Girişi pullu olan çimərliklərimiz

Belə istirahət yerlərində pul yalnız xidmət üçün ödənilməlidir

İyunun 15-dən etibarən respublika ərazisində çimərlik mövsümünə rəsmən start verilib. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə paytaxtda iyunun 15-dən çimərlik mövsümü açıq elan edilib. Havaların hələ də sərin və küləkli keçməsinə baxmayaraq dəniz sahilinə gedən insanlar tapılır. Düzdür, insanlar kütləvi şəkildə dənizdə çimməsələr də sahildə dincəlməyə üstünlük verirlər. Amma qaçılmaz reallıqdır ki, qısa müddədən sonra əsil çimərlik mövsümü başlanacaq. Həm də nəzərə almaq lazımdır ki, artıq bir neçə ildir ki, ənənvi xarakter almış amillər çimərliklərdən istifadəyə maneəçilik yaradır. Çimərliklərin ekoloji vəziyyəti, girişin pullu olması, eləcə də bəzi çimərliklərin ətrafına hasar çəkilməsi vətəndaşların  bu hüquqdan istifadəsini məhdudlaşdırır. Belə bir şəraitdə çimərlik ərazilərimiz mövsümə hazırdırmı?

Bakı Şəhər İcra Hakimiyyətin bildirilib ki, çimərlik ərazilərinin təmizlənməsi və digər məsələlərdə hər bir rayon icra hakimiyyəti özü məsuliyyət daşıyır. Bununla belə, bütün çimərliklərdən istifadə etmək tövsiyə olunmur. Bununla yanaşı, Sumqayıt şəhər ərazisində də çimərlikdən istifadə etmək tövsiyə olunmur. Xəzər, Sabunçu, Binəqədi və Suraxanı rayonları ərazisində, eləcə də Novxanı çimərliyindən vətəndaşlar rahat istifadə edə bilərlər. Bu sıraya respublikanın şimal və cənub rayonlarında olan çimərlikləri də əlavə etmək olar. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətindən verilən məlumata görə, artıq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb. Nazirliyin xilasediciləri fasiləsiz olaraq istirahətə gələn vətəndaşların təhlükəsizliyini təmin edir. Çimərliklərdə ilkin tibbi müdaxiləni təmin etmək üçün təcili -tibbi yardım stansiyasının bir avtomobili, bir həkim və bir tibb bacısı da növbə çəkir.

Xatırladaq ki, bu fəaliyyətdə olan çimərliklərin ətraf əraziləri hasarlandığndan dəniz kənarında istirahət imkanları məhdudlaşdırılıb. Bu arada ölkə parlamenti tərəfindən çimərliklərlə bağlı yeni tələblər müəyyən edilib. Yeni qaydalara əsasən  ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun. Ancaq cari mövsümdə də bu qaydalara riayət olunacağı real görünmür. Əksinə, yeni qaydalar çəkilmiş hasarların bir az da möjkəmlənməsinə şərait yaradacaq.  

Digər vacib məsələ çimərliklərin insan orqanizmi üçün təhlükə yaratmaq faktorudur ki, insanlar bu amili bir o qədər də ciddiyə almırlar. Məsələn, illərlədir ki, Şıxov və Sahil  çimərliklərinin sanitar-gigienik qaydalara cavab vermədiyi barədə rəy verilir, ancaq insanlar buna məhəl qoymadan sözügedən çimərlikdən "rahat" şəkildə istifadə edirlər. Çünki, digər çimərliklərdən fərqli olaraq "Şıxov"da  pulsuz ictimai çimərlik var və sözügedən ərazinin sakinləriin heç bir halda oranı qoyub şəhərin o biri başına gedəcəyi inandırıcı görünmür. O da nəzərə alınır ki, Xəzərin istənilən ərazisində çirkli dəniz suyunun tərkibində müxtəlif xəstəliklərin daşıyıcıları ola bilər. Hansı ki, ekoloqlar küləyin gətiridiyi axıntılarla Xəzır dənizində müxtəlif xəstəlik yaradan amillərin ola biləcəyini deyirlər. Məsələ burasındadır ki, rəsmi qurumların xəbərdarlıqlarına baxmayaraq çimərlik üçün yararlı olmadığı məlum olan çimərliklərdən də istifadə olunur. Qeyd edək ki, Hövsan  çimərliyi sahildən digərləri ilə müqayisədə ən çirkli çimərlik görüntüsü yaradır. Yaxınlıqda balıq istehsalı müəssisəsinin olması bir yana, üstəlik qəsəbənin kanalizasiya sistemi açıq şəkildə dənizə axıdılır. Müvafiq qurumlar isə hər il hazırladıqları rəydə bu çimərliyi yaralı hesab edirlər. Hansı ki, burada nəinki siya girmək, heç üfunətdən sahildə istirahət etmək mümkün deyil. Məsələ ondadır ki, bu ərazinin təhlükəli olması ilə  bağlı heç bir məlumat lövhəsi də yox idi. Maarifləndirici lövhələr, bəlkə də daha geniş məlumatların yer aldığı lövhələr olsa,  əhali oxuyub buradan istifadə etmək istəməz.Təəssüfləndirici haldır ki, əhali bu çimərliyin istifadə üçün yararsız olduğunu bilsə də, burada çimir, çünki digərləri puludur. Yerli sakinlər təbiətin bəxş etdiyi nemətdən pulsuz istifadə etmək istəyir. Axı, bu dəniz hamınındır, təkcə adını özəl qoyub çimərliklərə sahib çıxanların yox. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  öncə Azərbaycanda insanların antisanitar olmasından gileyləndi: "Hələ demirəm ki, dəniz nə qədər çirklidir. Əhali  də dənizi və ətrafını çirkələndirir. Biz əhaliyə deyirik ki, pul verib dənizə girmək düzgün deyil. Çimərlik hamının və giriş pulsuz olmalıdır. Dünyanın ən ciddi kapitalist ölkələrinin çimərliklrində olmuşam. İtaliyada, Fransada və s.. Çimərliyə giriş pullu deyil". AİB sədrinin sözlərinə görə dövlət orqanları çimərliklərə girişin pullu olmasının qarşısını almalıdır, əhali bunun üçün pul verməməlidir.  Belə ki, pul sadəcə xidmət üçün ödənilər: "Bəzi çimərliklər çirkli elan olunur. Amma nə etmək olar, əhali çimərlikdən istifadə etmək, isti yay günlərində sərinləmək istəyir".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR