəskin ərzaq qıtlığı və bahalaşması müşahidə edilmədi. Bu müsbət tendensiya bir tərəfdən də hökumətin zamanında atdığı antiböhran tədbirləri nəticəsində mümkün oldu.

Yerli istehsalçılara dövlət dəstəyi

Neft qiymətlərinin aşağı düşməsi fonunda müşahidə edilən iqtisadi böhran eyni zamanda qeyri-neft sektoruna bir qədər də diqqət ayrılmasının zəruriliyini ortaya qoydu və onu əsas prioritetə çevirdi. Bu istiqamətdə atılması vacib olan ən mühüm addımlardan biri isə yerli istehsalın daha da artırılması və ixracın stimullaşdırılması sayılırdı. Yeni şəraitdə qarşıya qoyulan məqsədlərə çatmaq üçün dövlət başçısı İlham Əliyevin ortaya qoyduğu güclü siyasi iradə, eləcə də həyata keçirilən ciddi islahatlar qarşıya qoyulan hədəfləri reallaşdırmağa imkan verir. Ölkədə yeni ixrac imkanlarının yaradılması, yerli məhsulların yaxın və uzaq xarici bazarlara çıxarılması, bu prosesin təşviq edilməsi və s. bu tədbirlər sırasındadır. Sevindirici hal ondan ibarətdir ki, əvvəlki illərdə yaradılan infrastruktur və həyata keçirilən layihələr bu gün Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsinə və regionlarda yeni istehsal sahələrinin yaradılmasına təkan verir. Regionlarda aqroparkların və sənaye zonalarının yaradılması prosesi uğurla icra olunur. Kənd təsərrüfatında yaddan çıxmış ənənəvi sahələrin dirçəldilməsi prosesi gedir. Yeni ixracyönümlü məhsullar istehsal olunmağa başlanıb və iqtisadiyyatımızın idxaldan azad olunması istiqamətində ciddi addımlar atılıb. 2014-2018-ci illərdə regionların sosial-iqtisadi proqramının uğurla yerinə yetirilməsi Azərbaycanın ixrac yönümlü məhsullar istehsal edərək dünyanın yeni bazarlarına çıxmasına səbəb olacaq. Bu istiqamətdə atılan addımlar və görülən tədbirlər sırasında "Made in Azerbaijan" brendinin yaradılması xüsusi qeyd edilməlidir. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev bununla bağlı "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nın təsdiq edilməsi haqqında müvafiq Fərman imzalayıb. B u fərman da öz növbəsində onun ğöstəricisi idi ki, milli ixracın artırılması istiqamətində Azərbaycan dövləti bir sıra tədbirlər həyata keçirməklə ixracatçılara daim dəstək verməkdədir.

Təbii ki, ixracın artırılması üçün hər şeydən əvvəl ölkədə yüksək keyfiyyətli məhsullar istehsal olunmalı və yalnız bundan sonra onun ixracı istiqamətində tədbirlər görülməlidir. Bildiyiniz kimi, dövlət başçısının tapşırığı ilə Azərbaycanda "Azexport" portalı yaradılıb və istehsalçılar həmin portal vasitəsilə öz məhsullarının dünya bazarlarında marketinqini apara bilərlər. Bu sahənin daha da irəli getməsi üçün ölkədə logistika mərkəzlərinin yaradılması istiqamətində də işlər sürətləndirilməli və yaxın-uzaq ölkələrdə Azərbaycan məhsullarının satışını təşkil edən yeni belə mərkəzlər yaradılmalıdır.

Azərbaycan məhsulları dünya bazarlarında

Azərbaycanın ixrac potensialının artırılması və yerli məhsulların xarici bazarlara çıxarılmasında yeni yaradılan "Ticarət Ev"ləri müstəsna əhəmiyyətə malikdir. Məlum olduğu kimi artıq xarici ölkələrdə "Ticarət Ev"lərinin yaradılmasına başlanılıb və belə evlərin yaradılmasında məqsəd Azərbaycan brendini tanıtmaq, ixrac potensialını artımaqdır. Artıq Belarusun paytaxtı Minsk şəhərində "Azərbaycan Ticarət Evi" yaradılıb. Azərbaycan Ticarət Evi "Made in Azerbaijan" brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək, Belarusda satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Artıq Azərbaycan "Ticarət Ev"i tərəfindən bu işlərə başlanılıb. "Ticarət Evi"ndə daimi fəaliyyət göstərən sərgidə 25-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar (şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s.) nümayiş olunur. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Ukrayna, Rusiya, Qazaxıstan, Asiya qitəsi və Körfəz ölkələrində də Azərbaycanın "Ticarət Ev"lərinin yaradılması istiqamətində işlər aparılır. Ümumilikdə Azərbaycan yerli istehsal mallarının ixracında irəliləyişə nail olmaq məqsədilə Avropa İttifaqı və MDB ölkələrinin bəzi paytaxtlarında "Ticarət Ev"ləri açmağı planlaşdırır. Bundan başqa, Azərbaycan məhsullarının təbliği məqsədilə xarici kütləvi informasiya vasitələrində reklamların yerləşdirilməsi istiqamətində də müvafiq işlər görülür.

"Ticarət Ev"ləri-ixracatçılar üçün yeni imkan

"Azərbaycan Ticarət Ev"ləri həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar yaradacaq. Asiya qitəsi ölkələri, eləcə də Körfəz ölkələrində Azərbaycan məhsullarına böyük maraq göstərildiyindən qeyd edilən regionlarda da "Ticarət Ev"lərinin qısa müddətdə yaradılması vacib istiqamətlərdəndir. Xüsusilə,

Azərbaycanın kənd təsərrüfatı məhsullarına Körfəz ölkələrində böyük maraq var. Körfəz ölkələrinin istehlak bazarı kifayət qədər böyük olduğu üçün onlar Azərbaycanda istehsal edilən və ixrac olunan malların bir çoxunu xaricdən, başqa ölkələrdən alır, idxal edirlər. Ancaq Körfəz ölkələrində "Ticarət Ev"inin tezliklə açılması ixrac potensialımızın artması və bu bazara asanlıqla daxil olmağımıza imkan yaradar. Bir sözlə Körfəz ölkələri, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün əlverişli bazar rolunu oynaya bilər.

Bundan başqa son illər Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında siyasi münasibətlər xeyli inkişaf etməkdədir. İki ölkə arasındakı siyasi münasibətləri iqtisadi müstəviyə də keçirməklə Azərbaycan üçün tamamilə yeni və perspektivli ixrac bazarları açıla bilər. Bununla da Azərbaycan istehsalı olan məhsullar Birləşmiş Ərəb Əmirlikləri bazarlarına yol tapa bilər. Məlumat üçün qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri 2017-ci ildən başlayaraq Dubay şəhərini təzə meyvə və tərəvəz məhsullarının regional mərkəzinə çevirmək planlarını açıqlayıb. Artıq bu məqsədlə BƏƏ müxtəlif ölkələrlə danışıqlar prossesini sürətləndirməyə başlayıb. BƏƏ-nin kənd təsərrüfatı məhsulları bazarı meyvə və tərəvəz növlərinə görə alt seqmentlərə bölünür. Bu alt seqmentlərə pomidor, kartof, soğan, sarımsaq, xiyar, badımcan, limon, alma, portağal, üzüm, çiyələk, yemiş, zeytun və s. daxildir. Qeyd edilən alt qruplara aid məhsulların əksəriyyətinin Azərbaycanda istehsal edildiyini nəzərə alsaq, o halda yerli istehsal məhsullarımızın asanlıqla BƏƏ bazarlarına çıxarma imkanı qazana biləcəyimizi söyləmək olar. Yəni, bu Azərbaycan meyvə və tərəvəz istehsalçıları üçün coğrafi cəhətdən çox da uzaqda olmayan yeni bir bazara işarədir.

Azərbaycanın ixrac potensialının artırılması və yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması istiqamətində atılan addımlardan biri də logistik mərkəzlərin yaradılmasıdır ki, bunu da Prezident İlham Əliyev vəzifə olaraq qarşıya qoyub. Bununla əlaqədar Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Azərbaycanın xaricdəki ilk Logistik Mərkəzi də məhz qeyri-neft sektorunun inkişafına, ölkəmizin ixrac və tranzit imkanlarının genişləndirilməsinə xidmət edir.

Müsbət qeyd edilməli məqamlardan biri də ondan ibarətdir ki, dövlətin yaratdığı imkanlardan istifadə edən ayrı-ayrı şirkət və müəssisələr də artıq öz istehsal etdikləri məhsulları "Made in Azerbaijan" brendi altında xarici bazarlara çıxarır, beynəlxalq sərgilərdə öz mallarını nümayiş etdirirlər. Bu şirkətlər sırasında Ulduz Şokalad Fabriki də öz səmərəli fəaliyyəti ilə seçilir. Məlumat üçün qeyd edək ki, Ulduz Şokolad Fabriki Asiyanın ən iri sərgisi "THAİFEX-WORLD of ASİA"da "Made in Azerbaijan" brendi ilə təmsil olunub. Şirkətin sərgidə nümayiş etdirdiyi məhsullar, Azərbaycanı təmsil edən stend Asiyanın ən böyük ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb olub. Fabrik sözügedən beynəlxalq sərgidə ölkəmizi qənnadı sektorunda öz sözünü demiş, raqabət qabiliyyətli keyfiyyətli məhsullar ilə təmsil edib.

Qeyd edək ki, 150-yə yaxın ölkənin iştirak etdiyi Asiyanın ən iri sərgisində iştirakçılar Azərbaycanın stendi qarşısında ayaq saxlayaraq şirkətin istehsal etdiyi məhsullarla yanaşı, ölkəmiz haqqında geniş məlumatlar əldə ediblər. Bundan başqa Tailandın TV kanalları da Azərbaycanı təmsil edən Ulduz Fabriki haqqında maraqlanaraq geniş reportaj hazırlayıblar.

Göründüyü kimi, yerli istehsalın artırılması və ixracatın stimullaşdırılması üçün bütün imkanlar var. İstər dövlət dəstəyi, istər əlverişli biznes mühit, istərsə də səmərəli əkin sahələri. Yerdə qalır yalnız, ayrı-ayrı iş adamlarının daha da məhsuldar çalışaraq yerli istehsalı bir qədər də artırmaq və onların xarici bazarlara ixracına nail olmaq. Mövcud göstəricilər və bu istiqamətdəki fəaliyyət onu deməyə əsas verir ki, tezliklə buna nail olunacaq və dünya bazarlarında Azərbaycan istehsalı olan məhsullar daha çox üstünlük təşkil edəcək.

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Mətbuat Şurası və "Veysəloğlu" Şirkətlər Qrupunun "İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR