Fevral ayında Çağrı Mərkəzinə 1200-ə yaxın müraciət daxil olub

İqtisadiyyat Nazirliyi vətəndaşlarla işin səmərəliliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi məqsədilə onların lazımi iqtisadi və hüquqi informasiya ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərini davam etdirir. Nazirliyin 195-2 Çağrı Mərkəzinin fəaliyyətinin müasir tələblərə uyğun olaraq daha da təkmilləşdirilməsi bu istiqamətdə atılmış növbəti addımlardandır.

2017-ci ilin fevral ayında Çağrı Mərkəzinə 1200-ə yaxın müraciət daxil olub. Bu müraciətlərin 930-dan çoxu canlı rejimdə, 260-a yaxını isə səsli menyu vasitəsilə cavablandırılıb.

Müraciətlər əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlərin əldə olunması, istehlakçıların qanuni hüquqlarının müdafiəsi, lisenziyaların və  investisiya təşviqi sənədinin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri, "Made in Azerbaijan" brendinin təşviqi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub. Nazirliyin 7 fəaliyyət istiqaməti üzrə məlumat verən Çağrı Mərkəzinin səsli menyusundan istifadə edənlər isə daha çox güzəştli kreditlərin əldə edilməsi barədə məlumatlar əldə ediblər.

Fevral ayında Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin 60%-i Bakı şəhərinin, 40%-i isə regionların payına düşüb.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlər isə qanunamüvafiq qaydada baxılaraq müvafiq tədbirlər görülməsi məqsədilə Nazirliyin aidiyyəti strukturlarına təqdim edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qanunvericiliyə uyğun olaraq cavablandırılması üçün aidiyyəti üzrə yönəldilib.

Məlumat üçün qeyd edək ki, 195-2 Çağrı Mərkəzi İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətləri birbaşa və ya araşdırıldıqdan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərir, şikayətləri qəbul edir. Xüsusi avadanlıqlarla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir xidmət zalında fəaliyyət göstərən Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan bütün zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Olaylar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR