Vətəndaş cəmiyyətləri siyasi plüralizmin təntənəsi kimi

Azərbaycanda QHT-lər dövlət və ictimai idarəetmə prosesində  fəal iştirak edirlər

Müasir dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrilib. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem formalaşıb. Məlum olduğu kimi siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad  KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir. 1991-ci ildə Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu yoluna qədəm qoydu. Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı. Yaradılmış şərait ölkədə vətəndaş cəmiyyətlərinin müasir tələblərə uyğun formalaşmasına səbəb oldu. Qeyd edək ki, Azərbaycanda cəmiyyəti narahat edən problemləri aradan qaldırmaq, ictimai maraqları uzlaşdırmaq, mənəvi tələbatları ödəmək məqsədilə vətəndaşların müхtəlif ictimai birliklər yaratmaq ənənəsi tariхən mövcud olub. Çağdaş dövrümüzdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, dəstəklənməsi cəmiyyətin əsas hədəf və vəzifələrindən biri kimi çıxış edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişafı dövrü başlayıb. Bu yol heç də hər zaman rahat deyil, bir çox hallarda enişli-yoxuşlu olub. Üçüncü sektor təmsilçiləri öz inkişafında ən müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, nəticə etibarı ilə cəmiyyətdə özlərini təsdiqləyə biliblər. Vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında Azərbaycan dövlətinin, xüsusilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti var. Bütün bu müsbət məqamların fonunda müəyyən problemlər və həllini gözləyən məsələlər var ki, bunlar da hələ ki, üçüncü sektorun qarşısında qət ediləcək yolun çox olduğunu deməyə əsas verir.  Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyir ki, Azərbaycanda vətəndaş cəmiyyəti çox ağır və keşməkeşli bir həyat yolu keçib. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə qeyri-hökumət təşkilatları (QHT) yaranmağa başladı. Düzdür, ilk illərdə QHT adı altında fəaliyyət göstərmək heç də asan deyildi. Bu ad gələndə əksər adam onun müxalifət olduğunu, hakimiyyətin əleyhinə iş apardığını düşünürdü. Təbii ki, buraya maddi-texniki bazanın olmaması və ya zəifliyini də əlavə etmək olar. Məhz bütün bunlar eləcə də, cəmiyyətin QHT-lərə münasibəti bu sektorun inkişafına ciddi maneə idi. Lakin ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sektora münasibət yavaş-yavaş dəyişməyə başladı. Məhz ölkə rəhbərliyi tərəfindən QHT-lərə göstərilən bu xoş münasibət vətəndaş cəmiyyətinin inkişafına bir təkan oldu. Nəticədə ölkə ictimaiyyəti, məmurlar QHT-lərdən qaçmamağa, ona etimad göstərməyə başladı:"Azərbaycan QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır. Sərbəst birləşmək azadlığını özündə əks etdirən konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir. Sonrakı dövrlərdə bu sektorla bağlı müxtəlif qanunların qəbul edilməsi, ölkədə QHT hərəkatının daha geniş vüsət almasına imkan yaratdı. Qəbul edilən qanunlar vətəndaş cəmiyyətinin inkişafı üçün vacib bir platforma, qanunvericilik bazası yaratdı". Onun bildirdiyinə görə, yaradılan qanunvericilik bazası ölkə rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı üçüncü sektorun inkişafını şərtləndirən vacib məqamlardan oldu. 1998-ci ildə "Qrant haqqında" qanunun qəbulu qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyini və bütövlükdə donor resipiyent münasibətlərini tənzimləmək baxımından müstəsna əhəmiyyətli rol oynadı. Qanunun 1-ci maddəsi QHT-lərin birbaşa məşğul olduğu və maliyyələşmə üçün   prioritet hesab edilən sahələri -  "humanitar, sosial və ekoloji, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər istiqamətləri qanunvericilik səviyyəsində ayrıca təsbit edir: "2000-ci ildə qəbul edilən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanun isə qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə aydınlıq gətirir. Bu qanun QHT-lərin yaradılmasından başlayaraq, onların hakimiyyət orqanları ilə münasibətlərinə qədər, meydana gələ biləcək bir çox məsələləri tənzimləməyə çalışır. Həmçinin, qanun qeyri-hökumət təşkilatlarının fəaliyyəti, yenidən təşkili və ləğv edilməsi qaydaları, onların idarə olunmasının əsas prinsiplərini  nizamlayır. Qanuna əsasən, qeyri-hökumət təşkilatları ölkə daxilində və xaricdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yasaq edilməyən və konkret olaraq qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərlə ziddiyyət təşkil etməyən istənilən fəaliyyət növünü həyata keçirmək hüququna malikdir.Ümumiyyətlə yaxın keçmişə nəzər salaraq deyə bilərik ki, müstəqillik illərində Azərbaycanda inkişafında bir neçə mərhələdən keçən vətəndaş cəmiyyəti institutları, QHT-lər son 20 ildə vətəndaş cəmiyyəti quruculuğu, totalitar sistemdən demokratik cəmiyyətə keçidin, cəmiyyətin demokratik transformasiyası prosesinin, ictimai həyatın vacib institutlarından birinə çevriliblər. Bu dövrdə müxtəlif sahələrdə fəaliyyət göstərən, cəmiyyətin bütün sektorlarına dərindən nüfuz edən ictimai birliklərdən, fondlardan və digər QHT-lərdən ibarət qeyri-hökumət sektoru, üçüncü sektor formalaşıb. Bu illər ərzində davamlı təkamül və inkişaf prosesləri hazırda müxtəlif istiqamətlər üzrə QHT-lərin sabit qruplarının formalaşmasına gətirib çıxarıb". Onun qeyd etdiyinə görə, bu gün hətta ən qatı skeptiklər də ictimai həyatın bütün sferalarına dərindən nüfuz etməyə çalışan vətəndaş cəmiyyəti institutlarının cəmiyyətin inkişafına, tərəqqi proseslərinə töhfə vermək səylərinin nəticəsiz qalmadığını etiraf etmək məcburiyyətindədirlər. Bütün çətinlik və maneələrə baxmayaraq ölkəmizdə üçüncü sektor nümayəndələri irəli çıxmağa, onları qəbul etməyənləri özləri ilə hesablaşmağa məcbur etdilər, bir sözlə özlərini təsdiqləməyə nail oldular. Son 20 ildən artıq zaman kəsimini obrazlı şəkildə ifadə etsək, vətəndaş cəmiyyəti institutlarının məhz özünütəsdiq, cəmiyyətin aparıcı qüvvələrindən biri kimi qəbul edilmək və tanınmaq dövrü kimi xarakterizə etmək olar. Keçilmiş yola nəzər salsaq, görərik ki, vətəndaş cəmiyyəti institutları demək olar, bir çox istiqamətlərdə neqativ təsirlərə məruz qalır və bunlarla mübarizə aparmalı olurdular: "Sonrakı mərhələlərdə, xüsusən son illik zaman kəsiminə nəzər saldıqda deyə bilərik ki, ölkə prezidenti cənab İlham Əliyevin apardığı milli, bəşəri, mütərəqqi beynəlxalq siyasəti Azərbaycanda da hüquqi dövlətin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, o cümlədən də vətəndaş cəmiyyətinin praktiki olaraq möhkəmlənməsi və inkişafı üçün zəmin yaratdı. Bu istiqamətdə dövlət başçısı tərəfindən müəyyən qərarlar verildi. 2007-ci il 27 iyulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam ilə MDB məkanında ilk dəfə olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi də bu qəbildən olan addımlardandır".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR