Alternativ cəza tədbirlərinə niyə üstünlük verilmir?

Cəza siyasətinin humanistləşdirilməsi  nədən ləngiyir?

Azərbaycanda dövlət idarəçilik sisteminin müasirləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilir, bu istiqamətdə reallaşdırılan dövlət siyasəti həm də məhkəmə-hüquq sahəsində əsaslı pozitiv dəyişikliklərin baş verməsi ilə müşahidə olunur. Ölkədə cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanana "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı da bu qəbildəndir.

Qeyd edək ki, mütəxəssilər dövlət başçısının sözügedən sərəncamını Azərbaycan Prezidentinin  humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsi kimi dəyərləndirilər. Çünki, sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir. Sənəddəin göstərilir ki, hazırkı dövrdə penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zərurətə çevrilmişdir. Hazırda məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının tətbiqi daha çox formal xarakter daşıyır. Cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir, ibtidai istintaq və məhkəmə orqanları zərurət olmadan şəxslərin həbs edilməsinə yol verirlər. Bununla da əsasən azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verilir, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal yanaşılır. Böyük ictimai təhlükə törətməyən, az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbiri geniş tətbiq olunur, həmin cinayətlərə görə həbslərin dinamikası artır, məhkumların sayı çoxalır, penitensiar müəssisələr yüklənir. Odur ki, Sərəncamda cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub: məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri; qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması. Bu məqsədlə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub. Burada əsas məqsəd böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılmasından ibarətdir. Bir sıra hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə görə şəxslərin həbs edilməsinə rast gəlinir. İstintaq və məhkəmə orqanlarına tövsiyə edilir ki, qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən hər bir şəxs barəsində ilk növbədə həbslə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü araşdırsınlar. Maraqlıdır, sözügedən sərəncamın icrası məqsədilə aidiyyatı qurumlar hansı işləri görüblər?

Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu məsələ Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilən iclasında müzakirə olunub. Tədbirdə Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov dünyanı iqtisadi böhran bürüdüyü şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafının təmin olunduğunu, sosial və iqtisadi layihələrin uğurla icra edildiyini məmnunluqla diqqətə çatdırıb. İclasda dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10 fevral 2017-ci il tarixli Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunub. İclasda Sərəncamın icrası üzrə tədbirlər müzakirə olunub, onun ölkəmizdə insan haqlarının, xüsusilə azadlıq hüququnun təmin edilməsi, habelə məhkəmə, prokurorluq və istintaq orqanlarının fəaliyyətinin yeni tələblər səviyyəsində qurulması üçün "yol xəritəsi" olduğu vurğulanıb. Həbs qətimkan tədbirinin seçilməsinə yanaşmanın köklü surətdə dəyişməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin müstəsna hallarda seçilməsinə nail olunması Sərəncamın əsas məqsədlərindən biri kimi müəyyən edilib. Nazirlikdən bildirilib ki, Ali Məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi əvvəllər ümumiləşdirilmiş, məsələyə həssaslıqla yanaşılması məhkəmələrə tövsiyə edilib. Bu sahədə kobud pozuntulara görə Məhkəmə-Hüquq Şurası tərəfindən 15 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib. Bununla belə köklü dönüş baş verməyib, həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilməklə, alternativ tədbirlərə lazımi diqqət yetirilməyib. Belə hallar nəzərə alınaraq Sərəncamda verilmiş tapşırıqların icrası məqsədilə Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin birgə işçi qrupu yaradılıb. Eyni zamanda, cəza siyasətinin humanistləşdirilməsi üzrə cinayət qanunvericiliyinə 200-dən artıq dəyişikliyin edilməsi, o cümlədən iqtisadi sahədə törədilən bir çox cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetməyə alternativ cəzaların nəzərdə tutulması ilə bağlı, habelə, şərti məhkum etmə və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi barədə mühüm qanun layihəsi hazırlanıb: "Sərəncam insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında, ədalətli cəza siyasətinin formalaşdırılmasında proqram xarakteri daşıyır. Sərəncamın dürüst icrasının təmin edilməsi məqsədilə hakimlərin və istintaq orqanlarının məsuliyyətinin yüksəldilməsi, yol verilən pozuntulara qarşı barışmaz münasibət göstərilməsi, həbs qətimkan tədbirinin seçilməsi təcrübəsinin mütəmadi təhlil olunaraq ümumiləşdirilməsi, həbs müddətinin uzadılmasına yeni, təsirli nəzarət mexanizmlərinin işlənilməsinin və ədalətli cəza siyasəti formalaşması zərurdir".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR