Texniki baxışdan keçməyənlərə MMX protokol göndəriləcək

Azərbaycanda texniki baxışdan vaxtında keçməyən avtomobilin sürücüsünə elektron protokol (MMX) tərtib oluna bilər. Bu barədə  DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, artıq bununla bağlı təkliflər hazırlanıb və Milli Məclisə göndərilib. Yaxın vaxtlarda məsələnin müzakirəsi gözlənilir.

Şöbə rəisi bildirib ki, sürücülərin bəziləri avtomobili texniki baxışdan vaxtında keçirmir. Yol polisi isə onları hər zaman hərəkətdə olarkən yaxalaya bilmir və beləliklə də texniki baxışdan yayınma halları yaranır. Bu isə nasaz avtomobillərin istismarı nəticəsində yol qəzalarının baş verməsinə səbəb olur. Ona görə də, DYP sürücülərin texniki baxışa daha məsuliyyətli yanaşmasını zəruri edən addım ataraq təkliflər hazırlayıb.

Təkliflərin mahiyyəti ondan ibarətdir ki, təyin olunmuş müddət ərzində texniki baxışdan keçməyən nəqliyyat vasitəsi istismar olunarkən, yəni idarə edilərkən müşahidə kameraları vasitəsilə qeydə alınacaq və sürücü barəsində elektron protokol tərtib ediləcək. Hazırkı qanunda olduğu kimi, protokolu alıqdan sonra 10 gün ərzində texniki baxışdan keçməyən sürücü yenə də avtomobili idarə etməkdə davam edərsə növbəti dəfə barəsində elektron protokol tərtib oluna bilər. Eyni zamanda, 10 günün tamamında yolda DYP əməkdaşı da həmin avtomobili saxlayıb sürücüyə cərimə yaza bilər.

Kamran Əliyev bildirib ki, belə bir təcrübə artıq Azərbaycanda mövcuddur. Belə ki, qanunvericiliyə edilən son dəyişiklərdən sonra icbari qaydada sığorta edilmədən idarə olunan nəqliyyat vasitələrinin sürücüləri barəsində elektron protokol tərtib olunur. Bu qaydanı texniki baxışdan keçməyən avtomobillərlə bağlı da tətbiq edmək mümkündür. DYP ümid edir ki, bununla da texniki baxışdan yayınan sürücülərin qarşısını almaq olar.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da avtosfer.az-a bildirib ki, belə bir qaydanın tətbiq edilməsi mümkündür. Onun sözlərinə görə, texniki baxış dünyanın əksər ölkələrində var və buna yanaşma da çox sərtdir:
 
"Amma burada bir incəlik var. Ola bilər ki, texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin siyahısı ayrıca qeydə alınsın və hamısına elektron protokol tərtib edilsin. Bu, düzgün olmazdı. Bunu yalnız istifadə olunan, yəni, yollardə idarə edilən nəqliyyat vasitələrinə tətbiq edmək olar. Mümkündür ki, kimsə maşını qaraja qoyub xaricə gedib və 2 ildən sonra qayıdır. Bu halda avtomobilin sahibinə cərimə yazıla bilməz. Amma texniki baxış müddəti bitibsə və baxışdan keçməyən avtomobil yolda kameranın qarşısından keçirsə, ona elektron protokol yazıla bilər. Məsələn, aprelin 30-də Rusiya istehsalı olan avtomobillərin texniki baxış müddəti bitirsə, mayın 1-dən texniki baxışdan keçməyənlərə cərimə yazmaq olar. Amma bunu işlək bir mexanizmə çevirmək lazımdır. Düşünürəm ki, bununla bağlı qanun qəbul edərkən bütün incəlikləri nəzərə almaq lazımdır".

Qeyd edək ki, hazırda texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır. Texniki baxışdan keçməməyə görə cərimə isə 50 manat nəzərdə tutulur və cərimə yazılandan sonrakı 10 gün ərzində texniki baxışdan keçmədikdə yenə də 50 manat cərimə tətbiq olunur. Avtosfer.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR