Elçin Hüseynbəyli yazır... Belə-belə işlər

Elçin Hüseynbəyli

Belə-belə işlər

Parklar bizim bağçamızdır-2

Ötən yazımda bəziləri elə başa düşüblər ki, "bizim" deyəndə öz həyətimizi nəzərdə tuturam və "vosmoy bazarı"nın altından uzanan "Heydər Parkı"ndakı çayxana-kafelər, atraksionlar mənə məxsusdur, ona görə də iradlarımdan nəticə çıxarmayıblar: yenə də skamyaların ətrafı tum qabıqlarıyla doludur, çips qutuları elədən elə-belədən belə parkın ortasında fırlanır. Və sən demə, parkın dərd-sərini də elə oranı süpürənlər, siqaret kötüklərini dənləyənlər, ağac və çiçəkləri sulayanlar çəkir. Parkın səlirə-sahmanına məsul nəzarətçilər isə əlləri ciblərində gəzirlər.

Ötən dəfə qəribə bir mənzərəylə rastlaşdım. Park haqqında yazımı, özü də xətasız yazımı park işçiləri götürmək istəmədilər, qəzeti görəndə, ilan vuran ala çatıdan qorxan kimi, hürkdülər və nəhayət, israrlarımdan sonra park rəhbərini mənə nişan verdilər. O da öz növbəsində qəzeti aldı, o tərəf-bu tərəfinə baxdı. Yazının xoş niyyətlə yazıldığını eşidəndə bizə tanış ləhcəylə "ağrım, verək bir müdriyyət də oxusun, görək nə deer.." dedi. Ətrafdakı seyrçilər də yazının məzmunundan xəbərdar olandan sonra bəndənizi təqdir elədilər və mən elə güman elədim ki, yazıda qaldırdığım problemlər bir nüçə günə öz həllini tapacaq.

Mənə elə gəlir ki, ötən dəfə park müdriyyətinə rasional təkliflər vermişdim. Təklif etmişdim ki, parkın giriş-çıxışına, parkı zibilləməmək barədə xəbərdarlıq lövhəsi vurulsun və bu qadağaya tabe olmayanlar cəzalandırılsın. Amma üstündən iki həftə keçib və park rəhbərliyi bu təklifə heç bir reaksiya verməyib. Halbuki dövlət başçısından tutmuş adi vətəndaşa qədər - hamı ictimai rəyin əhəmiyyətini və vacibliyini dəfələrlə vurğulayıb. Çünki ictimai rəy yaşam və davranış qaydalarımızı müəyyən edir. Bu rəyi formalaşdıranların əksəriyyəti isə dövlət büdcəsinə para ödəyənlərdir və həmin park rəhbərliyinin özü də, işçiləri də büdcədən maliyyələşir. Ona görə də vergi ödəyiciləri parkların təmiz və rahat olmasında maraqlıdırlar.

Belə görünür ki, park rəhbərliyi səhlənkar, parkın bəzi avara, tum çırtlayan istifadəçiləri isə məsiliyyətsizdirlər.

Əgər rəhbərlik xəbərdarlıq lövhəsinin hazırlanmasına para zərcləmək fikrində deyilsə, onu mən özüm, yaxud başqa bir park istifadəçisi şəxsi büdcəsindən də ödəyə bilər.

Mövzumuz açıq qalır. Ötən dəfəki kimi, bu dəfə də yazı çıxan qəzeti park rəhbərliyinə verəcəm, görək sonrası nə olur...

18 iyun, 2017

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR