Tarixi romançılıqda Yunus Oğuz yolu

Vaqif Yusifli
Filologiya elmləri doktoru 

(Əvvəli ötən sayımızda)

Yunus Oğuz təsvir etdiyi dövrün (XVI əsr) hadisələrinə heç bir müdaxilə eləmir, yəni məlum hadisələrə özündən yeni bir hadisə əlavə eləmir. 
Əgər edirsə də, həmin dövrün tarixi koloritindən kənara çıxmır. Lakin o, tarixi dövrə müasir bədii təfəkkürün işığında yanaşır. O dövr üçün də indiki tək BİRLİK, BÜTÖVLÜK, MÜSTƏQİLLİK ideyası bir konsepsiya kimi mövcud idi. Təbii ki, bu konsepsiya XVI əsr üçün fərqli idi. Maraqlıdır ki, Təhmasib müxtəlif təriqətlərin, ideya-siyasi-fəlsəfi cərəyanların fəaliyyət göstərdiyi, həmçinin bir-birilə dost olmayan müxtəlif tayfaların qarşıdurması zəminində heç də çaşbaş qalmadı. Ağıllı siyasəti ilə BİRLİK İDEYASINA sadiq qaldı.

Müəllifin bir uğuru da ondadır ki, XVI əsr Azərbaycanı haqqında müəyyən tarixi, etnoqrafik, ictimai-siyasi mahiyyətli təsəvvür əldə edirsən. Biz müəlliflə bərabər Təhmasib şahın sarayını seyr edir, buradakı əyanların, vəzir-vüzəranın, ordu başçılarının hərəkətlərini izləyir, bəzilərinin həyat tərzi ilə də tanış oluruq. Biz müəlliflə bərabər Təbriz şəhərini gəzir, sadə peşə adamlarının, zəhmətkeş insanların əhatəsinə düşürük. Xüsusilə, Sultan Süleymanın hər yürüşü zamanı xalqın mətanəti, şaha sədaqəti bizi heyrətə gətirir. Digər tərəfdən, Yunus Oğuz əsrlər boyu qüdrətli bir dövlət kimi formalaşan Şirvan şahlığının süqutunu da, Səfəvilərlə münasibətini də nəzərdən qaçırmır. Yəni Azərbaycan xanlıqlarının o dövrki mövcudluğunu və iddialarını da unutmur.

"Təhmasib şah" həm də xarakterlər romanıdır, lap elə deyək ki, xarakterlər sərgisidir. Başda Təhmasib şah olmaqla, əsərdə dolğun obraz kimi diqqəti cəlb edən nə qədər yaddançıxmaz insanlarla qarşılaşırıq. Biz ilk fəsildəcə ölüm yatağında olan Şah İsmayılın vəsiyyətini dinləyirik: "Mən canımdan çox sevdiyim Azərbaycanımı tam birləşdirə bilmədim. Şirvanı və Şəkini nəzərdə tuturam. İndi bu şərəfli iş sənin öhdənə düşür. İnanıram ki, sən bunu edəcəksən. Bunu etmək üçün yeddi Oğuz tayfasını öz ətrafında cəmlə.  Çalış ki, heç zaman səndən uzaqlaşmasınlar. Mən Rumlu, Qacar, Avşar, Zülqədər, Təkəli, Ustaclı, Şamlı tayfalarını deyirəm. Onlar sənin döyüşən qolların, səltənətin isə dirəkləridir". Bu sözlər-bu vəsiyyət, əslində romanın ideyasını, Təhmasib şahın yolunu, amalını işıqlandırır. Romanın ideyası elə bunun üstündə qurulmuşdur.

Lap ilk fəsillərdə-Təhmasibin hələ bir şah kimi özünü tam dərk etməməsi mərhələsində Div Sultanla Köpək Sultanı xatırlayaq. Onların hər birinin içində şahlıq iddiası yaşayır və hər biri də bu iddianın qurbanına çevrilir. Sonra Çuxa Sultan gəlir, o da iddiasının tələsinə düşür. Müəllif bunların, eləcə də, Təhmasibin qardaşları olan Sam Mirzənin və Əlqas Mirzənin ürəyinin içini görür, onların ŞAH OLMAQ xəyalları ilə real həyatdakı görünüşləri, hərəkət və rəftarı arasında ziddiyyəti qabardır. Əsərdə Təhmasibin digər düşmənləri də var və müəllif onları da nəzərdən qaçırmır. Təhmasibə qulluq göstərib sonra düşmən tərəfə keçən Üləma bəy Təkəli belə obrazlardan biridir. Məqsədi budur ki: "Qızılbaş və Osmanlı dövlətləri arasında, birinci mərhələdə mərkəzi Bidlis olmaqla Qars, Ərzurum, Diyarbəkir, Van, Qərbi Azərbaycan ərazisində yarımmüstəqil bir bəylik yaratsın. İkinci mərhələdə isə bu yarımmüstəqil dövləti müstəqil dövlətə çevirsin. Ancaq o, bu məqsədləri ürəyində saxlayır, Osmanlı sultanına həmişə öz sədaqətini izhar edirdi". Üləma bəy Təkəli Sultan Süleymana sığınır və onun yürüşlərində fəal iştirakçıya çevrilir, amma niyyəti puça çıxır.

Bu obrazlara tarixi baxımdan yanaşaq. Onları heç də miskin, şərəfsiz insanlar kimi qınaq hədəfinə çevirmək olmaz. Hər biri özünə görə ağıllı və qüdrətli insanlardır və təbii ki, hər birinin içində şahlıq iddiası baş qaldıra bilər. Lakin məsələ burasındadır ki, xəyalları və arzuları ilə real gerçəklik arasında böyük bir uçurum var. Şahlığa layiq olmayan şahlıq iddiasına düşür və bu da onu məhvə sürükləyir.

Təhmasibin həyatı, şahlığı...bunların sonadək izlənilməsinə gəlincə, deyək ki, Sultan Süleymanla sülh müqaviləsi bağlanandan sonra romanda hadisələr də qapanır, bundan sonra hadisələrin təsvirini qısa bir xronika əvəz edir. Oxuyuruq: "Həyatda nəyə can atmışdısa, ona nail olmuşdu. Özünün şahlıq dövrünü özünə halal hesab edirdi. Atasının yanına üzüağ gedə bilərdi. Özündən sonra böyük Azərbaycan miras qoyacaqdı.Əsası qaraqoyunlulardan başlanan bütöv Azərbaycanı bir böyük ölkə halına gətirmək ideyasını yalnız Təhmasib şah tam həyata keçirə bilmişdi. O, Şirvanşahlar və Şəki vilayətini, həmçinin Tiflisi öz hakimiyyətinə aldı və əraziləri Azərbaycan torpaqlarına qatdı. Yalnız bir arzusunu həyata keçirə bilməmişdi: doyunca şeir yazmağı, incəsənətlə məşğul olmağı. Bunun zamanı çatanda artıq buna kifayət qədər təbi və hövsələsi qalmamışdı. Buna da çox üzülmürdü. Gördüyü işlər daha möhtəşəm idi".

Biz romanın sonunda belə bir möhtəşəm şahla vidalaşırıq.  Mənəvi babalarımızdan biriydi o.

İndi isə Yunus Oğuzun "Əmir Teymur" romanından qısaca söz açaq. Roman iki kitabdan ibarətdir: I kitab "Zirvəyə doğru", II kitab "Dünüanın hakimi" adlanır.

Əlbəttə, tarixi şəxsiyyətin miqyas və böyüklüyünə görə, Əmir Teymur Nadir şahdan da, Təhmasib şahdan da qat-qat güclüdür, təkcə Şərq dünyasında deyil, bütün dünyada tanınan, sağlığında heyrətamiz bir şəxsiyyət kimi (burada fateh, basılmaz sərkərdə, həm də elmin, mədəniyyətin, şəhərlərin çiçəklənməsi üçün çalışan ədalətli, sivil bir hökmdar ifadələri yerinə düşür) dərk və etiraf olunan fövqəladə insan idi.

Təbii ki, Teymur haqqında çox yazıblar. Bu yazıların hər birində son dərəcə güclü bir şəxsiyyətin taleyindən söz açılır və istər obyektiv, istərsə də qərəzli və subyektiv reallıqları əks etdirsin, o əsərlərin hamısında ƏMİR TEYMUR nəhəngdir.Ancaq hər bir yazıda (söhbət bədii və publisistik əsərlərdən, tarixi xronikalardan gedir-V.Y.) Əmir Teymurun nəhəngliyi, fatehliyi özünəməxsus çalarlarla diqqəti cəlb etməlidir. Yunus Oğuzun romanında Əmir Teymura, onun şəxsiyyətinə, apardığı siyasətə böyük rəğbət hissi duyulur və müəllif sadəcə, onun keçdiyi savaş yolunu, apardığı müharibələri, daxili və xarici siyasətini izləməklə kifayətlənmir, həm də öz qəhrəmanını bütün bu məsələlərdə haqlı sayır. Buna səbəb odur ki, dünyanı lərzəyə salan Teymur ölkələri, şəhərləri qəsb etdiyi qədər də quran, tikən, yaradan bir şah olub. Şərq ölkələrində indi misilsiz tarixi abidələr kimi qorunan  saraylar, mədrəsələr, türbələr, məscidlər məhz Teymur zamanında inşa olunubdur.

Romanda Teymurun xarakteri, bir insan və hökmdar kimi özünəməxsus keyfiyyətləri Tacir Ağbabanın dili ilə belə səciyyələndirilir: "Əmir Teymur ona tabe olmayanlara qarşı çox qəddardır. Tabe olmadınsa, axırına çıxmayana qədər rahatlıq tapmayacaq. Bu zaman onun üzünü görməsən yaxşıdır. Hər yan dağılar, hər yan yandırılar.

Mərhəmətlidir, ona görə ki, əfv edə bilir. Ən qatı düşmən də onun qarşısında diz çökdükdə, günahını boynuna aldıqda, səhvini etiraf etdikdə, onu bağışlayır, var-dövləti əlindən tamam almır.

Xəsisdir, ona görə ki, bir quruşunun da qədrini bilir, hamısının hesabatını aparır. Boşuna para xərcləməz. Özü istəməsə, heç kimə heç nə verməz. Bütün tutduğu yerlərin haqq-hesab dəftərini özü yoxlayır.

Səxavətlidir, ona görə ki, yığdığını müəyyən işlərə, məscidlərin tikilməsinə, bəxşişlərin verilməsinə xərcləyir.

Güclüdür, ona görə ki, məğlubedilməz ordusu var. Onun ordusu onun yumruğu kimi bir şeydir. İstəyəndə hamısını birdən yumur, hamısını birdən açır. Orduda elə qaydalar qoyub ki, hətta təzə gələn döyüşçü də onun əmrini sözsüz yerinə yetirir-ölümə getmək olsa belə. Gücü həm də onun başındadır. Çıxılmaz vəziyyətlərdə onun başı o qədər dəqiqliklə işləyir ki, təəccüb etməyə bilmirsən.

Zəifdir, ona görə ki, o, təkdir. Məvrannəhrdə onu əvəzləyəcək insan, başqa bir əmir yoxdur. Yaxınlarına, ətrafına böyük sevgisi var. Onların başına bir iş gələndə üzülür, bir neçə gün özünə gələ bilmir.

Nifrəti böyükdür, ona görə ki, sevdiyi iş, onun qoyduğu qaydalar pozulanda bağışlamır, hətta ən yaxını olsa belə. Onun sevgisi ilə nifrəti arasında ipək pərdə qədər məsafə mövcuddur".

Qəddar. Mərhəmətli. Xəsis. Səxavətli. Güclü. Zəif. Nifrəti böyük. Bütün bu xasiyyətlər yalnız bir adamın subyektiv fikridir, biz bunun tarixi reallıq baxımından nə qədər doğru olub-olmadığının fərqinə varmırıq. Amma inanırıq ki, Əmir Teymur kimi son dərəcə ziddiyyətli bir insanda bütün bu müsbət və mənfi xüsusiyyətlər əks olunub. Yunus Oğuz da romanda mümkün qədər Teymuru belə bir mürəkkəb kompleksə malik bir şəxsiyyət kimi təqdim etməyə çalışır.

Tarixi roman müəllifi mütləq öz əsərlərində tarixi kolorit yaratmalıdır. Bunu M.S.Ordubadi bacardı, bunu Yusif Vəzir bacardı, Əzizə Cəfərzadə, Fərman Kərimzadə də bacardı, Yunus Oğuz da cəhd edir. Tarixi kolorit deyəndə təbii ki, təsvir edilən dövrün adət-ənənələri, sarayda və xalq arasında yaşanan özünəməxsus dil, məişət, davranış xüsusiyyətləri başa düşülür. Bu cəhəti Nizami Cəfərov da doğru sezib: "Bu dövr ("Nadir şah"dan söhbət gedir-V.Y.) bir milli düşüncənin çiçəklənməsi dövrüdür. Xalqın həyatının, məişətinin, xalq yaradıcılığının ön plana çıxması dövrüdür. Bunu da Yunus Oğuz romanda xeyli dərəcədə ifadə edə bilir. Bu ifadə onda özünü göstərir ki, o dövrün böyük sənətkarlarının adı çəkilir, müəyyən etnoqrafik detallar verilir. Məsələn, Nadir şahın oğlunun toyunda xalqın içərisindən gəlmiş qavaldaş ifaçısından başlamış Xəstə Qasıma qədər onların epizodik şəkildə olsa da, kifayət qədər maraqlı obrazları yaranır. Eyni zamanda, romanın özünün strukturunda bir dastançılıq, bir epos ruhu var".

Yunus Oğuz son dörd ildə daha məhsuldar işləmişdir. O, "Şah arvadı və cadugər", "Sultan Alp Arslan" və "Atabəy Eldəniz" tarixi romanlarını qələmə almışdır. Bu romanlar türkçülük və azərbaycançılıq ideyalarını möhkəm və davamlı şəkildə əks etdirir. Yenə də bu həqiqəti söyləməyi lazım bilirik: Yunus Oğuz tarixi, tarixi hadisələri, tarixi şəxsiyyətləriideallaşdırmaq fikrindən uzaqdır. O, sadəcə olaraq  tarixin üzərindən sirli, müəmmalı örtüyü çıxarıb atır. Bizi həqiqət işığına çəkib aparır. Tarixi romanda müəllifin nə dərəcədə yazıçı və nə dərəcədə tarixçi olmağı mühüm əhəmiyyət kəsb edir. Bunlar vəhdət təşkil edirsə, əsl tarixi roman meydana çıxır. "Şah arvadı və cadugər" romanında Yunus Oğuzun istifadə etdiyi bədii təsvir vasitələri, təhkiyyə üsulunun cazibədarlığı və Ordubadi üslubuna xas olan müəyyən xüsusiyyətlərin nəzərə çarpması romanın tarixilik prinsipinə qətiyyən xələl gətirmir. Nizami Cəfərov bu romana həsr etdiyi məqaləsində haqlı olaraq qeyd edir ki: "Bu əsər Yunus Oğuzun əvvəlki əsərlərindən daha mükəmməldir, rahat oxunur, hadisələr oxucunu çəkir. Elə bil xüsusi bir dünyaya düşürsən. Yunus Oğuz bu hadisələr, bu münaqişələr, bu münasibətlər dünyasının tam hakimi və müəllifidir. Yəni mən bunu heç bir tarixi romanda görməmişəm... Müəyyən epizodlar, detallar, təsvirlər var. Olduqca istedadla yazılıb, istedadla yaradılıb". Qeyd edək ki "Şah arvadı və cadugər" romanı Azərbaycan tarixində yer tutmuş Səfəvilər hakimiyyəti dövründən bəhs edir.

Yunus Oğuzun  "Sultan Alp Arslan" əsəri də müasir tarixi romanlarımızın maraqlı bir nümunəsi kimi diqqəti cəlb edir. Bu roman Yunus Oğuzun təkcə mükəmməl bir yazıçı olmağını deyil, həm də mükəmməl bir türkçü kimi diqqəti cəlb etdiyini də nəzərə çarpdırır. Romanın  hər bir səhifəsində Yunus Oğuzun türkçülük dünyasının zəfərləri ilə qürur duyduğunun, təsvir etdiyi qəhrəmanların möhtəşəm xarakterləri ilə fərəhləndiyinin şahidi olursan. Ancaq  bütün bunlar müəllifi ifrat aludəçilik həddinə aparıb çıxarmır.

Yunus Oğuzun "Atabəy Eldəniz" əsəri onun əgər belə demək mümkünsə, mürəkkəbi qurumamış romanıdır və bu roman haqqında iki həmkarım - Nizami Cəfərov və İsa Həbibbəyli mətbuatda geniş məqalələrlə çıxış etdiyindən üzərində çox dayanmayacağam. Bunu söyləyə bilərəm ki, Yunus Oğuz bizim böyük tarixçimiz akademik Ziya Bünyadovun tarix elmində gördüyü o möhtəşəm işi bədii ədəbiyyatda reallaşdırmağa çalışmışdır...

Yunus Oğuz Azərbaycan tarixi romanının XXI əsrdə yeni və maraqlı səhifələrini yaradan bir müəllifdir, onun mövzuları tarixin ən qədim köklərinə, qatlarına gedib çıxır - amma müasir bədii təfəkkürün işığı ilə.

Bu yolda Yunus Oğuza yeni uğurlar arzulayıram.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR