Azərbaycanda keçirilən seçkilər siyasi plüralizm nümunəsidir

Ölkədə siyasi plüralizmin mövcudluğu isbat edən əsaslardan biri də azad seçkinin olmasıdır. Ancaq etiraf edilməlidir ki, dünyanın ən inkişaf etmiş demokratik ölkəsində belə ideal seçki sisteminin qurulması müşkül məsələdir. Odur ki, keçirilən seçkilərin müəyyən edilmiş beynəlxalq standartlara uyğun təşkil edilməsi, ölkələrin mükəmməl qanunvericilik bazasının olması hər zaman diqqət mərkəzində olur. Azərbaycan dövləti öz vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüquqlarının prinsip və normalarının müdafiə edilməsi ilə təminat verir. Azad və demokratik seçkilərin keçirilməsi və belə seçkilərin keçirilməsinə imkan yaradan seçki qanunvericiliyinin mövcudluğu demokratik cəmiyyət quruculuğunun əsas komponentlərindən biridir. Bu baxımdan Azərbaycan Respublikasında ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün mühüm qanunvericilik özülü formalaşmışdır.  Azərbaycan Respublikası vətəndaşları seçmək və seçilmək, referendumda iştirak etmək hüququna malikdir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçkilərdə və ümumxalq səsverməsində -referendumda öz əksini tapır. Hər hansı bir vətəndaşı yalnız məhkəmə vasitəsilə seçki hüququndan məhrum etmək mümkündür. Ümumi seçki hüququ dedikdə irqindən,  milliyyətindən, dinindən,cinsindən, mənşəyindən, əmlak vəziyyətindən vs. asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşları seçmək, seçilmək və referendumda iştirak etmək hüququ başa düşülür. Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsinə, aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıqda hazırlanmış və müasir demokratik seçki prinsip və normalarını özündə əks etdirən, cəmiyyətin geniş dairələrinin də müzakirəsinə cəlb edildiyi Seçki Məcəlləsi mövcuddur. Sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq edilmişdir. 2002-ci ilin ortalarından etibarən qeyd olunan təşkilatlarla edilən əməkdaşlıq nəticəsində bu təşkilatların Seçki Məcəlləsinin layihəsinə dair təklif etdikləri tövsiyələrin demək olar ki, hamısı Seçki Məcəlləsinin layihəsinə daxil edilmişdir.  Seçki Məcəlləsi ölkədə Prezident, Parlament və bələdiyyə seçkilərinin, eləcə də referendumun keçirilmə qaydalarını müəyyənləşdirir. Eyni zamanda, Seçki Məcəlləsi Mərkəzi Seçki Komissiyasının və seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirir. Bu sahədə əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazis yaradaraq, namizədlərin qeydiyyatı və seçki komissiyalarının fəaliyyəti də daxil olmaqla, seçkilərin bütün aspektlərinin təkmilləşdirilməsinə imkan yaratmışdır.

Bu arada 2013-cü il oktyabrın 9-da keçirilən Azərbaycanda Prezident seçkilərini xatırlatmaq yerinə düşərdi. Seçkilərdə 10 namizəd iştirak etmişdir. Ölkədə seçki məntəqələrinin sayı 5492 olmuş, Azərbaycanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərində 37 seçki məntəqəsi yaradılmışdır. 53 000 yerli müşahidəçi və Azərbaycan hökuməti və parlamenti tərəfindən dəvət olunan və 100 ölkəni, ATƏT, Avropa Şurası Parlament Assasmbleyası (AŞPA), Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi (MDB), Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) və s. təşkilatları və müxtəlif QHT-ləri təmsil edən 1300 beynəlxalq müşahidəçi də seçkiləri müşahidə etmişdir. Seçkilər qanunvericiliyə tamamilə uyğun keçmiş və seçicilərin fəallığı ilə müşahidə edilmişdir. Qeydə alınmış 5 145 000 seçicidən 72.31 faizi seçkilərdə iştirak etmişdir. AŞPA və Avropa Parlamenti müşahidəçilərinin birgə bəyanatında seçki prosesinin azad, ədalətli və şəffaf keçdiyi və seçki prosedurlarının seçki ərəfəsində və seçki günü peşəkar və dinc şəkildə həyata keçirildiyi qeyd olunmuşdur. ATƏT-in Parlament Assambleyası (ATƏT PA) və ATƏT/DTİHB müşahidə missiyanın məlumatında isə Mərkəzi Seçki Komissiyasının seçki üçün texniki hazırlığı effektiv gördüyü vurğulanmışdır. MDB seçki müşahidə missiyası seçkilərin demokratik, obyektiv və legitim olduğunu bildirmişdir. İƏT müşahidə missiyası da seçkiləri uğurlu, azad və ədalətli kimi qiymətləndirmişdir.

Yaxud, 2015-ci il noyabrın 1-də Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilmişdir. Seçkilərdə ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olmuşdur (5 milyon 198 min 658 seçicinin seçkidə 2 milyon 897 min 188-i iştirak etmişdir). Bu rəqəm ötən parlament seçkilərindən təxminən 6 faizə qədər çoxdur. Beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakının təmin edilməsi məqsədilə Milli Məclis və Xarici İşlər Nazirliyi tərəfindən AŞPA, MDB Icraiyyə Komitəsi və MDB Parlament Assambleyası, İƏT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türkdilli Dövlətlərin Parlament Assambleyası (TürkPA), GUAM-ın Parlament Assambleyası, QDİƏT Parlament Assambleyası, eləcə də ATƏT/DTİHB və ATƏT-in Parlament Assambleyasına müvafiq dəvət məktubları göndərilmişdir. Ümumilikdə, parlament seçkiləri 503 beynəlxalq və 66 min yerli müşahidəçilər tərəfindən izlənilmişdir.AŞPA tərəfindən seçkilərin müşahidəsi ilə bağlı verilmiş mətbuat açıqlamasında parlament seçkilərinin bütün ölkə üzrə sakit, dinc və nizamlı şəkildə, eləcə də beynəlxalq standartlara və Seçki Məcəlləsinin tələblərinə uyğun keçirildiyi bildirilmişdir. Açıqlamada seçkilərə hazırlığın və seçki prosesinin peşəkarcasına və texniki baxımdan yaxşı təşkil edildiyi, yerli KİV-də seçki gününün geniş əhatə olunduğu və seçki məntəqələrinin 20%-dən çoxunda veb-kameraların quraşdırlmasının təqdirəlayiq inkişaf olduğu vurğulanmışdır. Həmçinin, seçici fəallığının əhəmiyyətli dərəcədə artmasının və səsvermə və səslərin hesablanması prosedurlarının şəffaflığının Azərbaycan Respublikası tərəfindən ədalətli və demokratik seçkilər sahəsində atılan daha bir addımı nümayiş etdirdiyi və səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə etdiyi qeyd olunmuşdur. Bundan əlavə, MDB, İƏT, TDƏŞ, TürkPA, GUAM-ın Parlament Assambleyası və QDİƏT Parlament Assambleyası mətbuat açıqlamalarında parlament seçkilərinin şəffaf və demokratik şəkildə keçirildiyini qeyd etmişlər.

Bundan başqa, 2016-cı ildə Azərbaycanda ümumixalq səsverməsi-referendum keçirilib. Bu siyasi aksiya da seçki qanunvericiliyinə uyğun olaraq demokratik, ədalətli, tam şəffaf şəkildə baş tutub. Yüzdən çox xarici müşahidəçi referendumu izləmişdir. Bir neçə beynəlxalq rəy sorğusu agentliyi exit-poll keçirmişlər. Exit-pollun nəticələri və rəsmi nəticələr üst-üstə düşüb. Prezident İlham Əliyev qeyd etmişdi ki, exit-pollun nəticələri və rəsmi nəticələr üst-üstə düşməsi təbiidir: "Çünki referendum tam şəffaf, ədalətli keçirildi. Mənə verilən son məlumata görə, Mərkəzi Seçki Komissiyasına təqribən cəmi 20, ya ondan bir qədər çox şikayət daxil olmuşdur. Bizim beş mindən çox seçki məntəqəmiz var. Cəmi 20, bəlkə də bir qədər çox şikayət olub. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar, Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini tapmışdır". Onun fikrincə, beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət verib."Bunun da çox böyük əhəmiyyəti var. Çünki adətən Avropa strukturlarında bizi tənqid edirlər. Bir çox hallarda əsassız tənqid edirlər. Ancaq hətta bizi tənqid etməyə öyrəşən qurum da artıq heç bir irad tapa bilmir. Bu, referendumun bir nəticəsidir. Bu, onu göstərir ki, kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın Azərbaycan demokratiya yolu ilə gedir. Bizdəazad seçki keçirilir, şəffaf şəkildə referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər". Dövlət başçısı hesab edib ki, Azərbaycan xalqı apardığı siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizəalternativ siyasət yoxdur."Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər. Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək referendumda "hə" dedi". Xatırladaq ki, hazırda da Azərbaycan hökuməti ölkədə demokratik və Avropa standartlarına cavab verən seçkilərin keçirilməsinə mühüm önəm verir və bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və daim bu əməkdaşlığın davam etdirilməsinə hazırdır. Azərbaycan hökuməti seçkilər sahəsinin əhəmiyyətini nəzərə alaraq, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də seçkilərə hazırlıq və seçkilərin keçirilməsi istiqamətində gələcəkdə də qarşılıqlı və konstruktiv ruhda əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Bu baxımdan, aparıcı beynəlxalq təşkilatların MSK və seçki komissiyalarına, onların üzvləri üçün treninq və seminarların təşkili, əhalinin seçkilərlə bağlı məlumatlılığının artırılması sahələrində yardımı yüksək qiymətləndirilir. Sadalanan faktlar bir daha deməyə əsas verir ki, Azərbaycanda azad, şəfaf və ədalətli seçki keçirilməsi üçün təkmil, beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi mövcuddur. Məhz həmin seçki qanunvericiliyi ilə baş tutan seçkilərin şəfaf olması beynəlxalq təşkilatlar tərəfindən də etiraf edilir. Bu isə, ölkədə siyasi plüralizmin bərqərar olmasının bir nümunəsidir.   

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR