Azərbaycan tarixinin Atabəy romanı

Azərbaycanda Atabəylər dövrünə maraq həmişə mövcud olmuş, bir sıra dəyərli elmi, eləcə də bədii əsərlər yaradılmışdır ki, onlardan ikisini - akademik Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti (1136- 1225)" monoqrafiyası ilə xalq şairi Nəriman Həsənzadənin "Atabəylər" mənzum dramını ayrıca qeyd etmək lazım gəlir. Və mən heç şübhə etmirəm ki, Yunus Oğuzun "Atabəy və xaşxaşilər" romanı da həmin mövzuda qələmə alınmış dəyərli əsərlər sırasına daxil olacaq.

Roman Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin Dərbəndin qul bazarında satılaraq Bağdada aparılması hadisəsilə başlayır. Və bu hadisənin təsviri dövrün siyasi- ictimai panoramı ilə yanaşı, minlərlə qıpçaq kölələrindən birinin gələcəyə yönəlik arzuları barədə də müfəssəl təsəvvür yaradır...

"O, Uran tayfasının əsilzadələrindən idi. Elə uşaqlıqdan hər şeyə diqqətlə fikir verir, olanları və söylənənləri yaddaşına həkk etməklə o biri yaşıdlarından fərqlənirdi. Amma atasının uduzduğu döyüşlərdən birində qənimət kimi bacılarını, anasını və onu əsir götürdülər. Sonradan onu anasından, bacılarından ayırıb qul kimi Dərbəndə apardılar. Tale onun ömrünə nə yazıb o bunu bilmirdi. Bildiyi o idi ki, hara getməyindən asılı olmayaraq çox çalışmalı, ağlı və zirəkliyi sayəsində özünü göstərməlidir".

Romanın bir ideya- estetik məziyyəti tarixi faktlara sona qədər sədaqətliliyi, mənbələrin verdiyi kifayət qədər zəngin məlumatlara əsaslanmasıdırsa, digəri həqiqətləri zədələmədən, təhrif eləmədən Atabəylər dövrü tarixinin ideya (və iddia!) münaqişələrilə dolu fəlsəfəsini ortaya çıxarmaq, həmin münaqişələrin xalqların taleyinə, eləcə də ayrı- ayrı tarixi şəxsiyyətlərin formalaşmasına necə təsir etdiyini göstərmək cəhdidir.

Bədəncə zəif, çəlimsiz, özündən asılı olmayaraq yol boyu yuxulayıb arabadan yıxılan, hətta oyanmayıb düşdüyü yerdə də yatan Şəmsəddin gendən, kökdən gələn mənəvi gücü, istedadı, tədbirliliyi sayəsində əvvəl sarayda böyük nüfuz qazanır, sonra isə qüdrətli Azərbaycan Atabəylər dövlətini yaradır.

Doğrudur, romanın baş qəhrəmanı Şəmsəddin Eldənizdir və onun həyatı, mübarizələri, siyasi uğurları əvvəldən axıra qədər maraqlı detallar, təfərrüatlarla izlənilir; bununla belə yazıçı süjetin həm məkanını, həm də zamanını tez- tez dəyişdirməklə ümumən dövrün möhtəşəm (və mükəmməl) obrazını da canlandırmağa nail olur. Bir tərəfdə iğtişaşlar yaradıb öz formal hakimiyyətini bərpa etmək üçün hər cür təxribatlara getməyə hazır olan xəlifəlik, ikinci tərəfdə dünyanı islam qanunları ilə yanaşı türk törəsilə idarə imkanları nümayiş etdirən səlcuqlar, üçüncü tərəfdə çaşbaş qalmış, hər cür xəyanətə əl atıb çıxış yolu axtaran xristian dövlətləri... Digər tərəfdə isə hakimləri ölümlə, qətllə qorxudub xərac alan, hər yerə sızaraq sarayları hörümçək toru kimi əhatə edib nəzarətdə saxlayan xaşxaşilər...

"Bir qədər keçdikdən sonra qapı açıldı və Nüsrət otağa dəvət olundu. Elə qapının önündəcə otağa fikir verdi. İyirmi- iyirmi beş metr uzunluğunda olan bu otağın yeddi pəncərəsi vardı, altı pəncərədə altı peyğəmbərin - Adəm, Nuh, İbrahim, Musa, İsa, Məhəmmədin, yeddinci pəncərədə isə İsmayıl İbn Cəfər Sadiqin adı yazılmışdı. Həmədan rəisinin yadına düşdü ki, bu yeddiləri batinlər Nutəkəyi Səba adlandırırlar və bu yeddilərdən başqa batinlər heç bir peyğəmbəri və imamı qəbul etmirlər.

Divarlar yaşıl pərdə ilə örtülmüşdü. Şamlar və qəndillər zəif yandırılmış, bu səbəbdən otaq alaqaranlığa bürünmüşdü. Otaqdan ona tanış qoxu gəlirdi. Bu xaşxaşilərin həmişə çəkdikləri xaşxaşın qoxusu idi. Otağın o biri başında taxtda Sahibiəzəm oturmuşdu".

Bu, o yerdir ki, burada hökmdarların, dövlətlərin taleyi həll olunur. İstər müsəlman olsun, istər xristian, kim Ələmuta tələb edilən qədər bac- xərac vermirsə, o dövlət dağılmalı, o hökmdar aradan götürülməlidir. Və bu yerin ən böyük rəqibi, düşməni ağıllı, öz mənliyini qoruyan, xalqının iradəsini ifadə edən şəxsiyyətlərdir...

"Sahibiəzəm onu çox intizarda qoymadı:

- Bizim işimiz sultanın zövcəsi, xanımı Möminə xatunladır. Aldığım məlumata görə o, ağıllı və tədbirlidir. Yanında da yalnız ağıllı adamlar dolaşır. Sultan Toğrulu öz ağıllı məsləhətləri ilə neçə dəfə ağır vəziyyətdən çıxardıb, hakimiyyət taxtında oturdub. Bax, o qadını aradan götürsək, sultandan xərac ala biləcəyik.

Batinlərin Həmədan rəisi indiyə qədər nə qadın öldürmüş, nə də öldürtmüşdü. Amma Baş İmamın verdiyi əmrdən çıxa bilməzdi:

- Əmr edin, ya Sahibiəzəm!"

Mömünə xatunu ölümdən yalnız Şəmsəddin Eldənizin ağlı, tədbirli hərəkətləri xilas edir. Və o, bu xidmətinə görə Sultan Toğrulla Möminə xatunun oğlu Arslanşahın Atabəyi təyin olunur.

Görünür, ağıllı, tədbirli adamların üzünə tale də gülür. Sultan Toğrulun qəfil ölümü hadisələrə yeni miqyas verir: Möminə xatınla evlənən Atabəyin hakimiyyət illəri başlayır. Əvvəl Bərdədə, sonra isə Naxçıvanda...

Ancaq tarixin (və insanlığın) elə bir dövrüdür ki, haqq- ədalət, əmin- amanlıq uğrunda mübarizənin hər addımında qarşıya min xəyanət, yüz ölüm təhlükəsi çıxır.

Bir də ki, Ələmut qalası...

"Dünyanın bütün güclü padşah və sultanlarını, ağıllı insanlarını, vəzirlərini, vəkillərini, üləmalarını qətlə yetirən, qorxudan "ölüm çarxı"nı yaradan xaşxaşilərin banisi Həsən Sabbah, deyilənlərə görə Ömər Xəyyam və Səlcuq sultanlığının vəziri Nizamülmülklə dost olur. Çox yaxın olduqları üçün vəzir onu sarayda maliyyə məsələləri üzrə məmur təyin edir, lakin o, sarayda rüşvət almaqla məşhurlaşır. Günlərin birində məsələ ortalığa çıxdıqda, Həsən Sabbah canını qurtarmaq üçün o biri dostunun, Ömər Xəyyamın yanına xahişə gedir. Vəzir şairin xahişini yerə salmır, amma deyir ki, qoy cəhənnəm olub hara istəyir getsin, təki gözümə görünməsin, harada gözümə görünsə, mütləq cəzalandıracam.

Həsən Ömərdən bu sözləri eşitdikdə deyir: "Ömər, mən gedirəm. Elə bir yerə gedirəm ki, çoxları mənim əmrimlə qətlə yetiriləcəklər, hətta baş vəzir də, ancaq siz məni bir daha görməyəcəksiniz". Aradan bir qədər keçdikdən sonra Həsən Sabbah hiylə ilə Əlamut qalasını ələ keçirir, İsmaililər adı altında, xaşxaşilər kimi məşhurlaşır "ölüm çarxı"nın əsasını qoyur. Çox keçmir ki, xaşxaşilər səlcuqların sultanı Alp Arslanı, onun oğlu Məlikşahı, hər ikisinin vaxtında vəzir işləmiş Nizamülmülkü qətlə yetirirlər".

Roman müəllifi bu şeytan məsləkinin qarşısına Gəncədə Baş Dədənin müqəddəs missiyasını çıxarır. Hər ikisinin elmi "batini"dir... Lakin birincisi şərə, ikincisi isə xeyrə xidmət etməyilə bir- birinin ziddinədir...

Və Atabəylə Möminə xatun Baş Dədənin görüşünə gəlirlər... Bu görüş nə qədər mistikdirsə, romanın ruhu baxımından o qədər də real; nə qədər realdırsa, o qədər də mistikdir.

Mənə elə gəlir ki, xüsusilə həmin epizodda Yunus Oğuza "məhşər" müəllifinin müsbət mənada əhəmiyyətli təsirini hiss etməmək mümkün deyil. ancaq o da aydın görünür ki, İsa Hüseynov (Muğanna) fəlsəfəyə, "Atabəy və xaşxaşilər" müəllifi isə siyasətə, diplomatiyaya çəkir...

"Dədə göründü. Özü onlara yaxınlaşdı. Birinci şahzadəyə salam verdi:

- İraq sultanlığının sultanı Gəncəyə xoş gəlib. Bu sultan həzrətlərinin Gəncəyə birinci və axırıncı dəfə gəlişidir.

Eldəniz etiraz edib, düzəliş vermək istədi:

- Baş Dədə üzr istəyirəm. İraq sultanlığının sultanı Məsuddur. Bu isə şahzadə Arslanşahdır.

Baş Dədə gülümsündü:

- Bilirəm, ey Arranın, Azərbaycanın Atabəyi. İyirmi beş il keçməyəcək ki, atabəyliyini etdiyin bu oğlan, - baş barmağı ilə Arslanşahı göstərdi, - İraq sultanlığının sultanı olacaq. Siz isə, heç on il keçməyəcək ki, Sultan Məsud Azərbaycanı da sizin idarə etmənizə verəcək. - Sonra xanıma tərəf döndü. - Siz də xoş gəlmisiniz, ey qadınların ən ağıllısı Möminə xatun. Təəssüf ki, qadınsınız, yoxsa dünya ayaqlarınız altında olar, ağlınızla, qılıncınızla bütün dünyanı tutardınız. Amma təəssüf etməyə dəyməz. Sizin üçünüz bir yerdə olanda hökmünüz Hind okeanından Bizans torpaqlarına qədər çatacaq. Bütün rəqibləriniz ayaqlarınız altında olacaq, birindən savayı".

Baş Dədə Atabəyə və onun ailəsinə ən qəddar düşmənlərini də tanıtmaqla onları xəbərdar edir. Və bu, sadəcə xəbərdarlıq deyil, həm də əcdad ruhunun himayəsinə təminatdır. Yəni dədə- babaların Oğuz xandan gələn törəsinə riayət edəcəksənsə, heç bir maneə sənin qarşında dayana bilməz, aşıb keçəcəksən...

"Atabəy bayaqdan beynində ilişib qalan sualı, nəhayət ki, verdi:

- Dədə, bayaq, həyətdə dedin ki, bütün düşmənlərimi yenəcəm, təkcə birindən savayı. Bilmək istəyirəm ki, o kimdir, - açıq düşməndi, ya gizlin?..

- Düşməniniz gizlidir, onlar sizi qarabaqara izləyir, hətta bir dəfə sən və Möminə xatun onların qəsdinə tuş gəlmisiniz. Ağlınız və tədbirləriniz sayəsində bu qəsddən qurtulmusunuz. Onlar özlərini "batinlər" adlandırırlar. Xalq arasında isə onlara xaşxaşilər deyirlər.

Eldəniz ona daha bir sual ünvanladı:

- Dədə, səhv etmirəmsə, sizə də "batinlər" deyirlər. Ortada "iki batin" olur. Sizin batinlə onların "batin"i arasındakı fərq nədir?

Baş Dədə onun sözlərinə düzəliş etdi:

- Biz "batinlər" deyilik. Biz batin elmi ilə mşğul olan insanlarıq. Xaşxaşilər ona görə özlərini "batin" adlandırırlar ki, guya xəlvəti iş görürlər, xəlvəti qərar verirlər, xəlvəti xərac istəyirlər, alınmayanda xəlvəti qətlə yetirirlər"...

Çox keçmir ki, Atabəyin hakimiyyətinin Naxçıvan dövrü başlayır. Xaşxaşilərin bütün cəhdlərinə baxmayaraq onların xəyanətlərinin üstü açılır... Naxçıvan Azərbaycan dövlətinə xəyanət edənlərin qarşısında alınmaz qalaya çevrilir.

Və romanın dramatik əsasını təşkil edən Atabəy - xaşxaşilər qarşıdurması başlayır...

"Sahibiəzəm əvvəl istədi desin ki, get, amma yadına verəcəyi o biri tapşırıqlar düşdü. "necə olub ki, əsas tapşırığı yadımdan çıxarmışam". Bu sualı özü- özünə verdi:

- Hə, əsas məsələ, Arranda, Azərbaycanda, əsas da Naxçıvanda şəhid olan fədailərimizin yerlərini doldurmaq lazımdır. Bu boşluğu uzun müddət saxlamaq olmaz. Bizim zəif olmağımızı heç kim görməməli, heç kim hiss etməməlidir. Bu, bizim hakimiyyətimizin rəhnidir, - dedi, sonra da əlavə etdi: - O, kölənin və ləçərin qətlindən hələ vaz keçməmişəm".

Yazıçının sənətkarlığıdır ki, romanda əsas konflikti daim nəzərdə saxlamaqla yanaşı, dövrün müxtəlif xarakterli, xüsusilə etnik ziddiyyətlərini də nəinki unutmur, əksinə, onlara elə bir miqyas verir ki, bu, əsərin əsas konflikdinin ideya- estetik interpretasiyası üçün strateji kontekstə, bütövlükdə isə, müəllif məramını anlamaq baxımından metadoloji prinsipə çevrilir...

"Xəlifə vəzirinə baxdı. Bu ona maraqlı gəldi. indiyə qədər türkman məhəlləsindən şikayət olmamışdı. Türkmanlar həmişə sözünə sadiq, ədalətli idilər, heç kimi incitməzdilər. Hətta ərəblər sözün bütövlüyünü onlardan öyrənirdilər. Buna görə də soruşdu:

- Neyləyib sənə türkmanlar?

- Mənə heç nə, ya əmirəlmömin, amma onlar müsəlman qaydalarını pozurlar, bu da islam hümmətinə pis təsir edir.

Dinin qoruyucusuna bu sözləri deməkmi olardı?

- Ay kişi, muss- muss deyincə, bir dəfəlik Mustafa de, ağzındakı loxmanı çıxart, bir ağıllı- başlı de görək, müsəlman qaydalarını neyləyib pozurlar: namaz qılmırlar, şəraba qurşanıblar? - Bu dəfə Xəlifə Qadirin üstünə çımxırdı.

Qadir ibn Kərim özünü itirmədi, dərhal xəlifəyə cavab verdi:

-Yox, ya əmirəlmömin! Siz sadaladığınız şeylərin hamısına əməl edirlər, şərab da içmirlər, amma bu türkman məhəlləsinin əhalisi öz törələri, öz qayda- qanunları ilə yaşayırlar.

- Yəni sünnəni pozurlar? - Bu dəfə vəzir ibn Xubayr sual verdi.

- Hə, belə bir şeydir. Məsələ bundadır ki... - Qadir bilmirdi hardan başlasın, bir qədər sonra özündə cəsarət tapıb dilləndi, - bu türkman məhəlləsinin qız- gəlini küçəyə- bacaya çıxanda həmişə üzləri açıq olur, çarşab geyinmirlər, pərəncə örtmürlər. Bu da bizim qız- gəlinlərə pis təsir edir. Hərdən evdə qızlarım məndən soruşurlar ki, validim, türkmanlar niyə belə geyinirlər?

Xəlifə bu sözlərdən sonra gülməyə başladı".

Bu cür zərif (və təsirli) eyhamlar, türklərin islama sədaqətini, bununla belə heç bir əxlaq qaydalarına zidd olmayan adi həyat- məişət tərzlərini (milli özünəməxsusluqlarını) qoruyub saxlamaları barədəki təfərrüatlar, elə bilirəm ki, romanın ideya- estetik enerjisini təbii bir şəkildə göcləndirir. Və əsas da odur ki, bu təbii enerji yazıçının buna qədərki yaradıcılığında - poeziyasında, nəsrində, dramaturgiyasında, elmində, publisistikasında da təzahür edən Yaradıcı Təbiətindən irəli gəlir.

...Xalqı Atabəy hakimiyyətindən narazı salmaq üçün hər cür nalayiq hərəkətlər edən Gəncə hakiminin cəzalandırılması barədəki epizodlar, elə bilirəm ki, romanın ən maraqlı, ən təsirli səhifələrini təşkil edir. Və bu səhifələrdə gənc Cahan Pəhlivanın xarakteri də açılır...

"Silahlıları görüb özünü itirmədi, heç cariyəni də qucağından düşürmədi. Bu insanlar onun əsgərlərinə oxşamırdı. Düşündü ki, bu yüzdə yüz basqındır. Bununla belə həyasızlığından, təkəbbüründən qalmadı, qışqırdı:

- Nə cəsarətlə mənim sarayıma, müqəddəs olan yatağa soxulmusunuz, basqın etmisiniz. Bilmirsiniz bunun bədəli ağır olacaq?

Atabəyin iyirmi yaşlı oğlu onun təhdidedici sözlərindən zərrə qədər də olsa səksənmədi, çaşmadı. Əlində qılınc düz gəlib yarıçılpaq Gəncə hakiminin və onun qucağında oturmuş cariyənin qarşısında dayandı, hirslə dedi:

- Yataq otağını müqəddəs hesab edən adamın şərəfi də, qüruru da, ləyaqəti də müqəddəs olmalıdır. Səndə isə bunların heç biri yoxdur, şərəfsiz! Əgər bunlardan biri səndə olsaydı, qudurğanlıq edib, Gəncə camaatını bu qədər incitməz, ləkələməz, alçaltmazdın. İnsanlara şər atıb tutdurmazdın, əmlaklarını əllərindən almazdın. Az qalıb ki, sayəndə bütün Gəncə yaltağa, satqına çevrilsin. Atabəy Eldənizin təbəəsini beləmi qoruyursan? Onun ən önəm verdiyi Gəncəni beləmi idarə edirsən? Qorxmursanmı yerin yiyəsi bir gün gəlib səndən haqq- hesab soruşacaq, şərəfsiz?"

...Arslanşahın varis kimi Həmədanda sultan taxtına oturması ilə Atabəyin hakimiyyət hüdudları daha da genişlənir. Və o, bu səlahiyyətdən istifadə edib öz dövlətçilik arzularını daha inamla həyata keçirməyə başlayır... Roman belə bir əbədi ideyanı növbəti dəfə təsdiq edir ki, əsilzadə təsadüfən köləyə çevrilsə də ömrü boyu belə qala bilməz. Damarlarında qaynayan ehtiraslı qan onu əvvəl- axır hakimiyyətə, layiq olduğu məqama gətirib çıxaracaqdır. Hakimiyyəti şərəfsizliklə əldə edənlər isə onu həmin şərəfsizliklə də itirəcəklər...

Nə xəlifə, nə də onun təhriki ilə Atabəyə qarşı çıxanlar heç nəyə nail ola bilmirlər...

"Beləliklə, Böyük Atabəy çox qısa müddətdə geniş bir ərazini - Qafqaz dağlarından tutmuş ta Kəngər (Fars) körfəzinə qədər yerləri öz hakimiyyəti altında birləşdirdi. O, Azərbaycanı, Arranı, Şirvanı, Tiflis qapılarına qədər əraziləri, Cibalı, Həmədanı, Gilanı, Mazandaranı, İsfahanı, Reyi həm idarə edir, həm də o hakimləri, atabəyləri təyin edirdi. Xəzinə xərclərinə o, nəzarət edir, orduya çağırış da yalnız onun icazəsi ilə həyata keçirilirdi.

Sultan və xəlifədən sonra sultanlıqda onun adına xütbə oxunurdu. Mosul, Kerman, Xuzistan, Xilat, Arzan ər- Rum, Marağa atabəyləri və Şirvan hakimi onun vassalı sayılırdı".

Lakin Atabəyin heç zaman sonacan qalib gələ bilməyəcəyi, Baş Dədə demişkən, bir düşməni qalırdı...

"Baş imam:

- Yəni o qədər bərbaddır? - deyə, onun sözlərinə tam aydınlıq gətirmək üçün soruşdu.

Əlamut xəlifəsi cavab verdi:

- Bəli, həzrət, bərbaddan bərbaddır. Belə ki, özünə Böyük Atabəy adı verdikdən sonra nəinki bütün atabəyləri ovcunun içinə yığa bilib, hətta Şirvanşahı da əlinin altında saxlayır. Odur ki, Eldəniz hökmü keçən bütün atabəylərə, hakimlərə, şirvanşah Axıstana da əmr verib ki, heç kim Əlamuta xərac göndərməsin. İndi bizə Şərqdən heç nə gəlmir, gəlməsi də gözlənilmir.

Təmimi indi başa düşdü ki, ustadı onun və zövcəsinin qətl edilməsini həmişə niyə vurğulayırdı, niyə onu tələsdirirdi. İndi isə yüyəni əldən verib. İt izi at izinə çevrilib. Gərək vaxtında bütün gücümüzü qoyub ya Atabəyi, ya da onun zövcəsini aradan götürəydik. Hələ gec deyil, tədbir görmək lazımdır. Belə getsə, bir azdan görəcəyik ki, Eldəniz Əlamut qalasının ətəyindədir".

Lakin Əlamutun Atabəyə qarşı təxribatları heç bir nəticə vermir. Mayası doğruluqdan yoğrulmuş bir hakimiyyəti özünün şərəfsiz iddialarına, məqsədlərinə tabe etməyə heç bir qüvvənin gücü çatmır... Əgər çatsaydı bu dünyaya gəlməyin (və bu dünyada yaşamağın!) bir mənası olardımı?..

1175- ci ildə əvvəl Möminə Xatun, onun qırxı çıxmamış Atabəy Şəmsəddin Eldəniz haq dünyasına qovuşdular... "Cahan Pəhləvan 1187- ci ildə, Qızıl Arslan isə 1191- ci ildə xaşxaşilər tərəfindən qətlə yetirildi. Atabəylər sülaləsi 1226- cı ilə qədər Azərbaycan və İraq Sultanlığını idarə etdi...

Yalnız 1258- ci ildə Hülaki xan hiylə ilə Əlamut qalasını ələ keçirib, xaşxaşilərin fəaliyyətinə son qoydu. Hülaki xan Əlamut qalasında iyirmi il həbsxana həyatı yaşamış Nəsrəddin Tusini azad edib, özünə vəzir təyin etdi. Elə o vaxtdan da Bağdad xəlifəliyi ləğv olundu"...

Yunus Oğuzun yeni romanı ilk növbədə Atabəyin romanıdır... Ancaq burada Bərdə də var, Gəncə də, Naxçıvan da... Nizami Gəncəvi də var, Əcəmi Naxçıvani də... Keçmişimiz də var, gələcəyimiz də... Bu, bizim tariximizin (və taleyimizin!) romanıdır... Xeyiri ilə, Şəri ilə!..

Nizami Cəfərov

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR