Fondun təşkilatçılığı ilə Lənkəran şəhərində regional konfrans keçirilib

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Lənkəran şəhərində "İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu" mövzusunda regional konfrans keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, eləcə də ziyalılar, dini icmaların nümayəndələri, yerli və respublika miqyaslı qəzetlərin baş redaktorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov qonaqları salamlayaraq "İslam həmrəyliyi ili" çərçivəsində Fondun təşkilatçılığı ilə keçirilən regional konfransın müstəsna əhəmiyyətini önə çəkib. T.Qaraşov ötən ilin respublikamızda "Multikulturalizm ili" kimi tarixiləşdiyini xatırladaraq bunun məntiqi davamı olaraq 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan edilməsinin mühüm siyasi əhəmiyyətə malik olduğunu bildirib. Şəhər icra hakimiyyətinin başçısı əksər Avropa ölkələrində multikultural və tolerant dəyərlərin ciddi şəkildə aşındığı, islamafobiya meyillərinin gücləndiyi hazırki şəraitdə respublikamızın dini-milli dözümlülük sahəsində mühüm uğurlara imza atdığını qeyd edib. T.Qaraşov Azərbaycanın İslam ölkələri ilə iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində yürütdüyü siyasətlə dünyada sülh, sabitlik və tərəqqi prosesinin möhkəmlənməsinə sanballı töhfələr verdiyini vurğulayıb.

Lənkəran şəhər əhalisinin İslami dəyərlərə hər zaman yüksək etiqad bəslədiyini deyən T.Qaraşov burada müxtəlif dini-milli azlıqların nümayəndələrinin dinc şəraitdə yaşadıqlarını, etnik zəmində hər hansı insidentin baş vermədiyini diqqətə çatdırıb. Taleh Qaraşov şəhərin müxtəlif dini-etnik mənsubiyyətə malik sakinlərinin azərbaycanlı adı altında birləşdiklərini və ölkə rəhbərliyinin yürütdüyü siyasəti birmənalı dəstəklədiklərini qeyd edib.

İslam həmrəyliyinin təbliği və təşviqində kütləvi informasiya vasitələrinin  də üzərinə mühüm vəzifələrin düşdüyünü deyən T.Qaraşov Fondun yerli icra hakimiyyəti orqanları ilə media arasında əməkdaşlığın genişləndirilməsindəki xidmətlərini xüsusi vurğulayıb və sözü icraçı direktor Vüqar Səfərliyə verib.

İcraçı direktor Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq Fondun "İslam həmrəyliyi ili" çərçivəsində ilk regional konfransı Lənkəranda təşkil etməsini  şəhər əhalisinin tarixən milli və dini dəyərlərə bağlı olması ilə əlaqələndirib. Vüqar Səfərli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunması respublikamızın İslam həmrəyliyinin təminatına xidmət edən çoxşaxəli fəaliyyətinin yerli və beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılmasını zəruri edir. İcraçı direktor qeyd edib ki, regional konfransın təşkilində məqsəd də məhz İslam həmrəyliyinin möhkəmləndirilməsində medianın üzərinə düşən vəzifələri müzakirə etməkdir.

V.Səfərli Azərbaycanın xarici siyasətində İslam ölkələri ilə əməkdaşlığın xüsusi yer tutduğunu, respublikamızın 1991-ci ildə İslam Konfransı Təşkilatının (İKT) üzvlüyünə qəbul olunduğunu xatırladıb. Təşkilatla Azərbaycan arasında əlaqələrin yüksələn xətt üzrə inkişafda olduğunu deyən V.Səfərli 57 dövləti birləşdirən İKT-nin Ermənistanın təcavüzkarlıq siyasətinin ifşasına yönəlmiş çoxsaylı qətnamə və bəyanatlar qəbul etdiyini diqqətə çatdırıb.

Çıxışını davam etdirən Vüqar Səfərli təşkilatla qarşılıqlı faydalı əməkdaşlığın nəticəsi olaraq İslam Həmrəyliyi İdman Federasiyasının 2013-cü ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi barədə tarixi qərar qəbul etdiyini vurğulayıb. İcraçı direktor dövlətimizin başçısının 18 sentyabr 2015-ci il tarixli sərəncamına əsasən IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda  keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradıldığını, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın komitəyə sədr təyin olunduğunu bildirib.

V.Səfərli, həmçinin qeyd edib ki, son illərdə I Avropa Oyunları və "Formula-1" kimi mötəbər idman yarışlarına uğurla ev sahibliyi edən Azərbaycan 57 ölkədən 3000-dək idmançının iştirakı gözlənilən İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirmək əzmindədir. İcraçı direktor bildirib ki, may ayının 12-dən 22-dək "Həmrəylik bizim gücümüzdür" şüarı altında keçiriləcək İslam Həmrəyliyi Oyunları respublikamızın siyasi, iqtisadi qüdrətini və turizm potensialını dünyaya bir daha nümayiş etdirəcək. Ölkə mediası bu mötəbər idman yarışının yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Müasir dövrün qlobal çağırışları və İslam həmrəyliyi zərurəti" mövzusunda məruzəsində İslamı sülh, sabitlik və həmrəylik dini kimi səciyyələndirərək onun fəlsəfəsində insanlığa yaxşılıq kimi vacib ideyanın yer aldığını vurğulayıb. Komitənin sədr müavini müavini bildirib ki, İslam həmrəyliyi geosiyasi dünyada gərginliklərin, münaqişə ocaqlarının artdığı dövrdə insanları nəcib, xeyirxah və işıqlı əməllərə çağıran təşəbbüsdür. G.İsmayılov İslam həmrəyliyinin terrorizmə, irqçiliyə, zorakılığa qarşı olduğunu, elmli, təhsilli və əxlaqlı cəmiyyət modelini dəstəklədiyini diqqətə çatdırıb.

Konfransda "İslam həmrəyliyi Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti kimi" mövzusunda məruzə edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov respublikamızın müstəqillik illərində yürütdüyü siyasətlə multikultural və tolerant məkan kimi tanındığını, İslam həmrəyliyinin möhkəmləndirilməsinə sanballı töhfələr verdiyini qeyd edib. Məruzəçi İslam Həmrəyliyi ili ilə bağlı təsdiqlənmiş Tədbirlər Planına əsasən görüləcək işlər barədə məlumat verərək IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə müsbət təsir göstərəcəyini vurğulayıb. 

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu" mövzusunda məruzəsində bildirib ki, ilk dəfə məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İslam həmrəyliyi və multikulturalizm ideyalarının gerçək mahiyyətini müsəlman dövlətlərinin ümumi maraqları prizmasından dünyaya çatdırmış nüfuzlu liderdir. A.Quliyev müasir dövrdə İslam həmrəyliyinin siyasi əhəmiyyətini müxtəlif faktlar əsasında diqqətə çatdıraraq ölkə mediasının əvvəlki illərlə müqayisədə hazırda bu mövzuya daha obyektiv və peşəkar yanaşdığını, dövlətçilik maraqlarından çıxış etdiyini vurğulayıb.

"Trend" İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev "İslam həmrəyliyi dünyada sülh, təhlükəsizlik və inkişafa təminatdır" mövzusunda məruzəsində bildirib ki, müasir dünyada dinlər və sivilizasiyalar arasında münasibətlərin sivil məcrada tənzimlənməsində kütləvi informasiya vasitələrinin də üzərinə mühüm vəzifələr düşür. A.Nağıyev bildirib ki, hazırda müəyyən qüvvələrin qərəzli və əsassız olaraq İslamı terrorla əlaqələndirmələrinə adekvat cavab olaraq müsəlman ölkələrinin mediasının fəal və mütəşəkkil fəaliyyət göstərməsinə ehtiyac var. Məruzəçi çıxışında sosial şəbəkələr vasitəsilə insanların radikal dini qruplaşmalara cəlb olunmasını təhlükəli tendensiyalardan biri kimi qeyd edərək medianın bu sahədə maarifləndirmə və təbliğat işlərinə daha geniş yer verməsinin vacibliyini vurğulayıb.

Sonra məruzələr ətrafında müzakirələr aparılıb. Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi hacı Qəni Axundzadə çıxışında bildirib ki, Azərbaycan ərazi və əhali baxımdan kiçik dövlət olmasına baxmayaraq irəli sürdüyü nəcib təşəbbüslərlə dünyada sülhün və əmin-amanlığın möhkəmlənməsinə yönələn ciddi çağırışlar edir. O, İslam həmrəyliyinin təmin olunmasında din xadimlərinin də üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edərək Lənkəran şəhərində dini və milli azlıqlar arasında hər zaman sağlam anlaşma mühitinin mövcud olduğunu vurğulayıb.

Tədbiri yekunlaşdıran Fondun icraçı direktoru Vüqar Səfərli konfransın təşkilinə verdiyi dəstəyə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirərək qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xidmət edən belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyinə inamını ifadə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR