Mətbuat Şurası ilə Türkiyənin media qurumlarının təmsilçilərinin Əməkdaşlıq Memorandumu imzalanıb

Bu gün Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan bir qrup türkiyəli jurnalistlə görüş keçirilib. Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə arasında formalaşmış qardaşlıq və dostluq münasibətləri qədim tarixi köklərə malikdir. Hər iki ölkənin mediası bu münasibətlərin daha da dərinləşməsində müstəsna rol oynamaqla yanaşı, ümumilikdə türk dünyasının konsolidasiyası ilə bağlı proseslərə də mühüm töhfə verməkdədir.

İndiyədək Türkiyə və Azərbaycan jurnalistlərinin iştirakı ilə çoxsaylı toplantıların təşkil edildiyini diqqətə çatdıran Ə.Amaşov həmçinin vurğulayıb ki, qarşılıqlı media əməkdaşlığında mühüm həlqəni ortaq həqiqətlərimizin təbliği təşkil edir. "Biz eyni zamanda beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı məsələlərə də həssas yanaşmalıyıq. Çünki çox zaman bu istiqamətdə sui-istifadələrin şahidi oluruq. Türkiyə və Azərbaycana qarşı heç də birmənalı münasibət yoxdur. Hollandiyanın yol verdiyi qeyri-etik hərəkət, üstəlik ölkədə türklərə qarşı həyata keçirilmiş zorakılıq aktları bunu bir daha təsdiqlədi. Düşünürəm ki, media orqanlarımız bu reallıqdan çıxış etməlidirlər", - deyən Ə.Amaşov onu da əlavə edib ki, Azərbaycan Mətbuat Şurası ümumən İran, Rusiya və Gürcüstan daxil olmaqla ümumilikdə bölgə jurnalistlərinin görüşünü təşkil etməyi planlaşdırır. Bu görüşün reallışmasında Türkiyə mediası ilə qarşılıqlı təşəbbüskarlıq mühüm əhəmiyyət daşıyacaqdır.

Türkiyəli media təmsilçilərinin ölkəmizə səfərinin təşəbbüskarı olan Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, Türkiyə və Azərbaycan arasındakı çoxtərəfli əməkdaşlıq örnək səciyyə daşıyır və bu, media müstəvisində həyata keçirilən tədbirlərlə, yeni birgə fəaliyyət mexanizmləri ilə də zənginləşməlidir. Bu baxımdan o, türkiyəli jurnalistlərin Azərbaycana səfərinin məhsuldar olacağına inandığını deyib.

Antalya Gazeteciler Cemiyeti ve Akdeniz Gazeteciler Federasyonu Başkanı Mevlüt Yeni çıxışında bildirib ki, ümumən türk toplumuna qarşı beynəlxalq miqyasda ayrıseçkilik siyasəti hökm sürür. Media bu sayaq xoşagəlməz fəaliyyətə qarşı tutarlı alternativ ortaya qoymalıdır. Bu baxımdan Azərbaycan və Türkiyənin media qurumlarının reallaşdırmalı olduqları birgə təşəbbüslər kifayət qədərdir. Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığın da belə bir vacib vəzifənin icrasına köklənəcəyindən əminliyini ifadə edən türkiyəli qonaq ölkəmizə səfərdən məmnunluğunu bildirib.

Tərəflər Memorandumu imzalamaqla təmsil olunduqları media quruluşlarının fəaliyyət dairəsi və imkanları çərçivəsində dünyada, eləcə də regionda söz və ifadə azadlığı müstəvisində meydana çıxan tendensiyaları izləməyi, bu xüsusda nəzərə çarpan neqativ meyllərə qarşı birgə və ayrılıqda reaksiya verməyi, Azərbaycan və Türkiyənin ortaq dəyərlərinin, həqiqətlərinin təbliği istiqamətində iş aparmağı, türk dünyasındakı media qurumlarının bir-biri ilə daha sıx şəkildə əlaqələr qurmasına, hər iki ölkə jurnalistlərinin iştirak edəcəkləri birgə simpoziumların, konfransların, "dəyirmi masa"ların təşkilinə dəstək göstərməyi, qarşılıqlı informasiya mübadiləsi prosesini daha da gücləndirməyi üzərilərinə götürüblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR