Demokratik ölkə vətəndaşı timsalında Azərbaycanda insanların azad söz, ifadə, fikir azadlığı var

Əfsanə Şükürova: "Bu azadlıq qorunur"

Azərbaycan media məkanı özünün rəngarəngliyi ilə seçilir. Ölkədə həm iqtidar, həm müxalifət, həm müstəqil, həm də ayrı-ayrı sahələr üzrə sahəvi mətbu orqanlar, qəzet və jurnalların çap edilməsi bu rəngarəngliyi təsdiq edən amillər sırasındadır. Əslində bu faktın özü də istər-istəməz Azərbaycanda fikir və söz, məlumat azadlığı, plüralizmin mövcud olduğunun əyani sübutudur.

Ümumiyyətlə götürəndə azad söz, fikir, məlumat azadlığı  demokratiyanın, demokratik cəmiyyətlərin  əsas tərkib hissələrindəndir. Elə bu səbəbdəndir ki,   demokratik cəmiyyət - demokratik mətbuat, azad cəmiyyət - azad mətbuat anlayışları təsadüfən yaranmayıb. Əgər bizlər demokratik, hüquqi, dünyəvi dövlətdə yaşayırıqsa, azad, müstəqil mətbuatın inkişafı mütləqdir. Təsadüfi deyil ki, Konstitusiyamızda da  demokratiyanın əsas prinsiplərindən olan söz və fikir azadlığı təsbit olunub. Təbii ki, bu prosesdə də ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub.

"Ölkəmizdə siyasi plüralizmin tələblərinə dönmədən əməl edilir. Söz, fikir və əqidə azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı, onların sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması Azərbaycanın dövlət rəhbəri kimi mənim qarşımda duran mühüm vəzifələrdəndir" söyləyən  ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdığı ilk günlərdən etibarən milli mətbuatımızın inkişafında əvəzolunmaz xidmətlər göstərərək,  mövcud  problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirməyə başladı. Bu bir danılmaz faktdır ki,  müstəqilliyimizin ilk illərində digər  sahələrdə olduğu kimi,  mətbuat sahəsində də böyük problemlər var idi. Həmin illərdə  səriştəsiz, təcrübəsiz şəxslərin ölkəyə rəhbərliyi yazının əvvəlində də  qeyd etdiyimiz kimi,   özbaşınalığa, hərc-mərcliyə gətirib çıxarmışdı.  1993-cü ildə xalqın təkidli tələbi ilə  dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı uçuruma yuvarlanmaqda olan müstəqil Azərbaycanı  xilas etdi. O, ölkə həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatımızda yaranmış problemləri də uğurlu və düşünülmüş siyasəti sayəsində  aradan qaldırmağa başladı. Ölkənin müvafiq qanunvericilik aktlarında  dəyişikliklər edildi və Azərbaycan söz və mətbuat azadlığının təmin olunması ilə əlaqədar mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu. Ulu öndər Heydər Əliyevin  1998-ci ildə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman mətbuatın azad fəaliyyət göstərməsi istiqamətində mühüm addım oldu. Bu fərmanla mətbuata nəzarət edən baş idarə ləğv olundu. Həmçinin həmin sənəddə  ölkəmizdə fəaliyyət göstərən aparıcı mətbu orqanların maddi-texniki imkanlarının gücləndirilməsi və s.  kimi məsələlər də öz əksini tapdı. "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki  şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" təsdiq olundu. Vətəndaş  müraciətlərinə baxılması,  informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında  müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi təmin edildi.

Ümummilli lider Heydər Əliyevin hər bir sahənin inkişafına yönələn addımları, bir sözlə  qurulan möhkəm bünövrə Azərbaycanın bugünkü uğurlarını şərtləndirir. Azərbaycanı möhkəm təməl üzərində tikilən binaya bənzətsək, hər an, hər dəqiqə artan mərtəbələri görərik. Yeni-yeni hədəflər müəyyənləşdikcə, onlara çatmaq üçün səylər də artır. Artıq bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi ortaya qoyuruq.\r\n\r\nDövr dəyişir, yeni-yeni tələblər gündəmə gətirilir.  Mətbuat cəmiyyətin güzgüsüdür və məhz bu baxımdan  bu sahədə çalışan qələm sahibləri bütün fəaliyyətləri boyu həqiqəti və obyektivliyi başlıca meyar kimi qəbul etməli və buna əməl etməlidirlər. Heydər Əliyev  media nümayəndələrini hər zaman obyektivliyə dəvət edirərək deyirdi: "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir".

Ümummilli lider Heydər Əliyevin mətbuat sahəsində, kütləvi infiormasiya vasitələrinin fəaliyyətinin stimullaşdırılmasına yönəlik fəaliyyəti günümüzdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində mətbuata böyükj diqqət və qayğı ilə yanaşır, onun inkişafı üçün səylərini əsirgəmir. Hər zaman mətbuata xüsusi həssaslıqla yanaşır. Bütün bu müsbət amillər Azərbaycanda fikir, söz, ifadə azadlığı, plüralizmin mövcudluğunu qabarıq şəkildə ortaya qoyur. Bu gün Azərbaycanda fikir, söz, məlumat azadlığının mövcud olduğunu təkcə kütləvi informasiya vasitələrinin rəhbərləri, media nümayəndələri deyil, eləcə də bu sahə ilə yaxından əməkdaşlıq edən dövlət və qeyri-dövlət qurumlarının mətbuatla işləyən rəsmiləri açıq şəkildə qeyd edirlər. Elə "İRƏLİ" İctimai Birliyinin  mətbuat xidmətinin rəhbəri Əfsanə Şükürova da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Əfsanə Şükürova hazırda Azərbaycanda KİV-lərin durumu, bu istiqamətə yönəlik dövlət siyasəti, mətbuatın inkişafına yaradılan şərait barədə danışıb.

-Əfsanə xanım, günümüzdə Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin durumunu necə qiymətləndirərdiniz?

-Klassiklərimiz mətbuatı insanların ruhunu təzələyən səhər mehi, xalqın görən gözü, danışan dili, eşidən qulağı kimi epitetlərlə təqdim ediblər. Bu da mətbuatın vacibliyinə nişanədir. İnkişaf tendensiyalarına əsasən mediamızda olan dəyişikliklər nəzərə çarpır. Jurnalistika ixtisasında təhsil alan tələbələr xaricə göndərilir, xarici mətbuatla tanış olur. Bu, daha güclü nəslin yetişməsi deməkdir. Təbii ki, dövlətin, xüsusilə prezident İlham Əliyevin mətbuata diqqətinin rolu danılmazdır. İnsanlar televiziya kanallarında xəbərlərin vaxtını gözləmədən informasiya agentlikləri vasitəsilə xəbəri daha tez və ətraflı əldə edə bilərlər.

-Ölkədə söz, informasiya və ifadə azadlığı, plüralizmin təmin olunması hansı səviyyədədir?

-Demokratik ölkə vətəndaşı timsalında Azərbaycanda insanların azad söz, ifadə, fikir azadlığı var. Bu azadlıq qorunur. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərindən başlanan azadlıq prinsipi bu gün ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir.

-Azərbaycan dövləti, onun prezidenti ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı addımlar atır?

-Bu gün ulu öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün şərait yaradılır. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti demişdir: "Bütövlükdə söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir".

-Bəs ümummilli lider Heydər Əliyevin söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı xidmətləri olub?

-Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli şərait yaratmış, Müstəqil Dövlətlər Birliyi məkanında senzura ilk dəfə Azərbaycanda ləğv olunmuşdur. Bu isə mətbuatın inkişafı üçün əsas olub.

-Sizcə, KİV-lər söz və məlumat azadlığından sui-istifadə edirlərmi?

-Doğrudur, bu gün üstünlükdən sui-istifadə edən KİV-lər çoxdur. Xüsusilə, dövlət sirləri ilə bağlı məsələlər ki, bu zaman məlumatların məxfi qalması vacibdir. Qanunda da əksini tapan müddəalardan xəbərsiz redaksiya üzvləri çox vaxt tirajladığı xəbərin mahiyyətindən xəbərsiz bunu edirlər.

-Ümumiyytlə, mediaya yaradılan şəraitə görə, Azərbaycanı bu sahədə regionun lider dövləti kimi dəyərləndirmək olarmı?

-Bu gün mediaya yaradılan şərait, ölkə başçısının dəstəyi, onu deməyə əsas verir ki, Azərbaycan bu sahədə də regionun lideridir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR