Deputatlar nöqsanlardan danışdılar

"İcra orqanlarında bürokratik əngəllər hələ də var"

Milli Məclisin martın 17-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyətinə dair hesabatı dinlənilib. Hesabatı təqdim edən Baş nazir Artur Razisadə bəyan edib ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və cənab prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünya ölkələri içərisində özünə layiqli yer tutub. Artur Rasizadə hesabatı təqdim edərkən Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyinin fəaliyyətini də tənqid edib: "2016-cı ildə ölkənin maliyyə-bank sektorunda mövcud olan çətinliklər, onu mürəkkəb il kimi xarakterizə etməyə əsas verir. Dünyada gedən mənfi iqtisadi proseslərdən dolayı tədiyyə balansında kəsir yaranmışdı. Bir sıra bankların qeyri-qənaətbəxş işləməsi, ölkənin əhəmiyyətli maliyyə qurumu Beynəlxalq Bankın keçmiş rəhbərliyinin cinayətkar fəaliyyəti vəziyyəti daha da ağırlaşdırmışdı. Vəziyyəti nəzərə alan dövlət başçısı maliyyə sektorunda dövlət idarəçiliyini gücləndirmək, makroiqtisadi dayanıqlılığın saxlanılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaratdı. Mövcud problemlər araşdırılaraq, tədbirlər planı hazırlanıb və aidiyyatı dövlət orqanları tərəfindən icrasına başlandı". Baş nazir bildirib ki, bu gün ölkənin Silahlı Qüvvələrinin xaricdə və daxildə istehsal olunan müasir silahlarla təchiz edilməsi taktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələrin də yerinə yetirilməsini təmin edir. Bütün bunlar Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi yüksək səviyyəli diqqət və qayğısını göstərir". 2016-cı ilin aprelində baş verən döyüşlərin ölkənin hərb tarixinə zəfər səhifəsi kimi yazıldığını deyən baş nazir söyləyib ki, təcavüzkar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab ordunun yüksək döyüş ruhunu göstərdi: "Hərbi əməliyyatlar torpaqların azad edilməsinin uzunmüddətli danışıqlar yolundan başqa, hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi". Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli bəzi nöqsanların olduğunu qeyd edib: "Təəssüflə qeyd edilməlidir ki, icra orqanlarında bürokratik əngəllər hələ də var. İcra orqanları tərəfindən süründürməçilik halları davam edir Bunlar kiçik sahibkarlığın inkişafına mane olur. Buna görə də kiçik sahibkarlıq inkişaf etmir. Buna ciddi yanaşmaq lazımdır". Millət vəkilinin sözlərinə görə, Novruz bayramında İrandan Azərbaycana 500 turistin gələcəyi gözlənilir: "Azərbaycan gömrükçülərinin səyinə baxmayaraq, İran tərəfi sərhəddə birnövbəli 8 saatlıq iş növbəsi yaradıb. Bu ölkəyə gələn turist çox pis vəziyyətlə qarşılaşacaq". Deputat Əflatun Amaşov tibb təhsili alan tələbələrin bölgələrə yönəldilməsi təklifi ilə çıxış edib: "Hazırda regionlarda həkim çatışmamazlığı kimi problemlər var. Vəziyyət elə gətirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayondakı idarələrində belə, burun-boğaz həkimləri kənardan gətirilir. Buna görə də tibb təhsili verən ali məktəblərdə təhsil alan tələbələri bölgələrə yönəltmək lazımdır. Onlara yüksək əməkhaqqı verilməlidir". Deputat Fəzail Ağamalı bazarlardakı bahalaşma ilə bağlı məsələni parlamentin iclasında iştirak edən hökumət üzvlərinin diqqətinə çatdırıb. Bildirib ki, bazarlar od tutub yanır: "Ətin, tərəvəz məhsullarının, digər ərzaq mallarının qiyməti durmadan qalxır. Unutmayaq ki, sahibkarlıq "qızıl təbəqə" adlandırılır. Bəzi möhtəkirlər vəziyyətdən sui-istifadə edirlər. Bunlar barədə sərt tədbirlər görülməlidir. Ölkədə maliyyə çətinlikləri var". Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, ölkədə struktur islahatları mərkəzləşmiş qaydada aparılmalıdır:"Azərbaycanda bu gün 18-19 nazirlik var. Ancaq bəzi nazirliklərinin regional idarələri mövcuddur. Ölkənin nazirliyi hökumətin strukturudur. Əgər lazımdırsa, nazirliklərin hamısının regional idarələri yaradılsın. Kimsə axşam yatıb səhər durub deyir ki, mən öz struktrumun regional idarələrini yaratdım. Bəzi hallalda görürsən ki, həmin strukturlar ləğv olunur, əvvəlki sistemə qayıdır və yaxud kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir. Bu, nəyə əsasən seçilir? İnsanlar başa düşməlidir ki, bu, nə üçün həyata keçirilir. Vətəndaş hər hansı problemi olanda yerli icra hakimiyyətlərinə müraciət edir. Hökumətin yerlərdəki səlahiyyətli nümayəndələri onlardır. İcra hakimiyyətlərindən səlahiyyətlərin alınması doğru deyil. Belə olan halda isə, icra hakimiyyətləri küçə süpürməklə məşğul olur". Deputat əlavə edib ki, vətəndaşların əziyyət çəkməməsi üçün süni qiymət artımının qarşısı alınmalıdır: "Banklar dollar depozitini 3 faizlə götürür, vətəndaşa 24 faizlə verirlər. Vətəndaşın bu kreditləri qaytarması çətindir. Onlar hansısa əsasla bunu edirlər. Vətəndaşı soymaq olmaz, belə olanda vətəndaş hüquq-mühafizə orqanları ilə qarşı-qarşıya qalır. Prezident İlham Əliyevin dediyi kimi, hər şey vətəndaş üçün olmalıdır. Vətəndaşı niyə qorumamalıyıq". Komitə sədri vurğulayıb ki, özəl sektorda çalışan insanlar ixtisara salınır, maaşları azaldılır: "Bunun qarşısı alınmalıdır. Biz əvvəlcə həmin şirkətlərin vergi sisteminə baxmalıyıq, ona şərait yaratmalıyıq. Sonra da soruşmalıyıq ki, vətəndaş niyə ixtisara düşür, əvvəllər aldığı maaşı niyə ala bilmir?. Bu məsələyə ciddi diqqət yetirmək lazımdır və məsələlər tələb formasında qoyulmalıdır". Deputat Elmira Axundova bildirib ki, son məlumatlara əsasən, daha bir neçə bankın birləşdirilməsi və bağlanması gözlənilir: "Ötən il bank sistemində xoşagəlməz proseslər getdi, artıq banklara inam azalıb. Banklar bağlandı və həmin banklardakı işçilər işsiz qaldı, kreditləri olan əhali əziyyət çəkdi. İnsanlar banklarla üz-üzə qaldı. Əhali banklardan vəsaitlərini kütləvi şəkildə geri götürdü". E.Axundova bildirib ki, dərman qiymətləri aşağı düşəndən sonra bəzi dərmanların orijinalı satışdan yoxa çıxıb: "Hindistan, Türkiyə, Çindən onların əvəzedicisi olan ucuz dərmanlar gətirilir. Bu məsələ ciddi araşdırılmalıdır". Axundova digər aktualı məsələ kimi son günlər artan dəm qazı ölümləri ilə bağlı msələni hökumət qarşısında qaldırdı: "Təklif edirəm ki, "Azəriqaz"ın qaz xəttləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm qazını hiss edən avtomatik qurğu yerləşdirsin. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq. Mövcud abonentlərin evində isə bu qurğular məcburi quraşdırılsın".E.Axundovanın dəm qazı ilə bağlı təklifinə isə vitse-spiker Valeh Ələsgərov reaksiya verib . O qeyd edib ki, dədə-babadan evlərdə odun da yandıranda mütləq baca olmalı idi: "Ona görə ki, əlavə zəhərlənmiş maddə evdən çıxısın. Zəhərlənma halları ona görə baş verir ki, yaşayış evlərində belə bir yer yoxdur. Əgər kimsə də cihaz qoymaq istəyirsə özü alsın qoysun, "Azəriqaz" bunu etməli deyil. Birinci növbədə, əhali evində baxsın ki, qaz yanan zaman əmələ gələn maddələər evdən çıxır ya yox?".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR