Tarixi romançılıqda Yunus Oğuz yolu

Vaqif Yusifli
Filologiya elmləri doktoru 

Dahi fransız yazıçısı O.Balzak kitablarının birinin müqəddiməsində yazır: "Əsl tarixçi fransız cəmiyyətidir, mən isə ancaq onun katibiyəm". Azərbaycan tarixi romanlarından söz açanda bu kəlamı həmişə xatırlayıram və belə düşünürəm ki, Məmməd Səid Ordubadidən başlayan tarixi roman ənənəsi bu gün də uğurla davam etdirilir. Və hər bir romançı Azərbaycan tarixinin müxtəlif qütblərini, həm işıqlı, həm də qaranlıq səhifələrini canlandırarkən məhz katiblik missiyasını yerinə yetirir. Onlar təzədən tarix yaza bilməzlər, ancaq tarixi hadisələrə və tarixi şəxsiyyətlərin həyat yoluna yenidən nəzər yetirib onları bədii şəkildə canlandıra bilərlər.

Bu əksetdirmədə tarixi reallıqlarla bədii təxəyyüldən doğan məqamlar bir-birilə vəhdət təşkil etməlidir, V.Q.Belinski demişkən: "Tarixi romana uydurma, hər şeydən əvvəl, şəxsi həyatı, ayrı-ayrı insanların taleyini təsvir etmək yolu ilə daxil olur və tarixlə bağlı hadisələr tək-tək adamların taleyi ilə qaynayıb qarışır". Amma dəxli yoxdur, istər tarixi reallıqlar, istərsə də yazıçı təxəyyülündən doğan hadisələr, olaylar, obrazlar...bütün bunlar təsvir olunan tarixi dövrün özünün obrazını yaratmalıdır. Bizim ən sanballı tarixi romanlarımızda, istər Ordubadi, istər Y.V.Çəmənzəminli, istər Ə.Cəfərzadə, istər F.Kərimzadə, istər Ç.Hüseynov və istərsə də digər tarixi roman müəlliflərimiz bu prinsipə həmişə əməl etmişlər. Son iyirmi ildə də tarixi roman öz inkişafından qalmamış, yazıçılarımız mövcud ənənəyə sədaqət göstərərək yeni əsərlər yazmışlar. Sabir Rüstəmxanlının, Elçin Hüseynbəylinin, Hüseynbala Mirələmovun, Mustafa Çəmənlinin tarixi romanları bu janrın inkişafında yeni bir dönəmin başlandığını sübut edir. Bu yazıda haqqında söz açacağım Yunus Oğuz da artıq tarixi romanlar müəllifi kimi diqqəti cəlb edir və artıq bu sahədə bir sıra uğurlar əldə etmişdir.

Yunus Oğuzun tarixi romanları ("Nadir şah", "Təhmasib", "Əmir Teymur", "Şah arvadı və cadugər",  "Sultan Alp Arslan", "Atabəy Eldəniz") son 10 ilin məhsuludur və doğrudan da bu rəqəmin özü adamı heyrətləndirir. On ildə yeddi tarixir roman ("Əmir Teymur" iki hissədən ibarətdir) dörd kitabda cəmləşib və əlavə edim ki, "Atilla", "Altun dəftər", "Nadir şah" pyesləri də tarixi mövzudadır, o zaman tarixi nəsrimizdə Yunus Oğuz yolunun varlığından söz aça bilərik. Və qəti əminəm ki, XXI əsrin kitaba o qədər də həvəsli olmayan oxucuları bu romanlara biganə deyillər.

Yunus Oğuzu on ildə yeddi tarixi roman yazmağa vadar edən səbəb nədir,-deyə düşündüm. Birincisi, belə güman etdim ki, əsas səbəb onun heç də   tarixçi olmasında deyil, illər boyu ürəyində mürgüləyən, sonrasa birdən-birə ayılan yazıçı şövqünün get-gedə şiddətlənməsidir. Necə ki, bəzi aktyorlar dönüb istedadlı bir rejissora çevrilirlər. Bu məqamda mən Yunus Oğuzun bütün bu romanlarına dəyərli müqəddimələr yazmış akademik Nizami Cəfərovun bir fikrini xatırlayıram: "Yunus Oğuzun çox zəngin elmi-tarixi düşüncəsi var, tarixə dərindən bələdliyi var, tarixlə işləmək mədəniyyəti, eyni zamanda, çox müasir və güclü bədii təfəkkürü var. Tarixdən yazan yazıçı üçün bunların hər ikisi mühüm məsələdir".

İkincisi, qəti əminəm ki, ən yaxşı, sanballı tarixi romanlarımız böyük vətənpərvərlik duyğusu ilə qələmə alınır və vətənpərvərlik duyğusu istənilən tarixi romanın məzmununa da, bədiiliyinə də təsirsiz qalmır. Yunus Oğuzun tarixi romanlarında da bunu hiss edirik.

Yazıçı üçün tarixi roman qələmə almaq çox məsuliyyətli bir işdir və burada ilk növbədə, əsl istedadla yanaşı, bu istedadı şərtləndirən bir çox arqumentlər də nəzərə alınmalıdır.  O arqumentlər sırasında yazıçının mürajiət etdiyi tarixi dövrü, haqqında söz açdığı tarixi şəxsiyyəti nə dərəcədə dərk etməsi birincidir. Deyim ki, Məmməd Səid Ordubadi Nizami dövrünü və Nizami şəxsiyyətini dərk etməsəydi, kifayət qədər (hətta tarixçilərin bildiyindən də artıq!) məlumatlı olmasaydı, necə deyərlər, təpədən-dırnağa nizamiləşməsəydi, "Qılfınc və qələm" kimi  möhtəşəm bir roman meydana gəlməzdi. Yaxud Yusif Vəzir Çəmənzəminli "Qan içində" romanını yazarkən Molla Pənah Vaqifin yaşadığı dövrə və bu böyük şairin həyatına, yaradıcılıq dünyasına bələd olmasaydı, gözəl bir tarixi roman yarana bilməzdi. XXI əsrin yazarı Yunus Oğuz da bu həqiqəti yaxşı bilir və öz tarixi romanlarını qələmə alarkən, əlində məşəl tarixin qaranlıq hücrələrinə yol alır.

Söhbətimizə xronoloji ardıcıllığa riayət edibən Yunus Oğuzun "Nadir şah"ından başlayaq. Xatırlayaq ki, XIX əsrin sonlarında-1898-ci ildə Azərbaycan dramaturgiyasında ilk tarixi faciə-"Nadir şah" yazıldı.  Onun müəllifi  o zaman bir maarifçi və demokrat kimi tanınan Nəriman Nərimanov idi. Təbii ki, "Nadir şah" faciəsini yazmaq Nərimanova ona görə lazım idi ki, öz maarifçi fikirlərini oxucuya çatdırsın, tarixə müraciət etməklə, əslində, müasirlərinə bir çox həqiqətləri çatdırmaq istəmişdir. Faciədə Nadir şah çox ziddiyyətli bir şəxsiyyət kimi təqdim edilir: həm müstəbiddir, həm də ağıllı bir islahatçı, həm adil bir hökmdardır, həm də oğul qatili.

Heç şübhəsiz, "Nadir şah" faciəsi N.Nərimanovun  dövlət və cəmiyyət, şahlıq və monarxiya, hökmdar və xalq haqqında fikirlərini ifadə etməyə xidmət etmiş və buna o, tamamilə nail ola bilmişdir. Amma Nadir şahın tam və dolğun obrazını bir pyesdən tələb etmək doğru olmazdı. Nadir şahın Azərbaycan tarixində tutduğu mövqe, onun amalları, uğrunda mübarizə apardığı ideallar fajiədə əks olunmamışdır. Ümumiyyətlə, keçən əsrin 90-cı illərinə qədər Azərbaycan ədəbiyyatında şahlara, hökmdarlara qarşı birmənalı şəkildə mənfi tendensiya mövcud olmuşdur. "Nadir şah" faciəsində bu, o qədər də hiss olunmur, amma Nadirin qaçaqçılıq, quldurçuluqla məşğul olması əsərin ilk şəkillərində xüsusilə nəzərə çarpdırılır. Bu da tarixi baxımdan dəqiqləşməyib, bəlkə də yanlışdır.

Yunus Oğuz "Nadir şah" romanında xronoloji ardıcıllığı gözləmiş, Nadirin uşaqlıq yaşlarından ta ölümünə qədər, bir insan-hökmdar ömrünü tam şəkildə əks etdirmişdir. Romana ön söz yazan Nizami Cəfərov qeyd edir ki: "Müfəssəllik, təfsilatın genişliyi, müəyyən məqamlarda hətta saray münaqişələrinin daxilinə girməyə qədər, tarixin məişətinə daxil olmağa qədər, bu üslub M.S.Ordubadinin üslubudur. Elə bil ki, Məmməd Səid Ordubadinin üslubunu Yunus Oğuz yenidən dirçəldir. Çoxlu tarixi romanlar yazılıb. Onların heç birində Məmməd Səid Ordubadi üslubu bu dərəcədə təzahür etməmişdi. Bu da onunla bağlıdır ki, Yunus Oğuz dövrü yaxşı bilir". Burada bizi maraqlandıran odur ki, Yunus Oğuz da öz qüdrətli sələfi kimi tarixi romanda MÜFƏSSƏLLİK yolunu seçmişdir. Ordubadinin üslubunun təzahürünə gəldikdə bu məqamda N.Cəfərovla mübahisə etmək fikrimiz olmasa da, deyərik ki, Ordubadidə olan üslub "şirinliyi", majəraçılığa meyl Yunus Oğuzda çox zəifdir.Yəni Yunus Oğuz Nadir şahı çox ciddi planda təqdim edir, əsərdə sevgi macəralarına demək olar ki, yer ayırmır, hadisələri Ordubadi sayağı macəraçılıq səmtinə yönəltmir və s. Nadirin şəxsiyyəti ilə bağlı araşdırmalar və eyni zamanda, onun həyatı, keçdiyi ömür yolu ilə bağlı oxuduğu mənbələr təsəvvürdə NADİR ŞAH  OBRAZInın başlıca cizgilərini yaratmışdır.

Nadir şah qüdrətli bir dövlət yaratdı, itirilmiş torpaqları qılınc və savaş gücünə geri aldı. Bəs niyə ölümündən sonra o dövlət parçalandı, xanlıqlara bölündü, sülalə davam etmədi? Bunun səbəbləri romanda birbaşa göstərilmir, amma təsvirlərdən aydın görünür ki, bu, belə də olmalıydı. Çox güclü bir fatehin, dünyaya meydan oxuyan bir hökmdarın düşmənləri də çox olur. Həm də qılınc hakimiyyətinin zəif nöqtələri çox olur və Nadirin hakimiyyəti də belə zəif nöqtələrlə dolu idi.

Yunus Oğuzun "Nadir şah" romanı böyük fateh haqqında bizim təkcə bildiklərimizi deyil, bilmədiklərimizi də açıqlayır və beləliklə, tamamlanmamış "Tarixi-Nadir" öz bədii-tarixi təcəssümünü də bu romanda tapır.

Yunus Oğuzun "Təhmasib şah" romanı da "Nadir şah"dakı üslubi xətti davam etdirir. Təbii ki, I Şah Təhmasib haqqında tarixi mənbələrdə maraqlı faktlar diqqəti cəlb edir, amma heç bir tarixi mənbədə şahın insani xarakteri, bu xarakteri səciyyələndirən güclü və zəif cəhətləri əks olunmayıb. Yazıçını da tarixçidən ayıran, fərqləndirən elə bu cəhətlərdir.

"Tarixçi dövrün ümumi  ictimai münasibətlərini əks etdirirsə, yazıçı ən çox dövrün psixologiyasını təşrih edir. Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana bilməz. Bir qədər də sadə desək, tarixçi "nələr olmuşdur?" sualına cavab verirsə, sənətkar "nələr ola bilərdi və necə ola bilərdi?" suallarına da cavab verir. Yazıçının vəzifəsi heç də tarixi şəxsiyyətlərin fəaliyyətini başdan-başa izləyib bədii tərcümeyi-hal yaratmaqdan ibarət deyildir (M.Hüseyn)".

Əlbəttə, Yunus Oğuz bu məlum həqiqəti yaxşı dərk edir və bədii tədqiq hədəfinə çevirdiyi tarixi hadisələri və şəxsiyyətləri bədii təxəyyül süzgəcindən də keçirir. Onun tarixi romanlarında təsvir olunan qəhrəmanlar həm tarixi şəxsiyyətlər, həm də insan kimi dolğun təsir bağışlayırlar. "Nadir şah"da bunu əyani gördük, "Təhmasib şah"da da həmçinin...

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında tarixi roman ənənələri artıq formalaşmışdır və indi də o ənənənin ən yaşarı xüsusiyyətlərini biz yeni yaranan tarixi romanlarımızda, o cümlədən, Yunus Oğuzun "Təhmasib şah" romanında da görürük. Tarixi həqiqətlərə sədaqət, lakin eyni zamanda, bu həqiqətləri bədii təxəyyül süzgəcindən keçirmək, daha çox tarixlə müasirlik arasında körpü yaratmaq, keçmişlə bugünü bir-birindən ayırmamaq fikrimizcə, əsas məqsəd bunlardır.

İndi isə "Təhmasib şah" romanının özünəməxsus xüsusiyyətləri barədə. Biz, həmçinin bu romanın Azərbaycan tarixi roman ənənələri ilə bağlılığı barədə də söz deyəcəyik.

Fikrimizcə, Azərbayjan tarixi romanlarının bir sıra ən uğurlu nümunələri-"Qılınc və qələm" (M.S.Ordubadi), "Qan içində" (Y.V.Çəmənzəminli), "Xudafərin körpüsü", "Çaldıran döyüşü", "Təbriz namusu" (Fərman Kərimzadə), "Bakı-1501", "Vətənə qayıt", "Yad et məni" (Əzizə Cəfərzadə)- ilə "Təhmasib şah" müəyyən tipoloji xüsusiyyətlərinə görə bir-birilə bağlı romanlardır. Ona görə ki, bu romanların hər biri həm tarixdən məlum olan şəxsiyyətlər və hadisələr haqqında olsa da, xronika səviyyəsində deyillər. Yəni tarixi hadisələr və şəxsiyyətlər barədə quru, ritorik məlumatlara bədii don geyindirilmir, tarix bizə çağdaş dövrümüzü xatırladır və bu səbəbdən də roman təkcə tarixi-bədii əsər kimi deyil, həm də müasir əsər kimi təsir bağışlayır. Təhmasib şah öz dövründə qüdrətli, əzəmətli bir şah idi və onun timsalında məlum olur ki, dövlətçilik ənənəsinin yaranmasında və möhkəmlənməsində, məmləkətin ədalətlə idarə olunmasında, ən çətin məqamlarda şahlığın, hakimiyyətin və ordunun xalqla birliyində hakim-liderin-şahın əvəzsiz rolu var. Təhmasib şah da atası-Şah İsmayıl kimi hakimiyyətə uşaqkən  (on-on bir yaşlarında) gəlmişdi, lakin o, get-gedə müstəqil ağlı, möhkəm iradəsi sayəsində ağıllı və qüdrətli bir hökmdara çevrilir. Səfəvilər dövlətinin, o zamankı Azərbaycan məmləkətinin düşməni olan Osmanlı imperiyası və Sultan Süleyman dörd dəfə yürüş etmişdi ki, Təhmasib şahı və onun hakimiyyətini sarsıtsın. Ancaq hər dəfə onun yürüşü uğursuzluqla nəticələnir. Nizami Cəfərov haqlı olaraq yazır ki, "Yunus Oğuz Təhmasibin hərbi taktikasına haqq qazındır, o, bütövlükdə ordunu yox, xalqı Sultan Süleymanın qarşısına çıxarır. Ordu ilə qalib gəlmir Təhmasib şah Sultan Süleymana, o, həmişə xalqın gücü, xalqın iradəsi ilə qalib gəlir. Bu, həm tarixin faktıdır, həm də əsərin hadisəsidir". Yunus Oğuz da öz tarixi romanında Azərbaycançılığı təbliğ edir və bu cəhət açıq şəkildə nəzərə çarpmasa da, biz əsərin ümumi ruhunda bunu hiss edirik.

(Ardı var)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR