Alı Mustafayev anıldı

Şəhid Alı adına Bərdə şəhər 5№li tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin anadan olmasının 65-ci ildönümünə həsr olunmuş yubiley tədbiri keçirildi.Tədbirdə şəhidin ailə üzvləri və tələbə yodaşları, rayon Təhsil Şöbəsinin rəhbərliyi, "Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri" İctimai Birliyi rayon şöbəsinin sədri iştirak ediblər.

Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Zərifə Məmmədova açaraq qonaqları təqdim etdi. Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin gənc "Şahin"lər komandasının üzvləri hərbi-vətənpərvərlik mahnısı ifa etdilər.

Məktəbin direktoru Teymur Həmidov Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin keçdiyi şərəfli ömür yolu barədə məlumat verdi və qeyd etdi ki, Vətən uğrunda canından keçən övladlarımızın xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir, xalqımız da şəhidlərimizin ruhunu hər zaman əziz tutur. O, məktəb kollektivi adından şəhidin həyat yoldaşına fotoşəkil bağışladı.

Rayon təhsil şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Rzaqulu Şərifov Alı Mustafayevin dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist olmağından, Ermənistan millətçilərinin hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmasından, Moskva şəhərində Azərbaycan Respublikası Ali Soveti tərəfindən parlament müxbiri olmasından danışdı.

Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin həyat yoldaşı Lalə Qasımova və bacısı Maral Mustafayeva ailə üzvləri adından tədbirin təşkilatçılarına minnətdarlıq bildirdilər. "Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri" İctimai Birliyi rayon şöbəsinin sədri, şəhid ailəsi Etibar Hüseynova respublikamızda şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açdı. Etibar xanım bu mənada Bərdə rayonunun seçilən bölgələrdən olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Məktəb şagirdlərinin Şəhid Alının şeirləri əsasında hazırladıqları musiqili ədəbi- bədii kompozisiya tədbir iştirakçılarına təqdim olundu. Tədbirdən sonra qonaqlar məktəblə tanış oldular.

Aydın Qasımov,

Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR