
Dövlət başçısının tövsiyyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Binəqədi-Novxanı-Corat avtomobil yoludur. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildiilib ki, 14 km uzunluğunda olan avtomobil yolunun 6 km-lik Binəqədi-Novxanı hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Hazırda sözügedən hissəyə asfalt-beton örtüyünün sonuncu qatının döşənməsi işləri aparılır ki, bu işlər də artıq bitmək üzrədir. Ümumilikdə yolun 170 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Qeyd olunan ərazinin Binəqədi qəsəbəsi ərazisindən keçən 1.1 km-lik hissəsində 1.5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb. Binəqədi-Novxanı-Corat avtomobil yolunun qalan 8 km-lik hissəsində hazırda aidiyyəti qurum tərəfindən yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri aparılır. Bu işlər bitdikdən sonra həmin hissənin də təmiri işləri aparılacaq.
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.