Balıq ovu qaydalarının pozulması hallarına qarşı QHT nümayəndələri ilə birgə reyd keçirilib

Qaradağ və Salyan rayonları ərazisində Şirvan kanalının Salyan şossesindən Xəzər dənizinə tökülən hissəsində qanunsuz balıq ovu ilə bağlı sosial şəbəkədə həvəskar balıqçılar tərəfindən qaldırılan məsələ dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və ekoloji QHT nümayəndələrinin iştirakı ilə yerində araşdırılıb.

Nazirlikdən "Olaylar" - a bildirlib ki, 31 mart- 4 aprel 2017-ci il tarixlərində Qaradağ və Salyan rayonları ərazisində, Şirvan kanalının Salyan şossesindən Xəzər dənizinə tökülən hissəsinədək olan sahəsində reyd keçirilib. İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi reyd zamanı su hövzəsində balıqçı torlarının qurulması və balıq ovlanması faktlarına rast gəlinməyib. Lakin Baş Şirvan Kollektorunun sularında bağlanmış vəziyyətdə 2 ədəd istifadəyə yararsız və 1 ədəd qismən yararlı taxta qayıq aşkar olunub. Eyni zamanda balıq ovu üçün istifadə olunan ventil və tor alətlərinin quraşdırılması məqsədilə 30 yerdə suyun axınının qarşısının dəmir tros vasitəsi ilə qismən alındığı müəyyən edilib. Balıq ovu alətləri olan 6 ventil və 1 ədəd tor yandırılaraq məhv edilib, su axınının qarşısını alan 30 ədəd dəmir tros kəsilib.                                              

Reyd zamanı dəmir trosların kəsilməsinə etiraz edən naməlum şəxs tərəfindən ETSN-nin əməkdaşlarına müqavimət göstərilib, atılan daşla avtomobilin ön hissəsinə zərər yetirilib. Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 "Qaynar Xətt" xidmətinə məlumat verilib və Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilib. Ərazi Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.         

Qeyd edək ki, Baş Şirvan Kollektorunun Qaradağ rayonu ərazisindəki hissəsi ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodunun istifadəsindədir və bu kollektorlarda qızıl balıqların və nərəkimilərin artırılması sahəsində vətəgə tipli stansiyalar fəaliyyət göstərir. Oradan mövsümə uyğun olaraq dənizdə, kanalda nərəkimi və digər növ törədici ana balıqların tutularaq zavoda təhvil verilməsi məqsədi ilə istifadə edilir.  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR