Uşaqların böyüməyib qocaldıqları, ölüm düşərgəsi təki internatdan REPORTAJ - VİDEO - FOTO

Bir qədər gurultulu səslənə bilər - "Dəhşət"... Mediada klişe, çeynənmiş bir kəlmədir artıq. "Şok" da yazmaq olardı - bu da bayağılaşmış ifadədir artıq. Amma internatdakı vəziyyət, həqiqətən də, dəhşətdir, normal insan və normal dövlət üçün şokdur.

"Artyomun 27 yaşı var, amma 3 yaşlı uşaq təki çəkisi var. Cəmi 17,5 kiloqram. Bu isə Nikitadır. 19 yaşlıdır, çəkisi də 13,8 kiloqram. 23 yaşlı İlona 15 kiloqramdır, 13 yaşlı Vadim - 13,8 kiloqram".

Həkim-pediatr Aleksey Mamotov üzərində Vinni-Pux şəkilləri olan adyalı ehmalca qaldırır və canlı skeletə bənzəyən, 8 yaşlı uşaqdan fərqlənnməyən qızı göstərir: "Vikadır. 19 yaşı var. Çəkisi də 14,5 kiloqramdır. Halbuki onun çəkisi ən azı 50 kiloqram olmalıdı".

Milli.Az İmena-ya istinadən bildirir ki, Aleksey Belarusun paytaxtı Minskdəki internatda çalışır. Bu internat psixofiziki inkişafında qüsurlar olan uşaqlar üçün nəzərdə tutulub.

Hər səhər işə gəlir, Vika kimi uşaqlara, yeniyetmələrə, gənclərə baxır.

Vika kimi çox arıq, canlı skelet təki, çarpayıda çarmıxa çəkilmiş təki uzanmış biçarələrə. O kəslərə ki, valideynləri və hətta dəqiq yaşları da yoxdur. Çünki bu biçarələrin pasportda, şəxsiyyət vəsiqələrindəki yaşları ilə bioloji yaşları əsla uyğun gəlmir.

Uyğunluq olardı: bir şərtlə ki, internatda saxlananlar normal qidalanaydılar, üstəlik burada heç olmasa iki-üç mütəxəssis, reabitoloq çalışaydı.

Və internatda olanlara xüsusi, enteral rasionlu qidalar veriləydi.

Lakin dövlətin qurumu sayılan bu internatda nə normal qidalanma var, nə də işini bilən həkimlər.

İnternatda yaşayan, daha doğrusu, saxlanan zavallılar isə belə getsə əzablı, qısa həyata məhkumdur.

Onların əl-ayaqları dəri ilə örtülmüş çöpləri xatırladır və bu yazıqlar nasist Almaniyasındakı konsentrasiya düşərgələrində saxlanan məhbuslardır sanki.

1990-cı illərdə Rumıniyadakı "yetim qalmaqalı" bütün Avropanı lərzəyə salmışdı. 1966-1989-cu illərdə Rumıniyanın hakimiyyət dairələrinin yürütdüyü, abortların yasaqlanmasını ehtiva edən siyasəti nəticəsində yüzlərlə, minlərlə "arzuolunmaz" körpə ölkədəki uşaq evlərinə və sığınacaqlara verilmişdi.

Həmin uşaq evlərində isə körpələr insan orqanları alverçilərinin qurbanlarına çevrilir, ac qalır, dözülməz şəraitdə saxlanırdılar.

Deyəsən, Rumıniyadakı rəzalət Minskdə təkrarlanır.

A.Momotovun dediyinə görə, Minskdə və ümumiyyətlə, Belarusdakı uşaq evlərindəki situsiya ciddi araşdırılmalı, dövlət orqanları vəziyyətə qarışmalıdır. Çünki təxminən 100 uşaq və gənc acından ölmək ərəfəsindədir.

Çervenskidəki uşaq evinin direktoru Ella Borisova da deyilənlərlə razıdır: "Belə ac, distrofik uşaq xüsusi enteral, bol kalorili qidalanma olmadan ayağa dura bilməz".

Belarusun Baş Prokurorluğu olayı araşdırmağa başlayıb. Artıq 3 uşaq evinin direktoru vəzifəsindən azad olunub.

Minskdə 52 uşağın və gəncin acından ölmək təhlükəsi ilə yaşamasından Belarusda çox az adamın xəbəri varmış. Ölkə paytaxtında, Vısotski 16 ünvanda, şəhər kənarında yerləşən bu uşaq evini artıq "əsl cəhənnəm" adlandırırlar.

Hər şey A.Mamotovun Facebook-dakı profilində adi, sadə elanından sonra başlanıb.

"Salam, mən həkiməm. Minskdə əlil uşaqlar üçün internatın ərazisində mini-futbol turniri təşkil edirik. Əldə ediləcək bütün vəsait internatımızda yaşayan, ağır vəziyyətdə olan uşaqlar üçün əlavə enteral qidaların alınmasına sərf ediləcək. Hamınızı bu tədbirə dəvət edirəm", - elanda yazılmışdı.

Elandan sonra internata yollanan jurnalistlər gördükləri mənzərədən dəhşətə gəliblər.

Bir qədər gurultulu səslənə bilər - "Dəhşət"... Mediada klişe, çeynənmiş bir kəlmədir artıq. "Şok" da yazmaq olardı - bu da bayağılaşmış ifadədir artıq.

Amma internatdakı vəziyyət, həqiqətən də, dəhşətdir, normal insan və normal dövlət üçün şokdur.

"Başa düşürsünüz, bizim uşaqlara adi uşaq evlərindəki normal, adi uşaqlara ayrılan miqdarda və rasionda qida verilir. Bizim internat da adi uşaq evlərinə bərabər tutulur. Amma buradakı uşaqlar adi, sağlam yetimlər yox, çox ciddi və ağır anadangəlmə patologiyaları olan uşaqlardır. Bu səbəbdən də onların orqanizmləri adi qidanı həzm etmir. Nəticədə bu uşaqlar ya sürətlə arıqlayır, ya da çəki toplaya bilmirlər. Onlara xüsusi, müalicəvi, enteral qidalanma gərəkdir", - A.Mamotov söyləyib.

Boz-sarı rəngli bina. Bura internatdır. Küçədən yaxşı görünmür, çünki hasar yüksəkdir.

Buradakı uşaqlar dünyaya gələndə valideynləri onlardan imtina ediblər. Uşaq evlərindən, xüsusi məktəblərdən, başqa yerlərdən gətiriliblər. İstisnasız olaraq hamısında ciddi, anadangəlmə əqli gerilik və ağır formada uşaq serebral iflici, yaxud başqa patologiyalar var.

Hazırda bu internatda 127 uşaq var.

Bəli, hamısı uşaq sayılır - bəzilərinin 33 yaşı olsa da.

90 nəfərinin vəziyyətisə çox ağırdır. Ən kiçiyi 5, ən böyüyü 20 yaşdadır.

Çarpayıya məhkum rolmuş vəziyyətdə böyüyür, yaşlaşırlar, amma çəki yığa bilmirlər.

"Baxın, Vikadır. 19 yaşı var, böyük qızdır, amma çəkisi cəmi 14,5 kiloqramdır. Burada verilən qidanı orqanizmi həzm etmir. Nə yeyir, qusur, qaytarır. Çünki ona xüsusi qida verilməlidi", - A.Mamotov çarpayıdakı növbəti "canlı skelet"i göstərir.

Bir kənardakı çarpayıda isə 28 yaşlı Vadim uzanıb. Daun sindromlu xəstə olan Vadimin çəkisi vur-tut 25 kiloqramdır.

16 yaşlı, çəkisi 11 kq olan Anya artıq 7 ildir ki, internatdadır. O, danışa bilmir, gəzə bilmir. Üstəlik, qollarını da çarpayının kənarlarına bağlayıblar. Çünki o, aqressiya zamanı özünü vurur. Amansızcasına, çılğınlıqla.

Belə uşaqların qida rasionunun hazırlanması üçün xüsusi tədqiqat və müayinə aparılmalıdır. Müayinə isə hər uşağın orqanizmindəki maddələr mübadiləsini dəqiq öyrənməyə imkan verən metaboloqraf aparatı olmadan mümkün deyil.

Metaboloqrafın ən ucuzunun dəyəri 40 min avrodur.

Yoxsul, xəstə uşaqların qidasına pul tapa bilməyən internat 40 min avroluq avadanlığı necə, hansı pulla ala bilər ki...

Gecələr isə internatda növbətçi həkim olmur. Sadəcə, bir tibb bacısı növbədə qalır ki, onun da hətta ən fövqəladə, ağır situsiyalarda uşaqlara dərman preparatları təyin etməyə ixtiyarı yoxdur.

Tibb bacısı yalnız süni tənəffüs, yaxud ürək masajı edə bilər, vəssalam.

Bir gecə isə A.Mamotova internatdan zəng gəlibmiş: "Həkim, Saşa öldü, boğuldu".

Qida yeganə problem deyil. İnternatdakı uşaqların istisnasız olaraq hamısı yataq xəstələridir.

Yəni həyatlarının əksər hissəsini çarpayıda keçirirlər. Bu səbəbdən də onların bütün əzələlərində atrofiya var. Problemin həlli isə reabilitasiya mütəxəssisləri, reabilitoqlardır.

Onlar da yoxdur.

"Baxın, Alinadır. Bədəni burulub, əyilib. İki il əvvəl vücudu nisbətən normal idi. Reabilitasiya olmadan uşaq vaxt keçdikcə bu hala düşür. Ağciyərdə durğunluq başlanır, daimi pnevmoniya olur. Müalicə edirik, amma problem yenə yaranır. Orqanizmdə oksigen çatışmır, beyin pis işləməyə başlayır. Bu uşaqların beyin fəaliyyəti, onsuz da, qüsurlu olduğundan vaxt keçdikcə əsəb sistemi pisləşir. Axırda da beyində şiş yaranır. Vücud əyri vəziyyət aldığından ağciyərin, ürəyin, bütün orqanların fəaliyyətində pisləşmələr olur", - həkim Valeri Sivtsov deyir.

... Belarusun Baş Prokurorluğu araşdırma aparır. İnternatdakı uşaqlar isə cəhənnəmdən çıxacaqları günü gözləmirlər.

Onlar gözləməyi də yadırğayıblar...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR