Heydər Əliyev irsi İslam həmrəyliyinə yeni təkandır

Heydər Əliyev irsi keçmişi gələcəklə bağlamaqla ümummilli mənafeyimizin qorunması yönündə irəlidəki hədəflərin müəyyənləşməsində mühüm tarixi-siyasi əhəmiyyət kəsb edir.

XX əsrin 60-cı illərindən sonra Heydər Əliyev dövrünün olduğu göz qabağındadır. Ona görə də Ulu Öndər bu böyük, uzun zaman kəsiyində elm kimi (Əliyevşünaslıq) fundamental olaraq daim araşdırmanın aktual məsələləri sırasındadır. Siyasətlə bağlı olaraq adətən liderlik kimi qəbul olunur. Bütövlükdə bəşəri proseslərin fövqündə dayanaraq hadisələrə təsir etmək kimi önə çıxır.

90-cı illərdən sonra tarixi-siyasi hadisələrin təhlilini apararkən böyük məsuliyyət tələb olunur ki, xarici və daxili təhlükəli amillərin dövlətin parçalanmasına şərait yaratması fonunda baş vermişdir. Daxildəki qeyri sabitlik, dövlət çevrilişi cəhdləri, xaricdə isə erməni işğalı, beynəlxalq arenada yarıtmaz siyasət nəticəsində ölkənin nüfuzunun aşağı düşməsi bu prosesi daha da sürətləndirmişdir. Xalqın qırılmış inamını bərpa etmək, siyasi hakimiyyət sahəsində bir çox islahatlar aparmaq, dövlət idarəçiliyində onun bərpasının təşkili böyük ustalıq tələb edərək, hər bir sahədə elm-texnika, hərbi, iqtisadiyyat, təhsil, tibb, idman və s-də irəliləyişə nail olmaq Heydər Əliyev irsinin, onun yorulmaz zəhmətinin bəhrəsidir.

Yenidən siyasi həyata qayıtmasından sonra "Azərbaycanın suverenliyi, bütövlüyü, bölünməzliyi, ümumbəşəri dəyərlərin qorunması, dövlət-din münasibətlərinin tənzimlənməsinə öz töhfəsini vermişdir".

Dünya azərbaycanlarını bir araya gətirərək onların birinci qurultayını keçirməsi, onları vahid milli ideya-Azərbaycançılıq ətrafında sıx birləşməsində əvəzsiz xidməti Heydər Əliyev irsini miras olaraq bizə bəxş etməsi, hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qəbul edərək bayram etməyimiz bizi öz soy-kökümüzə qayıdaraq qüvvətlənməyimizə güclü təkan vermişdir.

Həmrəylik nədir? Qarşılıqlı dayanışma, fikir, əməl və söz birliyi, bir-birini dəstəkləmək və s deməkdir. Məsələn: dinimizdə olan Qurban bayramı, Ramazan bayramı. Bütün dünya müsəlmanlarının eyni anda bayram etmələri bu həmrəyliyin təzahürüdür.

1989-cu il 31 dekabrda Güney və Quzey Azərbacanlıların Araz çayını aşaraq bir-biri ilə qovuşmasının əhəmiyyətini nəzərə alaraq, 1991-ci ilin 16 dekabrında Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.

Müasir dünyada dini zəmində baş verən mürəkkəb və ziddiyətli hadisələrin həll olunması üçün məzhəblərarası yaxınlaşma İslam həmrəyliyinə güclü təkan verə bilər. Müsəlmanlar milliyyətindən, irqindən asılı olmayaraq qardaşdırlar, bir ümmətdirlər. Qurani-Kərimdə deyilir "(Ey insanlar!) həqiqətən bu tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yanlız Mənə ibadət edin!(Əl-Ənbiya 92)"

"Möminlər bir-birini sevməklə, bir-birlərinin qayğısına qalmaqla, insan bədəninə bənzəyirlər. Bədəndə bir üzv rahatsız olarsa o bir üzvlər də rahatsız olar" hədisi müsəlmanlara ibrət olması lazım olanları anladır.

Digər bir hədisdə belə buyurulur: " Möminlərin arasını vuran bizdən deyildir".

Ancaq yenə də müsəlmanlar arasında birliyi pozmağa çalışan, onların həmrəy olmalarına mane olan qeyri-müslim qüvvələr, İslam adı altında fəaliyyət göstərən radikal cərəyanlar vardır ki, hər daim müsəlmanların qalmaqal içində bir-biri ilə mübahisə etmələrinə şərait yaradırlar. İslam birliyini, həmrəyliyini baltalamağa səy göstərirlər.

Müsəlmanlar həmrəy olduqları məsələlərdə birlik nümayiş etdirib, ixtilaflı məsələlərdə dözümlülük göstərsələr ən yaxşı ümmət nüfuzunu yenə də qazana biləcəklər.  "Lə iləhə illəllah Muhəmmədən Rəsulullah" kəliməsini dilə dilinə gətirən hər bir şəxs müsəlman sayılır. "Müsəlman adı onları bir əqidə ətrafında, İslam bayrağı altında birləşdirir".

Sovet ittifaqı dağıldıqdan sonra 1991-ci ildə istiqlaliyyət əldə etməklə yenidən öz kökünə qayıtmış, din azadlığına nail olmuşuq. Həmin ildən Azərbaycan İslam Konfransı Təşkilatının üzvü olmuş, onun tədbirlərinin fəal iştirakçısıdır. Bütün strukturları ilə əməkdaşlıq edir.

Ulu Öndər daima İslam dünyasında həmrəyliyə nail olunmasından ötrü çalışmış, onun möhkəmləndirilməsinə, əməkdaşlığının genişləndirilməsinə, dərinləşməsinə səy göstərmişdir. Heydər Əliyev irsi məhz Azərbaycanda yaşayan çoxsaylı xalqların azad, firəvan yaşamalarının qarantı olmuşdur. Zaqatala, Oğuz, Quba, İsmayıllı, Gədəbəy rayonlarında yaşayan çoxsaylı xalqların nümayəndələrinin mehriban, bir-biri ilə qarşılıqı ünsiyyətdə olaraq hürr yaşamaları bunun əyani sübutudur. Bu elə onların həmrəy olmalarının bariz nümunəsidir. Ümumiyyətlə Azərbaycan digər dinlərin nümayəndələrinə Konstitusiyada eyni təsbit olunmuş haqları verir.

Tolerantlıqda bütün dünyaya örnək olan Azərbaycan, həmrəylik baxımından İslam dünyasına da örnək ola bilər.

Azərbaycanda iki böyük məzhəb daşıyıcılarının (Şiə və Sünni) ta qədimdən günümüzədək bir yerdə həyat sürmələri, bir-birlərinə qaynayıb qarışması İslam dünyası üçün bir nümunə olmalıdır. Heydər Əliyev irsi bu qardaşlığın möhkəmlənməsinə daim xidmət edir və edəcəkdir.

Dünyamızın indiki mövcud şəraitdə nə kimi problemlərlə üzləşdiyi göz önündədir. İslamı yox etmək üçün hazırladıqları layihələr, senarilər artıq bəllidir. İslam həmrəyliyinin bu gün bütün bunların aradan qaldırmasına ciddi ehtiyacı vardır. Oynanan oyunların (İraq, Suriya, Yəmən, Əfqanıstan və s) məqsədi İslam ölkələrini iqtisadi cəhətdən zəiflətmək, inkişaf etməyə qoymamaq, bir sözlə İslam ölkələrindəki zənginliyi talayıb-daşımaq, İslam dünyasını məhv etməkdir. İslam həmrəyliyi müsəlman cəmiyyətlərini birləşdirəcək və etnik-dini zəmində konfiliktlərin yaranmasına mane olacaqdır. İslam dünyasında mübahisə doğuran məsələlərdən olan məzhəbçilikdən istifadə edərək İslam düşmənləri məsələni daha da qabardaraq müsəlmanları bir-birinə düşürməyi bacarırlar. İslamın ən böyük böyük dəyərlərindən biri də müsəlmanları söz və əməldə birləşdirmək, bir-birinə ürəklərini isindirməkdir. Yardımlaşma, qardaşlıq,  birlik, həmrəylik bu gün İslam ölkələrinə, İslam dünyasına, hamımıza çox lazımdır. Rəbbimiz belə buyurur: " Allahın ipindən (dinindən) hamılıqla möhkəm yapışın və parça-parça olmayın(Ali-İmran103)". Söz birliyi, həmrəylik müsəlmanların gücüdür. Əks halda zəifləməkdir, düşmənlərin güclənməsi deməkdir.

Hal-hazırda Avropada baş verən İslama qarşı olan hadisələr, İslamafobiyanın güclənməsi, İslamı hər vəchlə gözdən salma cəhdləri İslam ölkələrini ciddi narahat etməli, birləşdirməli, həmrəylik nümayiş etdirməli, artıq bunun Səlib yürüşünün yeni forması olduğunu dərk etməlidirlər. İslam insanlara əmin-amanlıq, hüzur içərisində yaşamağı əmr edir. Bir cəmiyyətin əmin-amanlığı, ancaq o cəmiyyətin fərdlərinin və təbəqələrinin bir-birləri ilə qarşılıqlı anlaşma və uzlaşma şəraitində yaşamasından asılıdır. Bu gün İslam dünyasında baş verən müharibələr məhz bu anlaşmanın olmadığının bariz nümunəsidir.

İslam dinində terror və insana yaraşmayan əməllər qadağan olunub. Terrorla, təxribatla dinin imicinə xələl gətirməyə çalışırlar. Məhz buna görə də İslam həmrəyliyi çox vacibdir. Dünyada baş verən müharibələrə, böhranlara baxmayaraq inkişaf edən ölkəmizdə tolerantlıq, multikultural dəyərlər yüksək səviyyədədir. 2017-ci ili " İslam Həmrəyliyi İli" elan olunması, ölkəmizdə bu il may ayında keçiriləcək "İslam Həmrəyliyi Oyunları" İslam dünyasının dəyərlərini Azərbaycanla cəmləşdirəcək.

Dövlət başçısının apardığı xarici siyasət tamamilə dünyada sülh və əmin-amanlığın bərpa olunmasına dayanır.

Bütün dünyaya örnək olacaq multikultural tolerantlıq mövcuddur ölkəmizdə. Bu da Ulu Öndər Heydər Əliyevin miras olaraq qoyub getdiyi irsinin nəticəsidir.

O, bir çox sahələrdə iz qoyaraq Azərbaycanın gələcəyinin işıqlı olması, dünyada güclü ölkə olaraq daima xariqələr yaradacağına zəmin yaratmışdır.

Heydər Əliyev irsi insanları birliyə, həmrəyliyə daim dəvət edir. Məhz bu gün İraqda, Suriyada, Fələstində baş verən hadisələrin aradan qaldırılması üçün Azərbaycan dövləti barışdırıcı ölkə olaraq öz missiyasını yerinə yetirir. Azərbaycanın apardığı xarici siyasət İslam aləmini bir yumruq kimi yaxın gələcəkdə birləşdirəcək və həmrəylik var olacaqdır. İslam həmrəyliyinin güclənməsindən ötrü Azərbaycanın rolu bir çox sahələrdə idman, iqtisadi, mədəniyyət, tibb, hərbi, sənaye,  texnika və s sahələrdə əlaqələrin yaradılması onun inkişaf etdirilməsi, digər İslam dünyası ilə bağlılığı İslamın zəfər çalmasına sürətli təkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni ideya olaraq irəli sürdüyü "Azərbaycan modeli", "Azərbaycan multikulturalizmi", dialoq, humanizm, alturizmi özündə birləşdirərək müasir dünyanın problemlərindən danışaraq bənzərsiz bir nümunəni ortaya qoyacaqdır. İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi dünyada dinlərarası, məzhəblərarası münasibətləri, birliyi istiqamətləndirən yeni bir ideyadır. Və yaxın gələcəkdə Azərbaycan inşallah, İslam dünyası bu birlik və həmrəylik içində olmaqla öz mövqeyini ortaya qoyacaqdır. İslamın dünyaya hakim olmasına bir vəsilə olacaqdır.

Zaqatala rayonu Çobankol kəndi "Cümə" məscidi dini icmasının

sədri:     Nurullayev Məhəmməd Misir oğlu.

Bu məqalə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  dini icmalar arasında Ümummilli Lider Heydər Əliyevin 94 illik yubilyei münasibətilə keçirilən "Heydər Əliyev irsi və İslam həmrəyliyi" mövzusundakı məqalə müsabiqəsinə təqdim olunmaq üçün hazırlanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR