Qanunsuz aborta görə həkimlərin cəzası sərtləşdirilir

Valideynlər isə məsuliyyətdən kənarda qalır

Son illər bütün dünyada doğulan uşaqlar arasında qızların sayının azalması tendensiyası müşahidə olunur. Demoqraflar yaxın onillikdə planetdə "subay millət" yaranacağı ilə bağlı həyəcan təbili çalırlar. Yer planetinin əhalisi artıq 7 milliarda çatır, lakin dünyaya gələn uşaqlar arasında qız oğlan nisbəti insanları narahat edən ən vacib problem olaraq qalır. Mövcud demoqrafik vəziyyət qadın cinsinin katastrofik həddə çatdığını göstərir. Dünya statistikası göstərir ki, doğulan hər 100 qıza 104 oğlan düşür. Bəzi ölkələrdə, o cümlədən, Çin, Vyetnam, Hindistan, Bosniya, Serbiyada oğlan uşaqlarının sayı bu rəqəmdən də xeyli çoxdur. Buna səbəb kimi o göstərlir ki, əksər valideynlər ilk övladlarının oğlan olmasını istəyirlər. Ultrasəs (USM) müayinəsindən sonra qız olduğunu biləndə valideynlərin çoxu hamiləliyi dayandırmaq qərarına gəlirlər. Beləliklə, hər il dünyada 160 milyon qız doğulmadan öldürülür.

Son bir neçə ilin statistikasını izləsək, Azərbaycanda da eyni prosesin getdiyinin şahidi olarıq. Belə ki, 2015-ci ilin I rübü ərzində Azərbaycanda 38 min 358 uşaq doğulub. Onlardan 20 min 378-i oğlan, 17 min 980-i qızdır. 2017-ci ilin birinci rübünün statistikasına görə, ölkə əhalisinin sayının 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Daha dəqiq, hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin araşdırmalarına görə, 2012-ci ildən bu yana il ərzində doğulan uşaqların sayında azalma müşahidə olunur: "2014-cü ildə 170 min 503 uşaq dünyaya gəlib. Qeyd edim ki, 2012-ci ildən bu yana respublikada doğulan uşaqların sayında azalma müşahidə olunur. Digər tərəfdən isə, ötən il doğulan uşaqların arasında oğlanlarla qızlar arasındakı fərq böyükdür. 170 min 503 uşaqdan 79 min 93-ü qız, 91 min 410-u oğlandır. Bu mənfi göstəricilərdən biridir. Qızlar və oğlanların sayı arasındakı məsafə artmaqdadır".

Statistik rəqəmlər göstərir ki, yeni doğulanlar arasında qızların sayı həddindən artıq aşağıdır. Məntiqə görə hazırda  hər doğulan oğlan uşağına düşən qızların sayında fərq müşahidə olunmaqdadır. Nə qədər qəribə olsa da yeni doğulan uşaqlar arasında oğlanlar əksəriyyət təşkil etdiyi kimi, əkiz uşaqlar arasında da bu tendensiya müşahidə olunur. Normada hər doğulan 106 oğlana 100 qız uşağı doğulmalıdır. Amma son illər bu norma pozulub. Dünya mütəxəssisləri buna səbəb olaraq tibbi müdaxilələri əsas gətirir. Azərbaycan da bu məsələdən yan keçmir. Ekspertlərin qənaətinə görə, ölkədə qız uşaqlarının sayının azalmanın əsas səbəblərindən biri uşağın cinsiyyəti bəlli olandan sonra onların abort edilərək götürülməsidir.  Ailə qadın və uşaq problemləri üzrə Dövlət Komitəsində hesab edilir ki, əslində oğlan uşaqlarının sayı çox olsa da, onlar arasında ölüm hallarına qızlardan çox rast gəlinir. Mütəxəssislər son illər doğulanlar arasında oğlanların çox olmasını selektiv abortlar, yəni dölün cinsinə görə hamiləliyin süni şəkildə pozulması, ölkələrdə ailə planlaşdırmasının olmaması, ilə əlaqələndirirlər. Deməli, cavab gün kimi aydındır, valideyinlər qərar verir, həkimlərimiz isə icra edir. Yəni, hələ işıqlı dünyaya göz açmamış körpələrə onların cinsinin qız olduğu aydınlaşan kimi uzanan cəllad əli var. Bu məfhum bəzi genokoloq həkimlərə şamil edilsə də valideyinlərin məsuliyyətini qətiyyən azaltmır. Çünki ən böyük cinayətkar Tanrının istəyi ilə oğlan deyil, qız yarananlara ölüm hökmünü oxuyan valideynləridir. UZİ-lər (ultrasəs cihazları) təkmilləşdikcə, onların arxasında oturan həkimlər getdikcə daha da püxtələşib dölün cinsini lap erkən mərhələlərdə təyin etmək qabiliyyətinə yiyələndikcə yalnız və yalnız oğlan ata-anası olmaq istəyən cavan cütlüklərin həvəsi də artır. Həkimlərin isə müştəriləri çoxaldıqca vəziyyəti düzəlir. Beləliklə, valideyin və həkimlər bir-birinə dəstək verərək millətin gələcək sonalarına, sabahın analarına qənim kəsilirlər.

Xatırladaq ki, ölkədə qanunsuz abortun qarşısının alınması məqsədilə qanunvericilikdə cəza tədbirlərinin sərtləşdirilmsinə baxmayaraq hələ də belə halların qarşısını almaq mümkün olmayıb. Milli Məclisin əmək və sosial siyasət komissiyasından bildirilib ki, bu problemin həlli üçün Azərbaycanda uşağın cinsinin ultrasəs müayinəsi ilə təyin olunması qadağa edilməlidir. Yəni, Azərbaycanda qanunvericilik abortları qadağan etmir. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunununun 30-cu maddəsində göstərilir ki, hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ var.  Yalnız cinayət məcəlləsinin 116-cı maddəsinə görə, qadını abort etdirməyə məcbur etmək cinayət məsuliyyəti yaradır. Qeyd edək ki, bəzi Avropa ölkələrində abort daxili orqanlara qarşı cinayət hesab olunduğundan yalnız uşağın anadan olması ananın həyatına təhlükə törədəcəyi təqdirdə aborta icazə var. İslam dininə görə də abort haram sayılır. Əgər döl insan şəklini alırsa, islamda o, canlı sayılır və öldürülməsi haramdır. İslamda o halda aborta icazə verilir ki, bu  ananın sağlamlığı üçün real təhlükə yaratsın.

Qeyd edək ki, Azərbaycanda qanunsuz abortun qarşısını almaq məqsədilə qanunvericilikdə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Cinayət qanunvericiliyində nəzərdə tutulan yeniliyə əsasən ölkədə şəxsin razılığı olmadan onun nəsilartırma qabiliyyətindən məhrum edilməsi, qadının hamiləlikdən qorunması məqsədilə əməliyyat aparanların cəzalandırılması qaydaları dəyişdirilir, qanunsuz abortun edilməsinə görə cərimələrin mələği artırılır. Hazırda şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparmaya görə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq edilir.Yeni layihəyə görə, artıq bu əmələ görə cərimələnmə olmayacaq, digər cəza tədbirləri isə olduğu kimi tətbiq ediləcək. Bununla yanaşı, bu əməl ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda onu edən şəxs 1000 manatdan 5 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yeni layihədə isə təklif edilir ki, bu əməl ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın. Bu əməl şəxsin ölümünə səbəb olduqda isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın. Bundan başqa, yeni layihədə qanunsuz abort etməyə görə də cərimələrin məbləği artırılır.Təklif edilir ki, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə görə 500 manatdan 1000 (hazırda 200) manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılsın. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 (hazırda 300) manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Bu əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2000 manatdan 3000 manatadək (hazırda 300-500 manat) miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın. Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən bu dəyişikliklər Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Nurlan 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR