Əflatun Amaşov: “Hökumətin fəaliyyətində nöqsanlar və çatışmazlıqlar da var

"Hökumətin fəaliyyətində nöqsanlar və çatışmazlıqlar da var. Əlbəttə, iş olan yerdə problemlər olmalıdır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Əflatun Amaşov Milli Məclisdə hökumərin hesabatının müzakirəsi zamanı çıxış edərkən deyib. Onun sözlərinə görə, ümumən hesabata nəzər saldıqda bu qənaətə gəlmək olur ki, Nazirlər Kabineti devalvasiya nəticəsində yaranmış durumun ayrı-ayrı əhali kateqoriyalarına mənfi təsirlərini aradan qaldırmaq istiqamətində fəaliyyət göstərib: "Bu isə son dərəcə vacib məqamdır. Nöqsanlar və çatışmazlıqlar da var. Əlbəttə, iş olan yerdə problemlər olmalıdır". Bununla belə millət vəkili hökumətə bir sıra problemlərin həlli ilə bağlı təkliflərini də səsələndirib. "Mən vaxtı ilə kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunu əsas tutaraq ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsini təklif etmişdim. Yenə də məsələyə qayıtmaq istərdim. Çünki ƏDV-nin tətbiqi medianın iqtisadi durumuna mənfi təsir göstərməkdədir. Media isə həssas sahədir. KİV məhsullarının ƏDV-yə cəlb edilməsindən əldə edilən gəlir elə də yüksək deyil. Cəmi yarım milyon manat. Bu, cüzi rəqəmdir. Belə olan halda medianın istisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. Mən bir daha təklif edirəm ki, mətbuatın indiki durumunu nəzərə alaraq ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılsın. Hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram. İkincisi isə müharibə əlilləri və şəhid ailələri üçün bölgələrdə fərdi evlərin tikilməsi ilə əlaqədardır"- deyə, o, bildirib. Ə.Amaşov əlavə edib ki, diqqət yetirmək istədiyim üçüncü məsələ tibb sahəsi ilə bağlıdır: "Ümumən ölkəmizin bir çox bölgələrində müasir xəstəxanalar və diaqnostika mərkəzləri istifadəyə verilib. Aancaq təsəvvür edin ki, deputatı olduğum Saatlı rayonu üzrə 60 ali təhsilli həkim, 100-ə yaxın tibb bacısı yeri boşdur. Bu rəqəmlər çox düşündürücüdür. Məndə olan məlumatlara görə, başqa yerlərdə də demək olar, oxşar mənzərə müşahidə edilməkdədir. Təsəsvvür edin ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayondakı şöbəsində burun-boğaz-qulaq həkimləri belə kənardan gətirilir. Vəziyyət belə davam etsə, 10-20 il sonra nələrin baş verəcəyini düşünmək sadəcə qorxuncdur. Hesab edirəm ki, Azərbaycan hökuməti məsələyə xüsusi diqqət yetirməlidir. Hansısa stimullaşdırıcı tədbirlər görülməlidir. Torpaq və digər imtiyazların tətbiqi də nəzərdən keçirilə bilər. Tibb təhsili verən ali məktəblərdə dövlət hesabına təhsil alan tələbələr var. İlk növbədə onları bölgələrə yönləndirmək lazımdır. Dövlət hesabına təhsil alıblarsa, dövlət üçün vacib missiyanı da yerinə yetirsinlər. Ancaq əlbəttə, dövlət kimisə hansısa dağ kəndindəki ambulator məntəqəyə acından ölmək üçün göndərməməlidir. Yenə də deyirəm, hansısa stimullaşdırıcı tədbirlər tətbiq edilməli, yüksək əmək haqqı olmalıdır".O, əlavə edib ki, növbəti diqqətə çatdırmaq istədiyim məsələ post-neft dövrü ilə bağlı olan məsələdir: "Burada da ənənəvi sahələrdən biri də kənd təsərrüfatıdır. Dövlətimiz sahənin inkişafına böyük önəm verir. Xaricdən texnika və avadanlıqlar alırıq. Ancaq bu yetərlidirmi? Mən yenə də deputatı olduğum Saatlı rayonunun timsalında bir məsələyə diqqət yetirəcəm. Məlum olduğu kimi, Saatlı aqrar rayondur. Kənd təsərrüfatının bir sıra sahələri bu rayon üçün ənənəvi sayılır. Yəqin elə buna görədir ki, orada nə vaxtsa peşə liseyi yaratmaq ideyası irəli sürülüb və yaradılıb da. Ancaq bu gün o lisey necə fəaliyyət göstərir? Ümumiyyətlə onun fəaliyyətindən danışmağa dəyərmi? Halbuki bu təhsil müəssisəsi kənd təsərrüfatı üçün kadrlar hazırlamalıdır. Ancaq liseyin yalnız adı var. Bərbad vəziyyətdədir. Sözüm ondadır ki, biz əgər kənd təsərrüfatının inkişafından danışırıqsa, məsələyə kompleks baxmalıyıq. Deməli təhsil məsələsinə fundamental yanaşılmalıdır. Xaricdən müasir kombaynlar, traktorlar və digər texnikalar alırıq. Bizə müasir texnikadan anlayışı olan traktorçu, kombaynçı, mexaniklər lazımdır. Mən Azərbaycan hökumətini bu məsələyə də diqqət yetirməyə çağırıram. Hökumətə daxil olan müvafiq qurumlar həssas olmalıdırlar".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR