“Zərdabi Mətbuat Mərkəzi” “İlk mənbədən informasiya alınmasının təşviqi ilə “Açıq hökumət” quruculuğuna dəstək” layihəsi çərçivəsində ilk toplantını Lənkəranda keçirib

"Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi "İlk mənbədən informasiya alınmasının təşviqi ilə "Açıq hökumət" quruculuğuna dəstək" layihəsi çərçivəsindəki birinci toplantı aprelin 19-da Lənkəran şəhərində keçirilib. "İlk mənbədən informasiya alınması: mövcud durum və perspektiv vəzifələr" mövzusundakı tədbir şəhər Mədəniyyət Mərkəzində düzənlənib.

Tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin orqanı olan "Lənkəran" qəzetinin baş redaktoru Əlimərdan Əliyev açıb. O, uzun illər rayon rəhbərliyində mediaya informasiya verilməsinə məsul şəxs kimi fəaliyyət göstərdiyini xatırlayaraq mövcud sahənin demokratik və hüquqi dövlət quruculuğuna dəstək baxımından əhəmiyyətini əsaslandırıb. Ə.Əliyev bildirib ki, mətbuata münasibətdə "açıq qapı" siyasətinin həyata keçirilməsi həm də şəffaflıq mühitinin təminatı baxımdan önəmlidir. Lənkəranda da məsələyə hər zaman mövcud aspektdən yanaşılıb. Baş redaktor bu baxımdan Zərdabi Mətbuat Mərkəzi tərəfindən gerçəkləşdirilən layihənin önəmini vurğulayıb.

"Zərdabi Mətbuat Mərkəzi" İB-nin sədri, "İlk mənbədən informasiya alınmasının təşviqi ilə "Açıq hökumət" quruculuğuna dəstək" layihəsinin koordinatoru Rəhim Hüseynzadə bildirib ki, rəhbərlik etdiyi təşkilat yarandığı gündən ilk mənbədən informasiya alınması məsələlərinə həssas yanaşıb, bu istiqamətdə təşəbbüs və təkliflərlə çıxış edib. "Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyimiz layihə də bir növ ideyalarımızın davamıdır. Biz nə istəyirik? İstəyirik ki, cəmiyyətimiz daha demokratik, şəffaf olsun. Bunu gerçəkləşdirməyin bir yolu cəmiyyətin informasiya ilə təminatından, daha dəqiq desəm, qüsursuz təminatından keçir. Əlbəttə, zaman-zaman obyektiv və subyektiv səbəblərdən mövcud istiqamətdə çoxlu sayda problemlər yaşanıb. Artıq vəziyyətin rəvan məcraya düşdüyü bir şəraitdə belə düşünürük ki, bu sahəni diqqətsiz qoymaq olmaz. İlk mənbə rolunda çıxış etməli olan şəxslərlə maarifləndirmə işləri aparmaq vacibdir. Əlbəttə qanunlarımız var və onlara riayət əslində problemləri aradan qaldırır. Ancaq bəzən elə vəziyyətlər yaranır ki, nələrinsə diqqətə çatdırılması, müzakirəsi önəmlidir. Çünki cəmiyyətə informasiya verilməsi prosesində əsasən iki tərəf çıxış edir. İnformasiya verənlər və həmin informasiyanı cəmiyyətə çatdıranlar. Məsuliyyət eyni dərəcədə hər ikisinə aiddir. Biz bu layihəmizlə istəyirik ki, məsuliyyətli tərəflərin fikirlərini öyrənək, ictimailəşdirək, problemlərin həlli yolları ilə əlaqədar təklifləri qruplaşdıraq. Güman edirəm ki, toplantımız bu sayaq məsələlər ətrafında geniş fikir mübadilələri ilə yadda qalacaqdır", - deyə R.Hüseynzadə bildirib.

Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə bildirib ki, informasiya, daha dəqiq desək ilk mənbədən informasiya alma imkanları dövlət və ictimai institutların nə dərəcədə cəmiyyətə açıq olmasını, qarşılıqlı əlaqələrin səviyyəsini tarixən əyani əks etdirib. Dünyamızın demokratikləşməyə məhkum olduğu indiki dövrdə bu, inam və etimada əsaslanan vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissələrindəndir. Təbiidir ki, informasiyalı cəmiyyət anlamının formalaşması birbaşa medianın durumu, informasiya əldə etmə imkanları və informasiya mənbələrinin onun  üzünə  nə dərəcədə  açıqlığı ilə sıx surətdə bağlıdır. İnsan haqlarından, demokratikləşmədən bəşəri miqyasda söhbətlərin getdiyi, müzakirələrin açıldığı bir vaxtda indi dünya dövlətlərinin əksəriyyətində söz və mətbuat azadlığının, o cümlədən ilk mənbədən məlumat alınmasının təminatına yönələn hüquqi aktlar mövcuddur. Doğrudur mediaya bir orqanizm kimi hər yerdə eyni rakursdan baxılır:onun dəqiqlik, obyektivlik, operativlik və balans prinsipləri ictimaiyyətin müxtəlif tərzdə düşünən təbəqələrinə məxsus fikirlərin eyni məxəzdən səslənməsinə, demokratiyanın birbaşa atributlarından sayılan fikir plüralizminin təminatına xidmət etməlidir",- deyən S.Verdizadə ilk mənbədən informasiya verilməsi məsələsində dövlət qurumlarının üzərinə də mühüm məsuliyyətin düşdüyünü vurğulayıb. Bu istiqamətdəki xarakterik tendensiyalardan söz açıb.

Çıxış edənlərdən Yeni Ocaq Ədəbi Birliyinin sədri, yazıçı-publisist Hafiz Mirzə, rayon ziyalılarından Barat Kərimov, Xudaverdi Cavadov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov və başqaları müzakirə edilən mövzunun əhəmiyyətini vurğulayıblar, qarşılaşdıqları konkret məqamları təsvir ediblər. Onların sualları cavablandırılıb.

Qeyd edək ki, "Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyi "İlk mənbədən informasiya alınmasının təşviqi ilə "Açıq hökumət" quruculuğuna dəstək" layihəsi çərçivəsində İsmayıllı və Salyan rayonlarında da "İlk mənbədən informasiya alınması: mövcud durum və perspektiv vəzifələr" mövzusunda "dəyirmi masa"lar keçirəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR