Hicran Hüseynova BMT-nin eksperti ilə görüşüb

17 aprel 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın  Azərbaycanda işgüzar səfərdə olan BMT-nin ekspert xanım Pramila Patten ilə görüşü keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, ekspertin ölkəmizə səfərinin məqsədi Azərbaycanda məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində vahid dövlət siyasətini həyata keçirən, hökumət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini əlaqələndirəcək Milli Əlaqələndirmə Şurasının yaradılması və qadın hüquqlarının müdafiəsi istiqamətində Milli Fəaliyyət Planının hazırlanması üzrə tövsiyələr verməkdir. Komitə sədri Hicran Hüseynova Azərbaycan Hökumətinin BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi ilə birgə mütəmadi olaraq, sosial inkişaf istiqamətində müxtəlif layihələr həyata keçirdiyini bildirib. Belə layihələrdən biri də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 2016-cı ildən başlayaraq iki il müddətində icra edilən "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə" layihəsidir.  Layihənin əsas məqsədi gender-əsaslı zorakılıqla mübarizədə effektiv cavab mexanizminin yaradılmasında Azərbaycan Hökumətinə dəstək verməkdir. Bu layihənin əsas komponentlərindən biri də məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planın hazırlanmasıdır. Hicran Hüseynova ölkəmizdə məişət zorakılığının qarşısının alınması, gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumatları diqqətə çatdırıb. Komitə sədri zorakılıq hallarının qarsının alınması, zorakılıq qurbanlarının reabilitasiyası, bu sahədə profilaktik işlərin aparılması, monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və gücləndirilməsi haqqında məlumat verib. Hicran Hüseynova qadın sahibkarlığının inkişafı məsələsinə də toxunaraq, regionlarda yaradılan Qadın Resurs Mərkəzləri haqqında danışıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR