Sosial şəbəkələr kommunikasiya vasitələridir

Elçin Mirzəbəyli: "Araz Əlizadə və onun kimi düşünənlər bir neçə saniyə ərzində həlli mümkün olan məsələni saatlar və günlər ərzində həll etmək istəyirlərsə bu onların problemidir"

Parlament kürsüsünü boş və mənasız yerə zəbt edən, deputat kimi fəaliyyət göstərdiyi 2 ilə yaxın müddətdə nəinki ölkə vətəndaşları, hətta seçildiyi rayonun seçicilərinin maraqlarına uyğun, onların üzləşdikləri müəyyən çətinliklərin həlli məqsədilə parlamentdə heç bir məsələ qaldırmayan, hər hansı bir təşəbbüslə çıxış etməyən millət vəkili Araz Əlizadə sadalanan fəaliyyətləri bir kənara qoyaraq deputat səlahiyyətindən daha çox ara qarışdırmaq, ölkədə ziddiyyət yaratmaq istiqamətində istifadəyə etməyə üstünıük verib. Millət vəkili kimi parlamentdə otuduğu bu müddət ərzində Araz Əlizadə məhz cəmiyyətdə intriqa yaratmağa meyilli fikirləri ilə gündəmi zəbt etməyə çalışıb. Bir müddət əvvəl Nuru Paşanı Azərbaycanın bir nömrəli düşməni kimi xarakterizə edən Araz Əlizadə, bu dəfə cəmiyyəti aşağılamaqdan belə çəkinməyib. Bu günlərdə yerli mətbuata verdiyi müsahibədə millət vəkili iddia edib ki, facebook sosial şəbəkəsinə qoşulan insanlar avara adamlardır. Təbii ki, deputat etikasına zidd olan bu fikirlər cəmiyyətdə ciddi etirazla qarşılanıb. Elə "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli də millət vəkilinin facebook istifadəçiləri barədə söylədikləri fikirlərlə razı deyil. BAXCP rəsmisi deyib ki, sosial şəbəkələr kommunikasiya vasitələridir. Düzgün istifadə edildikdə bütün sahələrdə fəaliyyət göstərən insanların işini rahatlaşdırır, kommunikasiya ilə bağlı xərclərin azaldılmasına imkan yaradır: "Kəsəsi, sosial şəbəkələrdə hər kəsin öz işini inkişaf etdirməsi üçün geniş imkanlar var. İndi dunyada həm informasiya, həm biznes, həm də digər sahələrdə hər şeyi dəqiqələr, saniyələr həll edir. Bu reallıqdır və biz bu reallığı öz arzu və istəklərimiziə uyğun dəyişə bilmədiyimiz üçün, ona uyğunlaşmalıyıq. Uyğunlaşa bilməsək, proseslərin arxasınca sürünəcək və təbii ki, inkişafdan da qalacağıq. İndi Araz Əlizadə və onun kimi düşünənlər bir neçə saniyə ərzində həlli mümkün olan məsələni saatlar və günlər ərzində həll etmək istəyirlərsə bu onların problemidir. Görünür, Araz Əlizadə "avara" sözünün mənasını yaxşı başa düşmür. Avara həm də vaxtını boş və səmərəsiz yerə xərcləyən, bir neçə dəqiqəyə görülməsi mümkün olan işə saatlarla vaxt sərf edən adamlara deyirlər. Yəni əgər sən müasir kommunikasiya vasitələrindən istifadə etmədən bir neçə saniyəyə, yaxud dəqiqəyə həll olunması mümkün olan bir məsələyə saatlar, günlər sərf edirsənsə, deməli əsil avarasan. Diqqət yetirək, Araz Əlizadənin faydalı iş əmsalı nə qədərdir? Araz Əlizadə nə ilə məşğul olur? Parlamentin komitə və plenar iclaslarına qatılır, hərdənbir 1-2 cümlə deyir, yaxud ayda-ildə mətbuata heç bir fakta söykənməyən, öz təxəyyülünə uyğun açıqlamalar verib özünü hədəfə çevirir, vəssalam". Elçin Mirzəbəyli deyib ki, dünyanın bütün nüfuzlu alimlərini, mütəxəssislərini bir araya gətirib soruşun, görün səmərəli nəticə almaq üçün Araz Əlizadədən hansı sahədə istifadə etmək olar: "Əminəm ki, bu suala heç kim cavab tapa bilməyəcək. Çünki bu sualın cavabı yoxdur. Araşdırın görək, Araz Əlizadənin bu xalqa, bu dövlətə hansı xeyri dəyib? Hansı qanunvericilik təşəbbüsü ilə çıxış edib? Onun bu günədək gördüyü işlərin hansısa nəticəsini çıxarın ortaya. Tapa bilməyəcəksiniz. Çünki yoxdu. İndi Araz Əlizadə deyir ki, onun fikirləri təhrif olunub. Yəni, Araz Əlizadə bütün sosial şəbəkə iştirakçılarını deyil, sosial şəbəkələrdə boş yerə vaxt itirənləri nəzərdə tutub. Hərçənd ki, mən Araz Əlizadədən qalmaqallı müsahibəni alan media qurumunun nəinki onun, hətta hansısa erməni siyasətçinin fikirlərini təhrif edəcəyinə inanmıram. Çünki həmin media qurumunda çalışan insanların yüksək peşəkarlar olduğuna şübhəm yoxdu. Görünür, Araz Əlizadə vəziyyətdən çıxmaq üçün başqa yol tapa bilməyib. Amma bu da vəziyyətdən çıxış yolu deyil, çünki ortaqlıda yəqin ki səs yazısı var. Bir insan əgər yaradıcı deyilsə, qov göbələyi kimi hətta qidalandığı "ağaca" da fayda vermirsə, fəaliyyət göstərdiyi məkandan, yerdən, istifadə etdiyi vasitədən asılı olmayaraq, avaradır".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR