Azərbaycanda şagirdlərin ən çox yoluxduğu xəstəliklər

Azərbaycan məktəblərində şagirdlərin ən çox əziyyət çəkdiyi bir neçə xəstəlik var. Bunun da qarşısı profilaktik tədbirlər vasitəsilə alına bilər. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, Təhlil və İT şöbəsinin sektor müdiri Tural Qulu deyib.

Onun sözlərinə görə, bu problemlərə qamətin pozulması, skolioz, kifoz, lordoz, görmə problemləri, həzm və sinir sistemi xəstəlikləri aiddir: "Sağlam siniflər vasitəsilə bu problemlərin qarşısını almaq üçün tədbirlər nəzərdə tutulub. Misal olaraq, sinif otaqlarında oturacaqların düzgün seçilməsi uşaqların qamətinin düzgün formalaşdırılması üçün önəmlidir. Müəllimlərin bu işə ciddi nəzarət etmələri lazımdır. Vaxtaşırı uşaqların əllərini yuması gigiyenik baxımdan olduqca önəmlidir. Fasilələrdə idman hərəkətləri etmək, yarışlar təşkil etmək, göz əzələlərini inkişaf etdirmək onların qarşılaşdığı xəstəliklərin profilaktikası üçün vacibdir".

T.Qulu qeyd edib ki, sağlam təhsil üçün görüləcək işlər çoxdur: "Bu işlərə oturaq həyat tərzinin azaldılması, düzgün və sağlam qidaların təbliği və s. aiddir. Uşaqların sağlamlığının qorunması dövlətin əsas prioritetlərindən biridir. Agentlik də icbari tibbi sığortaya keçəndə 18 yaşından aşağı uşaqların icbari sığorta haqqından azad olunması ilə bağlı qərar qəbul edib. Onların sığorta haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub".

Təhsil nazirinin müşaviri Həsən Həsənli bu sahədə aparılan araşdırmaların nəticələrinə toxunub. Onun sözlərinə görə, araşdırmalar belə qənaətə gəlməyə əsas verir ki, təhsil müəssisəsində gigiyenik tələblər gözlənilərsə, sağlamlıq qorunarsa, normal psixoloji sosial mühit yaradılarsa, uşağı fiziki və psixoloji vəziyyəti nəzərə alınarsa, təhsil keyfiyyəti də yüksək olar: "Qamət pozuntusu, görmə ilə bağlı problemlərdə və digər fiziki inkişaf göstəriciləri üzrə artıq tətbiq edilən yanaşmalar uğurlu nəticələr verir. Eyni zamanda, psixoloji-sosioloji və təhsil üzrə parametrlərlərdə də müsbət dinamika müşahidə olunur".  Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR