Əmək Nazirliyində Pramila Patten ilə görüş olub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan beynəlxalq ekspert, BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin üzvü xanım Pramila Patten ilə görüş olub. Görüşdə BMT-nin Əhali Fondunun və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələri də iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizin sosial-iqtisadi inkişafı proseslərində qadınların kişilərlə bərabərhüquqlu iştirakının təmin olunduğunu vurğulayıb. İ.Rəhimov qadın hüquqlarının müdafiəsi ilə əlaqədar bütün mühüm beynəlxalq sənədlərin Azərbaycan  tərəfindən ratifikasiya edildiyini, həmçinin ölkədə əmək münasibətləri və məşğulluq sahəsində də gender bərabərliyinin təmin olunduğunu bildirib. Qeyd olunub ki, gender əsaslı zorakılıqla mübarizə bu gün dünyada aktual məsələlərdən biridir. BMT-nin Əhali Fondu ilə əməkdaşlıq müstəvisində icra olunan "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə" layihəsi də bu sahədə ölkəmizdə aparılan fəal siyasətə dəstək məqsədinə yönəlib. Layihə çərçivəsində aparılan işlər məişət zorakılığının qarşısının alınması və məişət zorakılığı qurbanlarının müdafiəsi sahəsində aidiyyəti qurumlar arasında birgə işin daha da gücləndirilməsində  xüsusi önəm kəsb edir.

Məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmətlərin təşkili sahəsində nazirlik tərəfindən görülən işlər də diqqətə çatdırılıb. Bildirilib ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" və "Sosial xidmət haqqında" qanunlar məişət zorakılığından zərər çəkmiş şəxslərin kompleks sosial xidmətlərlə təmin edilməsini nəzərdə tutur. Bununla əlaqədar əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarət Komissiya məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün ötən müddətdə 10 qeyri-dövlət yardım mərkəzini akkreditasiya edib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Fuad Hüseynov ölkəmizdə sosial xidmətlər sisteminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi üçün tvinninq layihəsi üzrə və Avstriya ilə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib.

P.Patten Azərbaycanda gender bərabərliyinin təmin olunmasını, bu sahədə beynəlxalq sənədlərdən irəli gələn müddəaların milli qanunvericilikdə əksini tapmasını yüksək dəyərləndirib.  O,  "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə" layihəsinin müvafiq sahədə konkret məqsədlərə nail olunması üçün qurumlararası fəaliyyətin birgə və səmərəli təşkilinə töhfə verəcəyini qeyd edib.

Görüş layihənin ayrı-ayrı komponentlərinə və məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmətlərin təşkilinə dair fikir mübadiləsi şəraitində davam edib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR