“Ən yaxşı dərs” layihəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində "Ən yaxşı dərs" layihəsinə start verilib. "OLAYLAR"-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, layihənin əsas məqsədi təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübəsini digər həmkarları ilə bölüşməsini təmin etməkdən ibarətdir. Təcrübə mübadiləsi, bütün fənlərin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da layihənin əsas komponentlərindəndir. "Ən yaxşı dərs" layihəsi I-XI siniflərdə bütün fənlər üzrə təşkil olunur. Dinlənilən dərslər müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik və məqsədyönlü istifadəsi, dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakının təmin edilməsi, müəllim tərəfindən motivasiya, tədris materialının şagirdin hazırlıq səviyyəsinə uyğunlaşdırılması, "Ən yaxşı dərs" üçün seçilmiş mövzunun proqrama uyğunluğu və bu kimi digər meyarlar üzrə qiymətləndirilir. Dərslər dinlənildikdən sonra təhlil və müzakirə edilir. Uğurlu nəticələr əldə etmiş məktəblərin və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliği istiqamətində keçirilən "Ən yaxşı dərs" layihəsi bütün məktəblərdə eyni vaxtda start götürür.

Qeyd edək ki, "Ən yaxşı dərs" layihəsi mayın 26-dək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR