Palata ittihamlara aydınlıq gətirdi

"İnzibati Prosessual Məcəlləyə" edilən dəyişikliyə əsasən Maliyyə bazarlarına nəzarət orqanının bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, eləcə də bankın lisenziyasının ləğvi ilə bağlı qəbul etdiyi inzibati aktın qanunsuz sayıldığı hallarda məhkəmə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edir". Bu haqda  Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. Rəsmi məlumatda yaradılması nəzərdə tutulan "körpü banklar"la bağlı məsələyə də aydınlıq gətirilib. Bildirilib ki, "Banklar haqqında" Qanuna edilmiş yeni dəyişikliklərə əsasən, "körpü bank" ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin tam və ya qismən köçürülməsi, onların müvəqqəti idarə edilməsi məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən yaradılan və idarə olunan bankdır: "Başqa sözlə "körpü banklar" ödəmə qabiliyyətini itirmiş bankların sağlam aktiv və öhdəliklərinin köçürülməsi və daha sonra investora satılması üçün nəzarət orqanı tərəfindən yaradılan müvəqqəti təsisatdır. Ödəmə qabiliyyətini  itirmiş banklar özünün qeyri-işlək (toksik) aktivləri ilə investorlar üçün cəlbedici olmur. Ancaq belə bankların sağlam aktivləri, eyni həcmdə öhdəliklərlə birlikdə müvəqqəti yaradılmış körpü bankın çətiri altında toplandıqda bu cür aktivlər daha əlverişli şərtlərlə investorlara satıla bilir. Qanuna əsasən, təsis olunduğu gündən 6 ay ərzində maliyyə bazarlarına nəzarət orqanı körpü bankın investora satışını təmin etməlidir".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliklərdə Palatanın "bankın qətnaməsi çərçivəsində qəbul etdiyi qərar məhkəmə tərəfindən ləğv edilə bilməz" təklifi yer almayıb. Xatırladaq ki, İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən banka müvəqqəti inzibatçı təyin olunması, bankın lisenziyasının ləğvi və bankın resolyusiyası çərçivəsində qəbul olunan qərarlar məhkəmə tərəfindən ləğv edilə bilməzdi. Parlamentdə müzakirəyə çıxarılan təklif bir çox deputatlar tərəfindən narazılıqla qarşılanmış, bunun Konstitusiyaya ziddi olduğu bildirilmişdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR