Səyyad Salahlı: "Tolerantlıq xalqımızın əsrlər boyu formalaşan xarakterik xüsusiyyətidir"

"Tolerantlıq - dünyamızın geniş mənada müxtəlifliyinin, insanların özünüifadə formalarının və şəxsiyyətin formalaşma üsullarının hörmətlə qəbul edilməsidir. Bu, nəinki mənəvi borc, həmçinin siyasi və hüquqi tələbatdır. Dini dözümlülük güzəşt yox, ilk növbədə, insan hüquqlarının qəbul edilməsi əsasında formalaşan fəal münasibətdir. İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir". "OLAYLAR"-ın xəərinə görə, bunu Dini Qorumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birincimüavini Səyyad Salahlı bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir: "Xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurub və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdiriblər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda çalışıblar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşub, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz deyil, həm də qardaşlığımızın və vəhdətimizin simvoludur".

Dövlət Komitəsi sədrinin birinci müavini onu da bildirib ki, bu gün Azərbaycanda müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılıb. "Əsrlər boyu fərqli sivilizasiyaların bir araya gəldiyi məkan olub. Burada həmişə milli-mədəni rəngarənglik mühiti formalaşıb, müxtəlif millətlərin və konfessiyaların nümayəndələri sülh, anlaşma və dialoq şəraitində yaşayıbdır. Azərbaycan multikultural cəmiyyətin tipik xüsusiyyətlərini daşıyır. Burada islam dininin iki mühüm qolu olan şiə və sünni islamının, çoxsaylı müsəlman məzhəb və təriqətlərinin davamçıları ilə yanaşı, yəhudi və xristian dini icmaları geniş təmsil olunublar. Həm də yəhudilik və xristianlığın ayrı-ayrı cərəyanları etnik tərkib və say etibarilə müxtəlif icmalar halında ölkəmizin ictimai və mədəni həyatında yer tuturlar. Artıq fərqli mədəniyyətlərin nümayəndələri nəinki qonşuluqda, hətta eyni evin daxilində yaşayırlar. Bu da öz növbəsində bəşər cəmiyyəti üçün yeni birgə yaşayış forması yaranmasını zəruri edir. Məntiqi olaraq fundamental dəyər kimi sülh və əmin-amanlıq anlayışlarının əhəmiyyəti artır. Bu anlayışlar bəşər cəmyyətinin harmoniya halında inkişafını və böhran vəziyyətindən birgə daha uğurlu çıxmasını şərtləndirən amillərdir".

Səyyad Salahlının sözlərinə görə, Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpası artıq bir ənənə halını alıb: "Fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan II Aleksi (o dövrdə Rus Pravoslav Kilsəsinin rəhbəri) ölkəmizdəki tolerantlıq mühitinə, necə deyərlər, heyran qalıb və səmimi etiraflar edib. Burada pravoslavlar heç bir sıxışdırmaya məruz qalmadan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta bu cür şərait təəssüf ki, bəzi pravoslav ölkələrdə belə yoxdur".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR