Züleyxa Nadir yazır... Yaxşılıq gəlir gətirən sərmayədi

Züleyxa Nadir

Yaxşılıq gəlir gətirən sərmayədi

Ramazan düşüncələrim..

Zaman o zamandı ki, "azan səsini eşitmək istəmirəm" deyə fikirlərini sosial şəbəkədə paylaşanlar var. Guya azad söz demək üçün hər cür cəfəngiyyat yazmaq istəyinin qarşısını boğa bilməyənlər içimizdə kök salıblar. Təbii ki, hadisələrə hər kəsin öz baxışı, öz dünyagörüşü var. Hər kəs öz "çərçivəsindən" boylanaraq qiymət verdiyi olayda özünü haqlı sayır. Amma elə şeylər var ki, toxunulmazdı, onların haqqında Allah tərəfindən tabu elan edilib.

Azan oxunmasına qarşı çıxmaq, ona üsyan etməyin adı nədi? Əslində mövzu bu deyil, bu haqda danışmaq istəmirəm. Belə şeyləri Allah özü "tənzimləyir". Orucluqda insanların yaxşı əməl sahibi olmalarından yazmaq istəyirəm. Ramazan ayının sonuna bir həftə qalıb. Bu ayda oruc tutanlar, Allaha ibadət edənlər özlərini Yaradana daha yaxın hesab edirlər. Çünki Allah onun sevgisinə qarşılıq verən bəndəsinin haqqını verir, onu layiq olduğu mərtəbəyə ucaldır.

Ən uca mərtəbə insanın etdiyi yaxşılıqdan dolayı qazandığı dualardı, başaqalarının ona sevgisidi, haqqında gözəl sözlər danışmasıdı. Məncə, bundan böyük mükafat, bundan uca məqam, hündür mərtəbə yoxdu.

Ramazan ayı təkcə 30 gün aclıq nəfsini sınaqdan keçirmək deyil. Ramazan ayı insanların bir-birinə olan sevgisinin, birinin o birinə etdiyi yaxşılığın Allah tərəfindən qiymətləndirildiyi aydı. Ramazanda edilən yaxşlıqlar, ramazanda sərgilənən diqqət və qayğılar ən yaxşı, ən böyük əməldi.

Yaxşı əməl nədi? Bir yetimin başına sığal çəkib onun könlünü almaq, bir acın qarnını doyurmaq, dərddən, kədərdən əyilən bir qamətin dik dayanmasına yardım etmək, gözdən axan yaşı silmək, çarəsiz bir xəstəyə dərman almaq, ya da ki, ona şəfa olacaq ümidverici sözlər söyləmək, sənə uzanan əli geri qaytarmamaq və s.

İlk baxışda bunlar çox balaca görünə bilər. Amma bu əməllər yaxşılığın ən unudulmaz, ən müqəddəs elementləridi. İnsanın xırda bir yaxşı əməli onu gündəlik yaşam tərzində işığa doğru istiqamətləndirir. Böyük yaxşılıqlar isə onu böyüdür, ucaldır. Yaxşı əməl sahibləri nə qədər ucada olsalar da heç vaxt insanlara yuxarıdan aşağı baxmırlar. Onlar orda da yuxarı boylanıb ehtiyac sahiblərinə nəsə kömək etməyə çalışırlar. Belə yaxşılıq sahibləri Allah ucalığına az da olsa yaxınlaşa bilirlər.

Nə yazıq ki, pislik etmək, hər zaman yaxşılığın üstündən keçib onu tapdalamaq da insan övladının xislətində yer tutan bir nəsnədir. Bu cür insanlar yaxşı əməl sahiblərini qətiyyən anlaya bilmirlər. Pis əməl törətmək gözlərini o qədər kor edir ki, dünyada yaxşılığın olduna inana bilmirlər. Bəzən çalışsalar da ki, yaxşı bir iş görsünlər, yenə də alınmır. Çünki zalımlıq, qəddarlıq onlarla bərabər doğulur, qanlarında, canlarında olur. Onlar xilaskarını sancan əqrəb kimidirlər.

Vaxtilə anam zalım adam haqqında belə bir hekayə danışmışdı. Çox qəddar olan və bundan dolayı günahlarla yüklənmiş bir nəfər ölür. Cəhənnəm mələyi onu qarşılayaraq

deyir ki, bilirəm cəhənnəmə getmək istəməyəcəksən. Ona görə də həyatın boyu etdiyin balaca da olsa bir yaxşılığı xatırlasan kifayət edər ki, cəhənnəm əzabından xilas olasan. Adam fikirləşir, çox həyəcanlanır, dost-tanış, qohum-qonşunu gözünün önünə gətirir, hansı birinə yaxşılıq etdiyini yadına salmaq istəyir. Amma olmur. Axı, kimsəyə yaxşılıq etməyib. Cəhənnəm mələyi ona vaxtın bitdiyini söyləyir. Amma o xilas olmaq üçün hələ də bir səbəb tapa bilmir. Onu cəhənnəmə atmaq istəyəndə nəyisə xatyırlayıb qışqırır: dayanın, yadıma düşdü. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçək gördüm. Yuvası pozulmasın, qurduğu tor qırılmasın deyə yanından ehtiyatla keçib getdim.

Mələk gülümsəyir, üzünun nuru günahkar adamın gözünə qamaşdırır. Elə bu vaxt göydən bir hörümçək gəlib torunu qəddar adama uzadır ki, onu xilas etsin. Adam tordan yapışıb cəhənnəmdən yuxarıda yerləşən cənnətə doğru qalxmağa başlayır. Onunla eyni vaxtda aşağıdakı başqa günahkarlar, zalımlar, qəddarlar da tordan yapışmağa cəhd edirlər. Hətta bir neçəsi buna nail olur.

Adam qorxur ki, bu qədər günahkarın ağırlığı toru qıra bilər, cənnətə çata bilməz. Ona görə də yalnız özünü düşünür, xilas olması üçün ayağı ilə tordan yapışanları vurub yerə salır. Elə bu an tor qırılır və düşür cəhənnəmin dibinə. Adamın günahlarının üstünə hopmuş qorxusu və narahatlığı həmin məqamdaca qəzəbə və paxıllığa çevrilib özünün "başını yeyir". Mələk ona deyir ki, burada da pis əməlindən qalmadın, son anda heç olmasa bir-iki insana balaca da olsa yaxşılıq sərgiləyib ömrüboyu etmədiyin bir əmələ əl atmış olardın. Sən bu şansı da itirdin...

Ramazan ayıdı. Yaxşılıq etmək üçün bundan gözəl fürsət varmı? Nizami Gəncəvi yazır ki, yaxşılıq insanlıq sənətidi. Bu, doğrudan da belədi. Yaxşılıq insanları bir-birinə bağlayan qızıl zəncirdi, boyunbağıdı. Bu zəncirin bir halqası qırılsa da onu təmir etmk mümkündü. Amma pisliklər nə bir-birinə bağlanır, nə də təmir etmək olur. Pislik üfunətdi...

Günəş öz istisini, ay işığıını təmənnasız olaraq paylayır. Biz də elə olmalıyıq. Təmənna, əvəz gözləməmliyik. Xüsusilə də bu ramazan günlərində yaxşılıq qapımız açıq olmalıdı. Ki... dualarımız Allah qatına qədər gedib çatsın, günahlarımız bağışlansın. Oruc tutan insan bilərəkdən, ya da bilməyərəkdən etdiyi pisliklərin də orucunu tutmalıdı. Otuz gün ərzində qarnı ac olsa da mənəviyyatı tox olmalıdı. Mənəviyyat toxluğu yaxşılığın ziynətidi. Kim ki, bu ziynətdən məhrumdu onun tutduğu oruc da, qıldığı namaz da bir fayda verməz.

Yaxşılıq heç bir zaman boşa çıxmayan və daim gəlir gətirən sərmayədi. Kiməsə balaca bir yaxşılıq etsən, əvəzini beş-on qat alacaqsan. Yaxşılıq pisliyin düşmənidir. Daha yaxşı olmaq isə yaxşıdan üstündü.

Gəlin bu üstünlüyü əldən verməyək. Heç zaman "kaş ki.." deməyək, son nəfəsimizə qədər "şükür" deyək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR