Deputata bahalı güldan verilirsə nə etməlidir?

Millət vəkili: "Sənəddə etik qayda ilə mənəvi məsələ qarışdırılır"

Aprelin 20-də  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin birgə iclasında "Azərbaycan Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. İclasda çıxış edən Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən irəli gəlir. B.Muradovanın sözlərinə görə, Konstitusiyada göstərilib ki, deputatın etik davranış qaydaları qanunla müəyyən edilməlidir. Parlament seçkisi zamanı deputata 40 mindən çox seçici səs verir. 

Seçicilər səs verən zaman deputata inanırlar və bu parametrlər üzrə ondan lazımi iş görməsini gözləyirlər. Dünyanın bir çox ölkələrində müvafiq dövlət qurumlarının rəhbərləri, seçkili orqanların rəhbərləri, bələdiyyə üzvləri və dövlət qulluqçularının, o cümlədən parlament üzvlərinin fəaliyyətini tənzimləyən qanunlar var. Vitse-spiker qeyd edib ki, qanun layihəsinin əsas məqsədi deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması, o cümlədən Milli Məclis üzvünün nüfuzuna xələr gətirə biləcək hərəkətlərdən çəkindirməkdir: "Azərbaycanda parlament ənənələri və beynəlxalq təcrübə nəzərə alınaraq bu qanun layihəsi hazırlanıb".

Onun sözlərinə görə, bəzi hallarda deputatlar tərəfindən adekvat olmayan davranış sərgilənə bilir: "Təbii ki, bu da qanunla tənzimlənməlidir. Ona görə də yeni hazırlanan qanun layihəsinin əsas məqsədi şəffaflığın və səmərəliliyin artırılmasıdır. Layihə hazırlanarkən Avropa Şurasına və MDB ölkələrinin təcrübələri, eləcə də Azərbaycan reallıqları nəzərə alınıb". Deputat Azay Quliyev vurğulayıb ki, belə bir qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac vardı: "Layihədə yer alan müddəalarda qeyri-adi heç nə yoxdur. Konstitusiyaya əsasən, bunu ümumi cəmləşdirib yekun halda təqdim etmək lazım idi. Hakim partiyaların, müstəqil və müxalifət partiyalarının deputatları ilə ayrılıqda görüşüb işçi qrupu da yarada bilərik". Millət vəkili Fazil Mustafa qeyd edib ki, qanunda bəzi məsələlərə aydınlıq gətirilməlidir:  "Hər hansı təşkilat və ya Universitet deputata ad verirsə, yaxud, fəaliyyətinə görə mükafatlandırıb, ona bahalı vaza verirsə, o zaman deputat deməlidir ki, bu bahalı vazadır, mən götürə bilmərəm. Buna görə mən cəzalandırıla bilərəm". Onun sözlərinə görə,  qanun alyihəsində bir sıra ziddiyətlər də mövcuddur. "Çünki  sənəddə etik qayda ilə mənəvəi məsələ qarışdırılır. Qanun layihəsindən elə çıxır ki, deputatlar eyni Universiteti bitirməli, eyni savada və biliyə malik olamlıdır. Axı, belə olmaz?! Birisi hüquqşünasdır, birisi biznesi təmsil edir. Digəri müxtəlif ali məktəbi bitirib. Hamının eyni bilik, savad, davranış qaydası sərgiləməsi mümkün deyil.  Məsələn, Türkiyədə elə deputat var ki, heç yaza bilmir.  Ancaq seçici o şəxsə səs verib, depuat seçir. Belə yanaşmalar düz deyil". F. Mustafanın  digər iradı İntizam Komissiyasına verilən səlahiyyətlərlə bağlı olub.

O, bildirib ki, bir çox hallarda İntizam Komissiyasının rəyi subyektiv və qərəzli ola bilər.

"Məsələn, bir sahibkar hansısa çıxışıma görə,  mənə qonaqlıq vermək istəyir. O zaman ona deməliyəm ki, bir həftə gözlə, qoy mən İntizam Komissiyasına  müraciət edib rəy alım, ondan sonra... Çıxışım sahibkarın xoşuna gəlib, qonaqlıq vermək istəyir, bunun nəyi qəbahətdir və qanunsuzdur?!" Millət vəkili deyib ki, sənəddə elə müddəalar yer alıb ki, onlar deputatın fəaliyyətini daha çox çərçivəyə alır və bu baxımdan, düzgün deyil: "Odur ki, qanun layihəsi daha da qısaldılmalıdır və maddələr lakonik olmalıdır. Çünki deputat sıradan olan şəxs deyil və ona etik qayda ilə bağlı ən xırda detalı xatırlatmaq düzgün deyil". Millət vəkili Tahir Kərimli öz növbəsində bildirib ki, gələcəkdə referendum keçirilərsə, ora parlament və deputatlarla bağlı hər hansı dəyişiklik salınarsa, o zaman Milli Məclisin (MM) mövqeyi də öyrənilməlidir:

"Yoxsa, mövqe öyrənilmədən referendum keçirilir və dəyişiklik edilir... Biz də məcbur olub başlayırıq, dəyişikliyə uyğun olaraq qanunları qəbul etməyə". Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, vaxtı ilə parlamentdə küçə söyüşünün söyülməsi halları olub: "Həmin şəxslər də təbii ki, layiqli cəzalarını alıblar. Gələcəkdə də bu tipli addımların atılmasının qarşısını almaq üçün belə bir qanun layihəsinin hazırlanması zəruri idi".

Qeyd edək ki,  parlament tərəfindən hazırlanan"Azərbaycan Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi yeni qanun layihəsi 13 maddədən ibarətdir. Qanun qəbul ediləcəyi təqdirdə Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Milli Məclis deputatının etik davranış qaydalarını, habelə həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Layihə qəbul olunduqdan sonra bu qanun yalnız deputat statusu olan şəxslərə şamil edilir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanun layihəsində etik davranış qaydalarını kobud surətdə pozan deputatların mandatdan məhrum edilməsi, deputatların təhqiramiz sözlərdən istifadə etməyə qadağa qoyulması, eləcə də deputatlara həmkarlarının sözünü kəsmək qadağan edilir. Eyni zamanda, layihəyə əsasən, Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR