Kürdəmirdə 2 mindən çox quşun kütləvi tələfatının səbəbi bəlli oldu

Kürdəmir rayonunda quşların tələf olma səbəbləri müəyyən olunub. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən  verilən məlumatda bildirilib ki, bir sıra kütləvi informasiya vasitələrində (KİV) Kürdəmir rayonun Sığırlı kənd sakini Mahir Həsənovun təsərrüfatındakı 2 aylıq quşların tələf olması ilə bağlı məlumat yayılıb. Bununla əlaqədar 11 aprel 2017-ci il tarixində Kürdəmir Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən həmin təsərrüfatda araşdırma aparılıb. Araşdırma zamanı quşlar arasında tələfatın yalnız Kürdəmir rayonun Sığırlı kənd sakini Mahir Həsənovun təsərrüfatında baş verdiyi, rayonun digər təsərrüfatlarında isə xəstəliklərdən kütləvi ölüm halı qeydə alınmadığı müəyyən edilib. Həmçinin araşdırmalar zamanı təsərrüfat sahibinin özbaşına, baytar həkiminə müraciət etmədən baytarlıq aptekindən müxtəlif dərman preparatları alması və quşlara verməsi müəyyən olunub.

Tələf olmuş quşlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib, həyət və toyuq hini dezinfeksiya edilib.

Ölən quşlardan nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinənin nəticəsinə əsasən quşların zəhərlənmədən və koksidioz xəstəliyindən tələf olması müəyyən edilib. Patoloji-anatomik yarma zamanı isə quşların bağırsaqlarında külli miqdarda askarid qurdları aşkar olunub.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.  Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR