“İslam dininin ən böyük himayə olunduğu yer məhz Azərbaycandır”

Bəhruz Həsənov: "Bu baxımdan İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi məqsədəuyğundur"

Əflatun Amaşov :"Ölkəmizdə çoxsaylı xalqların dini dəyərlərinə hörmət olunur"

Aprelin 20 - də Beynəlxalq Mətbuat Mərkəzində "İslam Həmrəyliyi İli" və İslam Həmrəyliyi Oyunları ilə bağlı  konfrans keçirildi. Konfrans Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Mətbuat Şurasının birgə  təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, "Olaylar" İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz,  "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və digər mətbuat nümayəndələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, 20 gündən sonra dünya dövlətlərinin nəzərləri yenidən Azərbaycana cəmlənək. "Mayın 12 - də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 islam dövlətini təmsil edən idmançılar, nümayəndə heyətləri ölkəmizdə qonaq olacaqlar. İslam Həmrəyliyi Oyunlarının ilk dəfə 2005 - ci ildə Məkkə şəhərində, 2010-cu ildə Tehranda keçirilməsi planlaşdırılsa da, müəyyən səbəblərdən təşkil olunmadı. 2014 - cü ildə İndoneziyada  və nəhayət bu il  - 2017 - ci ildə IV İslam Həmrəyliyi Oyunları ölkəmizdə keçiriləcək. 2014 - cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam dövlətlərinin İdman Federasiyasiyalarının  8 - ci Baş Assambleyasında qərara gəlindi ki, IV İslam Həmrəyliyi Oyunları məhz Azərbaycanda keçirilsin. Bu da heç təsadüfü deyil. Çünki, Azərbaycan İslam ölkəsidi. Bizim xalqımızın milli-mənəvi dəyərlərinin bir hissəsi türkçülük, türk həyat tərzi üzərində bərqərardırsa, digər bir hissəsi İslam dəyərlərinə söykənir. Azərbaycan ərazisində İslam dəyərləri ilə bağlı çox sayda mədəni abidələr mövcuddur. Şamaxı Cümə məscidi nəzərə alınmaqla İslam bərqərar olunduqdan bu yana Azərbaycanda həmin dəyərlərə böyük qiymət verilir. Sovet dönəmində də Azərbaycan xalqını öz milli dəyərlərindən ayıra bilmədilər. Əgər, o dönəmdə 17 məscid mövcud idisə, bu gün Azərbaycan ərazisində 2 mindən çox məscid fəaliyyət göstərir.

Ölkəmizdə təkcə islam dinli vətəndaşların mənəvi dəyərləri qorunub saxlanılmır. Ölkəmizdə həm də çoxsaylı xalqların dini dəyərlərinə hörmət olunur. Bununla da, Azərbaycan dünyaya özünün tolerant, multikultural  siyasətini nümayiş etdirir", - deyə Əflatun Amaşov bildirdi.

Daha sonra konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, bu il ölkəmizdə "İslam Həmrəylik ili" elan edilib. "VII - VIII əsrlərdən Azərbaycanda islam dini yayılmağa başlanılıb. İslam dini ilə bərabər, islam mədəniyyəti də Azərbaycanda təşəkkül tapıb. Əsrlər boyu Azərbaycanda tolerant, multikultural dəyərlər mövcud olub. Azərbaycanda islam dini daxilində məzhəblərarası şiddət meyli olmayıb. Bu, xalqımızın xoş niyyətinin göstəricisidir. Azərbaycan nümunəvi islam modelini ortaya qoya bilib. İslam ölkələrinin birgə fəaliyyətə ehtiyacı var. Bu birlik Azərbaycanda başlamalıdır. Müstəqillik ilinə qədər isə ölkəmizdə cəmi 17 məscid var idi.  Müstəqillik illərindən bu günə qədər ölkəmizdə 2166 məscid fəaliyyət göstərir. Bundan əlavə ölkəmizdə məscid və ibadət yerlərinə diqqət göstərilir. İslam dininin ən böyük himayə olunduğu yer məhz Azərbaycandır. Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, İslam Həmrəylik Oyunları tək idman oyunu deyil, həm də tarixi hadisədir. Bu oyunların qayəsi sülh, bərabərlikdir. Bu baxımdan İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi məqsədəuyğundur.

Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu xatırladan B.Həsənov söyləyib ki, bu məsələdə elə islam ölkələri var ki, Azərbaycanın yanında olmaqla yanaşı, ölkəmizin haqlı mövqeyini dəstəkləyirlər. Məsələn, Pakistan, Səudiyyə Ərəbistanı Ermənistanı tanımaqdan imtina edib. Bu da torpaqlarımızın işğalı ilə bağlıdır. Biz də onların maraqlarını beynəlxalq platformalarda qorumağa çalışırıq. Lakin elə İslam ölkələri var ki, onlar Ermənistanla əməkdaşlıq edirlər. İşğalçı ölkə ilə əməkdaşlıq etmək ona haqq qazandırmaq, işğalçı siyasətlərini dəstəkləmək deməkdi.

Bir il bundan öncə aprel döyüşlərinin və şanlı qələbənin şahidi olduq. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində yaxın zamanda torpaqlarımız işğaldan azad olunacaq.  Və biz işğaldan azad olunacaq torpaqlarda məscidlərin tikilməsi ilə məşğul olacağıq.

Ümid edirik ki, bu il Bakıda İƏT-ə üzv dövlətlər arasında Jurnalistlərin Assosiasiyasının təsis edilməsi ilə bağlı konfrans keçiriləcək və biz bu təşkilatın yaranmasına nail olacağıq. Bu qurumun yaradılması İslam ölkələri jurnalistlərinin daha da sıx, qarşılıqlı əlaqələr şəklində fəaliyyətində mühüm rol oynayacaq" , - deyə Bəhruz Həsənov qeyd etdi.

"İslam Həmrəyliyi Oyunlarının işıqlandırılması üçün 1000-dən artıq yerli və xarici mətbuat orqanı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib, onların əksəriyyəti akkreditisayadan keçirilib. Bunların da 200-ə qədəri ərəb ölkələrini əhatə edir.

Bilirsiniz ki, burada əsas iş viza məsələsidir. İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçən iştirakçıları, azarkeşləri ölkəyə vizasız gələ biləcəklər.

Bu il həm də Azərbaycanın islam ölkələri ilə diplomatik əlaqələrinin 25 illiyi qeyd olunur. Müstəqillik əldə etdkdən sonra ölkəmiz islam ənənələrinə sadiq qalaraq bir sıra addımlar atdı. Bu baxımdan bir sıra beynəlxalq təşkilatlara qoşuldu. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən ərəb ölkələri birmənalı olaraq Azərbaycana dəstək verdi. Bu da mövcud əlaqələrin göstəricisidir". Bu fikirləri konfransda çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat rəhbəri Hikmət Hacıyev bildirdi.

Konfransda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda  ölkə gənclərinin hərtərəfli fiziki inkişafı üçün lazımi şəraitin yaradıldığını vurğuladı. O bildirib ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında bütün ölkələrin hamısı iştirak edəcək: "Yarışlar I Avropa Oyunları zamanı istifadə edilmiş 16 idman obyektində baş tutacaq. İnanırıq ki, Azərbaycan idmançıları I Avropa Oyunlarında əldə etdiyi uğurları IV İslam Həmrəyliyi Oyunları zamanı yenidən təkrarlayacaq. Artıq 8 minə yaxın könüllü hazırlanıb.

Tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimai əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov "Bakının növbəti dəfə mötəbər bir yarışa ev sahibliyi etməsi hər birimiz üçün qürurvericidi. İslam Oyunları zamanı ölkəmizə gələn qonaqların, turistlərin, nümayəndələrin mədəni istirahətini təmin etmək, Azərbaycanın tarixi yerlərini, abidələrini təbliğ etmək üçün nazirlikdə bir sıra tədbirlər planı hazırlanıb. İslam Oyunları ərəfəsində teatrlarda, mədəniyyət ocaqlarında, muzeylərdə islam mədəniyyətinə aid, eyni zamanda Azərbaycanda islam mədəniyyətinin inkişafına, Azərbaycanı islam ölkəsi kimi təqdim olunmasına dair göstərişlər verilib".

Tədbirdə çıxış edən  Milli Məclisin üzvü,  "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qeyd edib ki, "IV İslam Həmrəyliyi Oyunlarını keçirməsinə Azərbaycanın mənəvi haqqı çatır. İslam Oyunları zamanı İslam dövlətlərinin liderləri ölkəmizə gələcəklər. Azərbaycan canlı körpüyə çevriləcək. Azərbaycan mətbuatı Avropa oyunları zamanı müəyyən təcrübələrə sahib oldu. İslam oyunlarının işıqlandırılması üçün  mətbuata müəyyən şəraitlər yaradılacaq".

NigarNigar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR