Bakı IV İslam Həmrəyliyi Oyunlarına hazırdır

Azərbaycan daha bir mötəbər tədbirə evsahibliyi etmək ərəfəsindədir. Söhbət may ayının 12-dən 22-dək baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarından gedir. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub. Məlumat üçün qeyd edək ki, ilk dəfə bu oyunlar Səudiyyə Ərəbistanında keçirilib və hazırda yarışda İslam Konfransı Təşkilatının 57 üzvüsü iştirak edir. Təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarınada oyunlarda iştirak etməyə icazə verilir. İkinci İslam Həmrəylik Oyunlarının 2009-cu ildə oktyabrında İranda keçirilməsi planlaşdırılsa da, sonradan tarixi 2010-cu ilin aprel ayına keçirilir. Lakin Fars Körfəzinin (Ərəb) adı ilə bağlı İran və ərəb ölkələri arasında fikir ayrılığı səbəbindən ləğv edilir. İran və ərəb dövlətləri arasında olan körfəzin ad verilmə ilə bağlı mübahisələri həmişə ziddiyyətlərə səbəb olub. Ona görə ki, bəzi ərəb ölkələrində "Fars körfəzi" Ərəb körfəzi kimi tanınır. Üçüncü dəfə İslam Həmrəyliyi Oyunlar 2013-cü ildə İndoneziyada baş tutur. 2014-cü il, iyulun Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyası baş tutur. Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov Bakı şəhərinin təqdimatı ilə çıxış edir. Assambleya çərçivəsində "Bakı 2017" namizədlik kitabının təqdimatı olur. Daha sonra assambleyda səs vermə baş tutur və tam yekdilliklə Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını ev sahibliyi etmək hüququ qazanır. Beləliklə, 2015-ci il, aprel ayının 7-də IV İslam Həmrəyliyi Oyunları barəsində müqavilə imzalanır. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Alsaud imzaladığı müqaviləyə əsasən IV-cü İslam Həmrəyliyi Oyunlarının proqramına 20 idman növü, o cümlədən Azərbaycanın milli idman növü olan zorxana əlavə olunur.

Hazırda bütün ölkə bu oyunlara köklənib desək yanılmarıq. Oyunlara sayılı günlər qaldığı bir vaxtda ona hazırlıq prosesi də sürətlənir, bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Xüsusilə, bu hazırlıq prosesi paytaxt rayonlarında özünü daha qabarıq şəkildə göstərir. Oyunların keçiriləcəyi bütün məkanlarda, həmin idman arenaları və komplekslərinin yerləşdiyi rayonlarda İslam Həmrəyliyi Oyunlarında iştirakçı dövlətlərin idmançıları və tamaşaçıları üçün bütün zəruri tədbirlər görülür.

İslam Həməyliyi Oyunlarına ciddi hazırlaşan rayonlardan biri də Binəqədi rayonudur. Oyunlara hazırlıq istiqamətində görülmıəsi nəzərdə tutulan tədbirlərlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətində tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planı əsasında İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə zəruri işlər görülüb. Belə ki, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda təmizlik və abadlıq işləri aparılır, oyunlar ərəfəsndə paytaxta üz tutacaq turistlərin asudə vaxtının səmərəli təşkili üçün əvvəlcədən müəyyən edilmiş işlər görülür. Ötən müddət ərzində IV İslam Həmrəyliyi Oyunları keçirilәcәk Bakı Tenis Akademiyasının yerlәşdiyi İ.Dadaşov küçәsində yol boyu әrazilәrә asfalt örtüyünün çəkilməsi işlәri aparılıb. Bundan başqa 1 saylı MKİS-in xidmәti әrazisindә olan H.Hüseynov küçәsi 23 saylı binanın ön hissәsindә yaradılan parkda yeni oturacaqlar üçün dayaqlar, üzәrinә taxta oturacaqlar bәrkidilib. O cümlədən 80 saylı MKİS-nin xidməti ərazisində A.Kunanbayev 1 və 2 ünvanlarda aparılan abadlıq və yenidənqurma işləri görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi Səbael rayonunda davam etdirilir. Belə ki, oyunlar zamanı qonaqların qalacağı otel və mehmanxanaların ətrafında abadlıq işləri aparılıb, yaşıllıqlar bərpa edilib. Hazırda Su İdman Sarayı ətrafında IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə ot örtüyünün bərpası və yaşıllaşdırma işləri davam etdirilir.

Nəsimi rayonun da IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlıq davam edir. Belə ki, Rayon İcra Hakimiyyətində hazırlanmış tədbirlər planına əsasən IV İslam Həmrəyliyi Oyunlarının iştirakçılarının keçəcəyi marşrutlar üzrə yerləşən yaşayış binaları, eləcə də ictimai-iaşə obyektlərinin fasad və dam örtüyü yenilənir, binaların ətrafı abadlaşdırılır.

Rayon İcra Hakimiyyətləri ilə yanaşı digər müvafiq struktur və qurumlar da IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili üçün üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Oyunılar zamanı yarana biləcək hər hansı xoşagəlməz halların qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidməti gücləndirilmiş iş rejimində çalışacaq. Xidmət oyunların keçiriləcəyi hər bir idman kompleksi ərazisinə xüsusi həkim briqadaları yerləşdirəcək. Öz növbəsində paytaxt polisi də oyunların təhlükəsizliyini təmin etmək, hər hansı xoşagəlməz situasiyanın baş verməməsi üçün səfərbər olacaq.

Bu ərəfədə "Azəravtoyol" ASC-də IV İslam Hərməyliyi Oyunlarının keçəcəyi marşrutlar üzrə öz üzərinə düşən vəzifəni icra etməkdədir. Belə ki, artıq bir xeyli müddətdir ki, Səhmdar Cəmiyyət paytaxtda oyunlar zolağının çəkilişi ilə məşğuldur və bu proses artıq yekunlaşmaq ərəfəsindədir.

Hər bir tədbirin keçirilməsi zamanı nəqliyyat infrastrukturunun yüksək səviyyədə təşkili də başlıca vəzifədir. Bu baxımdan Bakı Nəqliyyat Agentliyi də bu istiqamətdə ardıcıl tədbirlərini davam etdirir. Belə ki, Bakı Nəqliyyat Agentliyi paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının miqyasını və xüsusi

əhəmiyyətini nəzərə alaraq, Oyunlar ərəfəsində və Oyunlar zamanı göstəriləcək nəqliyyat xidmətlərinin təşkili ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Məqsəd, mötəbər idman tədbiri zamanı və hazırlıq mərhələsində Bakı Nəqliyyat Agentliyi tərəfindən görülməsi nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin etməkdir. Bununla əlaqədar hazırlanan xüsusi Tədbirlər Planına əsasən, ilkin mərhələdə Oyunlarda iştirak edəcək atletlərin nəqliyyat tələbatının təmin edilməsi sahəsində çalışacaq sürücülərin siyahısı hazırlanaraq Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinə təqdim edilib. Müvafiq yoxlamadan keçmiş sürücülər Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi təlimlərə cəlb edilib. Bununla yanaşı, atletlər üçün nəqliyyat mərkəzinin yaradılması ilə əlaqədar Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi müvəqqəti olaraq Milli Gimnastika Arenası ilə üzbəüz əraziyə köçürülüb. Burada sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması məqsədi ilə müvafiq işlər görülüb. Belə ki, ərazidə avtobusların sürətinin azaldılması tədbirləri yerinə yetirilib, əlavə işıqlandırma projektorları quraşdırılıb, istiqamətləndirici və məlumatlandırma lövhələri yerləşdirilib. Açılış və Bağlanış mərasimlərinə biletli tamaşaçıların ödənişsiz daşınması üçün Bakı Olimpiya Stadionu və 3 istiqamət üzrə ("20 Yanvar", "Gənclik" və Qara Qarayev" metro stansiyaları) ekspress xətt təşkil edilib. Express xətlər üzrə tamaşaçıların rahat, eyni zamanda təhlükəsiz daşınması üçün Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən, müvafiq avtobus daşıyıcıları tərəfindən müəyyən edilmiş 200-dən çox avtobus cəlb ediləcək. Bu avtobusların müəyyən edilmiş qrafik üzrə fasiləsiz hərəkəti 35 nəfərlik dispetçer qrupu tərəfindən təmin ediləcək. 01-30 may 2017-ci il tarixlərində Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxslərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və s.) müntəzəm avtobus marşrutlarından ödənişsiz istifadəsi də Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil ediləcək. Artıq bununla bağlı paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılara məktub göndərilib. Tədbirlər planına uyğun olaraq, Oyunlar zamanı bütün idman arenalarının ictimai nəqliyyat ilə təmin edilməsi, o cümlədən mövcud müntəzəm marşrut xətlərinə dəyişikliklərin edilməsi, zəruri hallarda qrafiklərin dəyişdirilməsi, avtobusların sayının artırılması və digər aidiyyəti işlərin aparılması da Bakı Nəqliyyat Agentliyi tərəfindən təmin ediləcək.

Göründüyü kimi Bakı IV İslam Həmrəyliyi Oyunlarına tam hazırdır. Müvafiq icra hakimiyyətləri və dövlət qurumlarının məhsuldar fəaliyyəti onu deməyə əsas verir ki, Azərbaycan bu oyunları da əvvəlkilər kimi yüksək səviyyədə təşkil edərək daha bir uğuru aktivinə yazacaq.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR