Deputat: “Mən nə olmasa da, oxumağı yaxşı bilirəm…”

İclasda deputatların mübahisəsi düşdü

Milli Məclisin (MM)  Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputatlar arasında mübahisə yaranıb. "Olaylar" xəbər verir ki, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanunun layihəsinin müzakirəsi zamanı millət vəkili Fəzail İbrahimli deyib ki, layihə ətrafında suallar millət vəkillərinin qanun layihəsini yaxşı oxumaması nəticəsində məlumatsızlıqdan irəli gəlir: "Bu qanun layihəsi normal şəkildə hazırlanıb. Əgər millət vəkilləri diqqətlə oxusaydılar görərdilər ki, orada hər suala cavab var. Cəza tədbirlərinin görülməsi ilə bağlı suallar daha çox verilir. Qanun layihəsində bu da əks etdirlib. Bələdiyyə üzvləri davranışlarında diqqətli olmalıdırlar". Millət vəkili deyib ki, sənəddə bələdiyyə üzvünün etika qaydalara riayət etməsi, özünün yerini və həddini bilməsi ilə bağlı məsələ də əksini tapıb: "Qanun layihəsi deyir ki, yerini və həddini bil. Ağzından çıxan sözə fikir ver. Əgər həddini aşacaqsansa, bil ki səni cəza gözləyir...".

F.İbrahimlinin bu mövqeyi deputat Qənirə Paşayevanın etirazına səbəb olub. Qanun layihəsini tam oxuduğunu deyən deputat bəzi məqamlarla razılaşmadığını qeyd edib: " Mən bilmirəm kim oxuyub, kim oxumayıb. Amma mən qanun layihəsini yaxşı oxumuşam və nə dediyimi bilirəm.  Mən nə olmasa da, oxumağı yaxşı bilirəm. Elə qanun layihəsini yaxşı oxuduğumdan orada yaranan sullarla bağlı sual ünvanlamışam. Ona aydınlıq gətirlməsini istəmişəm. Bəlkə bilmədiyim məqamlar var və onu öyrənmək istəyirəm?! Elə götürək qanun layihəsinin 17.2-ci maddəsini. Orada  qeyd edilir ki, intizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, nüfuzu,peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Bu, necə ola bilər? Hansısa bələdiyyə üzvü xəta törədibsə, burada nüfuz və peşəkarlıq nə rol oynaya bilər ki? Bu məqamla razı deyiləm. Qanun layihəsini də oxumuşam, qaranlıq məqamlarla bağlı da suallar vermişəm. Oxumağı da yaxşı bilirəm. Kim kimin nüfuz və ya peşəkar olmasını kollektivdə müəyyən edə bilər? İnsanın şəxsiyyəti cəmiyyətdə  qarşılıqlı formada bərabərdir və kimsə kimsədən üstün deyil. Bir şəxsin nüfuzu və peşəkarlığı şərtidir. O, dəyişən məsələdir. Kimsə nüfuzludur və ya peşəkardır deyə, etika qaydanı poza bilər, ancaq digər poza bilməz? Bu cür yanaşma yanlışlıqdır. Mən bu fikri qəbul etmirəm". "Qanun layihəsində o hansı maddədir, mənim  diqqətimi çəkməyib..."- deyən F. İbrahimli isə həmkarının etirazına cavabında bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR