“Bəzən elə açıq-saçıq reklamlar yerləşdirirlər ki…”

Deputat: "Avtobusdakı reklama nəzarət etmək lazımdır"

Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin aprelin 21-də keçirilən iclasında "Uşaq hüquqları haqqında qanuna" yeni maddənin əlavə edilməsi təklifi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, sənəddə ölkə üzrə bütün yerlərdə reklamlarda uşaqlara mənəvi və fiziki baxımdan zərərin qarşısını almaq üçün bir sıra qadağan tətbiq olunur.

Bunlar valideynin (qəyyumların, himayəçilərin, tərbiyəçilərin və digərləri) nüfuzuna xələl gətirən, başqa şəxsə münasibətdə kobudluq, təcavüzkarlıq, nifrət hissi aşılayan, qüvvətləndirici sözlər vasitəsi ilə ailənin maddi vəziyyətindən asılı olmayaraq, əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla valideynlərin bu əmtəəni almağa vadar edilməsi, həyat və sağlamlığa dair təhlükəli fikirlər, alkoqollu içkilərin istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi (eyni zamanda uşaqlar üçün proqramların alkoqollu içkilərin reklamına görə kəsilməsi) və s. bu kimi məlumatların verilməsidir. Həmçinin qanun layihəsində Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə, albomda, uşaqlar üçün nəzərdə tutulmuş kitablarda reklamlar qadağan edilir. Layihədə o da qeyd olunub ki, uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə biləcək reklamlar məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməyəcək. Komitə sədri qeyd edib ki, bu yaxınlaradək orta məktəblərin yaxınlığında reklamlar yerləşdilirdi. Dəftər və qələmlərin üzərində də reklamlar əks olunurdu. Hətta, cizgi filmləri nümayiş olunarkən fasilələrlə reklamlar verilirdi. Bunların hamısına qadağa qoyuldu. Onun sözlərinə görə, "Reklam haqqında" qanuna edilən dəyişikliklər və bu dəyişikliklərin tətbiqi nəticəsində  son dövrlərdə bu sahədə çox ciddi nəzarət var: "Yəni, artıq orta məktəb yaxınlığında uşaq psixologiyasına zərər vuran reklamlar yığışdırılıb".O, eyni zamanda əlavə edib ki, telekanallarda uşaqlar üçün  bir saatlıq film  bəzən 3 saat çəkirdi: "Axı, uşağın vaxtı azdır, ona lazım olan multfilmə baxıb  ya istirahət etməlidir, ya da dərsləri ilə məşğul olmalıdır. İndi isə bu cür  hərəkətlər yığışdırılmaqdadır". Deputat Dilarə Cəbrayılova  deyib ki, dərs vəsaitlərində reklamların olması uşaqları dərsdən yayındırır: "Bu cür reklamlara qadağa qoyulsa da, hələ də bu cür hallar baş verir. Bu da bizi narahat etməyə bilməz. Məktəb ətrafında reklamların yığışdırılması doğru qərardır. Bu, uşaqların müdafiəsi baxımından çox önəmlidir". Deputat Astan Şahverdiyev isə bildirib ki, uşaqlara nifrət aşılana bilməz: "Ermənistanda uşaqlara nifrət aşılanır". Deputat şagirdlərin məktəblərdə müəllimləri tərəfindən döyülməsinə də toxunub: "Bəzən görürük ki, hansısa şagird müəllimi tərəfindən döyülüb. Bu cür hallar yolverilməzdir. Düzdür, cəza tədbirləri görülür. Amma hər uşaq, valideyn şikayət edə bilmir axı? Ona görə də uşaqları qorumaq lazımdır". Deputat Tahir Rzayev  çıxışında ictimai nəqliyyat vasitələrində yerləşdirilən reklamlardan şikayətlənib: "Avtobusdakı reklama nəzarət etmək lazımdır. Bəzən elə açıq-saçıq reklamlar yerləşdirirlər ki... Həmin uşaqlar da o avtobusdan istifadə etdiyinə görə onlara zərərlidir". Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR