İnsanları saxta profillə necə şantaj edirlər?

 İnternetdə insanları təhqir edənlər azadlıqdan məhrum ediləcəklər

Sosial şəbəkələrdə saxta profillərdən istifadə adi hala çevrilib. Hazırda çoxsaylı saxta profillərdən müxtəlif məqsədlər üçün istifadə edilir. Kimisi özünün maraqlarını, hobbisini paylaşmaq istəyir. Bu yolla gizli şəkildə özünün real olan digər həyatını göstərmək istəyir. Həmin şəxs düşünür ki, əgər bunları öz adı ilə etmiş olsaydı, ətrafı tərəfindən yaxşı qarşılanmazdı. Kimlərsə də özlərinin ictimai-sosial statusundan ehtiyatlanaraq saxta ad altında saxta profil açırlar. Biznes məqsədilə açılan milyonlarla saxta səhifələr var. Hansı ki, onlar saxta "like" toplamağa xidmət edir. Son vaxtlar isə saxta profillərdən insanların təhqir edilməsi, şərəf və ləyaqətinin açlaldıması halları artıb. Statistik göstəricilərə görə, hazırda ölkə üzrə əhalinin 80 faizə yaxını internet, 70 faizi genişzolaqlı internet istifadəçisidir. Həmçinin ev təsərrüfatlarının 80 faizə qədərinin də internetə çıxışı var. Bu da imkan verir ki, ölkə əhalisi həm də sosial şəbəkələrdən geniş istifadə edə bilsin. Məlumata görə, ölkədə təkcə Facebook-dan 1,7 milyon əhali istifadə edir. Əslində təyinat üzrə sosial şəbəkələrdən istifadə olduqca yaxşı haldır. Həm rahatlıq, həm də operativlik baxımından sosial şəbəkədən istifadə müasir dövrün tələblərindən hesab edilir. Lakin məqsədli şəkildə saxta profil yaradaraq insanların şəxsi həyatına müdaxilə etmək, müxtəlif şantaj kompaniyalarının həyata keçirilməsi üçün vasitə kimi yararlanmaq isə qəbuledilməzdir. Ölkəmizdə belə halların son zamanlar artması ciddi düşünməyə əsas verir. Bu kimi hallar nəzərə alınaraq  Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması barədə Cinayət Məcəlləsinə dəyişikliyin edilməsi planlaşdırılır.

Əvvala onu qeyd edək ki, sosial şəbəkələr gücləndikcə saxta profillərin də sayı paralel olaraq  artır. Hazırda qlobal şəbəkədə saxta hesablar, saxta səhifələrin sayı on minlərlədir. Sosial şəbəkələr inkişaf etdikcə, bir-birinə inteqrasiya etdikcə və ictimai rəyə təsiri artdıqca, onun imkanlarından başqa məqsədlər üçün də istifadəyə meyl də artır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən verilən məluata görə, bu dəyişiklik saxta profillərdən istifadə edərək, vətəndaşların təhqir olunmasının qarşısı alınmasında öz töhfəsini verəcək. Beləliklə, Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə daxil olan təkliflər layihəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yeni maddənin "Qeyd" hissəsində göstərilir ki, bu maddədə "saxta istifadəçi adlar, profil və ya hesablar" dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

Xatırladaq ki, sözügedən dəyişikliklər parlamentə qanunvericilik təşəbbüsünün subyekti olan Baş Prokurorluqun daxil olub. Baş Prokurorluğun əsaslandırmasında qeyd edilir ki, təklif olunan əlavə və dəyişiklər layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparılmasını təmin edilməsi məqsədini daşıyır: "Belə ki, təcrübədə xüsusən də internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin etməkdir".

Sirr deyil ki, bu gün sosial şəbəkələr və internet resurslarında ictimai- siyasi xadimlər barədə yetərincə təhqiramiz , şərəf və layaqətinin alçaldılması istiqamətində məlumatlar gedir. Hətta vəziyyət o həddə çatıb ki, mənəviyyatı pozğun insanlar ölkə başçısı haqqında ağzına gələnləri yazırlar. İKT üzrə ekspertlər isə hesab edirlər ki,  saxta profilləri müəyyənləşdirən bir mexanizm yoxdur. Bu səbədən də saxta profilləri də aşkara çıxarmaq çətin məsələdir. Bunu yalnız sosial şəbəkələrin özləri istifadəçilərin aktivliyini, profillərdən müəyyən istifadə müddətini nəzərə alaraq onun saxta olduğunu müəyyənləşdirə bilir. Yalnız həmin saxta profillər müəyyən olunduqdan sonra silinir. Ən yaxşı halda sosial şəbəkədə paylaşılan şəkil onun hansı insana aid olduğunu dərhal tanıyır. Paylaşılan statuslar, şəkillər analiz edildikdən sonra müəyyən qərara gəlinir ki, həmin profillər saxtadır ya yox. Bu isə xeyli  vaxt aparan bir prosesdir. Belə halda maraqlıdır, cinayət qanunvericilikdə dəyişiklik etməklə saxta profillər vasitəsilə insanların şərəf və ləyaqətinin təhqir edilməsinin qarşısını almaq mümkün olacaqmı?

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR