“Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyi keçirildi

18 aprel 2017-ci il tarixdə 54 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət və Turizm,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Nəsimi  rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Şahin" hərbi-idman oyununun rayon mərhələsinə start verilib.

Münsiflər heyətinin sədri "Şahin" komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra yarış açıq elan edildi. Torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev qeyd etdi ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biridir. Bu kimi oyunların keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. O, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Nəsimi rayon İcra Hakimiyyəti  Başçısının müavini Qurban İsmayılov çıxış edərək bildirdi ki, Aprel döyüşləri xalqımızın, o cümlədən ordumuzun yüksək hərbi-vətənpərvərlik ruhunu bir daha nümayiş etdirdi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında torpaqlarımızın yaxın zamanlarda düşmən tapdağından azad olunacağına əminlik yaradır. Bu gün ölkədə aparılan islahatlar idman sahəsində də özünü göstərir. Belə ki, son illərdə idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdikləri uğurlar, qazanılan nəticələr onu deməyə əsas verir ki, bu gün məhz bu sahə dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu  günlərdə ölkəmiz daha bir möhtəşəm tədbirin  - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov və aprel döyüşçüsü, Nəsimi rayon sakini Asif  Allahverdiyev  də  yarış iştirakçılarını salamladılar və iştirakçı komandalara uğurlar arzuladılar. Təntənəli açılış mərasimi bitdikdən sonra komandalar yarışın əsasnaməsinə müvafiq olaraq mərhələlər üzrə yarışa başladılar.

Yarışda hər bir komandanın tərkibi 14 nəfər (10 oğlan, 4 qız)  olmaqla 8 - 10-cu sinif şagirdləri  iştirak edirlər.  Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınamış, hər bir komandanın xalı münsiflər heyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilmişdir. 

Yarışın nəticələrinə görə 23 saylı tam orta məktəbin komandası  I  yerə,  54 saylı tam orta məktəbin komandası  II  yerə, 151  saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşdür. Rayon mərhələsinin qalibi olmuş 23 saylı məktəbin komandası  Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazandı. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR