AMEA Naxçıvan Bölməsində iki kitabın təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun "Hüseyn Cavid və Naxçıvan teatrı" adlı monoqrafiyanın və Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılovanın "Müqəddəs məkan Naxçıvan" adlı kitabın təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Nuridə Kəngərli açaraq Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Hüseyn Cavidin ölməz əsərlərinin Naxçıvan teatrının repertuarının zənginləşməsindəki yerindən danışıb. O, əbidin həyatının Naxçıvan dövrünün işıqlandırıldığı "Hüseyn Cavid və Naxçıvan teatrı" adlı monoqrafiyanın yazılmasının əhəmiyyətindən, müasir dövr üçün aktuallığından söhbət açaraq bildirilib ki, yeni nəşr Azərbaycan sənətşünaslığı üçün dəyərli elmi əsər olmaqla yanaşı, müəllif tərəfindən aparılan ciddi tədqiqatların, araşdırmaların nəticəsini özündə əks etdirib. Monoqrafiyada arxiv materialları əsasında Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan Hüseyn Cavidin ömür və sənət yolu, bu keşməkeşli yolun Naxçıvanla bağlı məqamlarına nəzər salınıb, Cavid qələminə məxsus dram əsərlərinin səhnə taleyi izlənilib.

"Müqəddəs məkan Naxçıvan" adlı kitabdan da bəhs edən N. Kəngərli qeyd edib ki, yeni nəşrdə tanınmış naxçıvanlı alim, təbib, şair, sənətkarlar haqqında maraqlı faktlarla zəngin yazılar verilib, həmçinin Azərbaycan ədəbiyyatında Şərq və Qərb mövzusuna toxunulub.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Naxçıvan teatrına həsr olunan qiymətli əsər" və "Naxçıvanın zəngin ədəbi-mədəni irsinin tədqiqinə həsr olunan qiymətli əsər" mövzularında geniş məruzəsi dinlənilib.

Məruzə ətrafında Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov, Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov və Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov çıxış edərək hər iki kitabların üstün cəhətlərini tədbir iştirakçıları ilə bölüşərək müəlliflərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda müəlliflər tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün qeyd edək ki, "Hüseyn Cavid və Naxçıvan teatrı" və "Müqəddəs məkan Naxçıvan" adlı kitablar AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasının "Yeni kitabların daimi sərgisi"ndə nümayiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR